AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

16:46 - 15 Avqust 2018 - Xəbər

Oktyabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir. 

Qurumdan "Report"a verilən məlumata görə, aviareyslər (J2-223/J2-224) baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Bunun üçün Airbus A319 / A320 tipli hava gəmilərindən istifadə olunacaq. Uçuşlar hər həftənin çərşənbə axşamı və bazar günləri, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq. 

AZAL-ın klassik reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşları yalnız AZAL-ın struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən yerinə yetirirdi. 

Xəbər xətti