Ana səhifə
26 Sentyabr 2018

Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir

On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər

Dənizkənarı bulvarda, digər parklarda, istirahət yerlərində gəzərkən, hər hansı bir məkanda əyləşərkən azyaşlı uşaqların insanlara yaxınlaşıb salfet, təsbeh, oyuncaq və s. əşyalar satması halları ilə rastlaşırıq. 7-12 yaşlarında olan həmin azyaşlılar qeyd etdiyimiz məhsulları dəyərindən qat-qat baha, hətta 5-6 dəfə artıq qiymətə satmağa çalışırlar. Özü də onlar elə hazırlanıblar ki, böyüklərlə böyük kimi danışır, malı hər vasitə ilə satmağa çalışırlar.

Düzdür, çox adamın uşağa yazığı gəldiyi üçün pulundan keçib alır. Amma burada diqqət çəkən məqam odur ki, o uşaqlar yaşıdları kimi məktəbə getməli, təhsil almalı olduqları halda, bu hüquqdan məhrum olublar. Günü bir neçə manata işləyirlər, yaxud da məcbur edilirlər. Məcbur edilməni ona görə deyirik ki, o uşaqların yaxınlığında onlara nəzarət edən 30-35 yaşlarda qadınlar və ya kənardan izləyən kişilər olur. Onlar bu işi dolanışıq üçün edirlərsə uşaqlar yox, həmin o adamlar işləməlidir. İmkansızıqdandırsa, onların üst-başına baxanda heç də imkansız təəssüratı yaranmır. O zaman belə təəssürat yaranır ki, bu işi təşkil edənlər, kənarda dayanıb nəzarət edənlər hansısa gizli qrupun üzvləridir. Onlar dilançi mafiyasının başqa bir formasını ortaya qoyurlar.

Bundan başqa, azyaşlı uşaqların maşınları yuması, kənd təsərrüfatı sahələrində işləməsi, təmir sexlərində çalışması adi hal alıb. Daha ağır işlərdə  işləyənlər də var. Bəs, bu kimi hallarla mübarizə aparılırmı? Bu hallarla mübarizəni kim aparmalıdır? Qanunvericilikdə bu hallar necə tənzimlənir?
Hüquqşünas Şahin Məmmədov  bildirir ki, "Əmək Məcəlləsinin 249-cu maddəsi işə qəbul zamanı yol verilən yaş həddini tənzimləyir. Maddədə bildirilir ki, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. İstisna var - 14 yaşı tamam olmuş liseylərin şagirdləri istehsal müəssisələrində təlim keçmək üçün yüngül işlərə cəlb oluna bilərlər. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 42 maddəsi isə əmək müqaviləsinin tərəflərinə aydınlıq gətirir. Maddənin 1-ci bəndinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddənin 3-cü bəndində qeyd edilir ki, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Göründüyü kimi, 15 yaşına çatmamış şəxslər müqavilənin tərəfi ola bilmədiyi halda, 15 yaşına çatmış şəxs müqavilənin tərəfi ola bilər.

Əmək Məcəlləsinin 46-cı maddəsində isə əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası tənzimlənir. Maddənin 4-cü bəndində qeyd olunub ki, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi isə etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. Bu maddədə deyilir ki, əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər  şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Hüquqşünasın sözlərinə görə, “İnzibati Xətalar Məcəlləsi” nin 192 maddəsinin 8-ci bəndinə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə cərimə nəzərdə tutulub. Məsələn, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Göründüyü kimi azyaşlıların işləməyə məcbur edilməsi qanunvericiliklə qadağan edili və cərimələr nəzərdə tutulur. 

Zərərli istehsalatda işləmək üçün işçinin minimum yaş həddi
 Hüquqşünas deyir ki, on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. 
Qeyd edək ki, sağlamlığa zərər vura biləcək işlərə yetkinlik yaşına çatmamış işçilərin qəbul edilməsi qanunla qadağan edilir. Məhz bu səbəbdən, 18 yaşına çatmamış şəxslərin ezamiyyətə buraxılması, istirahət və bayram günlərində işə çıxarılması, iş müddətindən artıq işlədilməsi, gecə işlərinə və yeraltı işlərə cəlb edilməsi qadağandır. Zərərli və ağır əmək şəraiti olan işlərin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib (həmin işlərə 18 yaşına çatmamış şəxslərin cəlb edilməsi qadağandır). Məsələn, 18 yaşına çatmamış işçilər tərəfindən normadan artıq ağırlıqda olan yüklərin qaldırılması və daşınması qadağandır. Bu Əmək Məcəlləsinin 251-ci maddəsində öz əksini tapıb. Onun sözlərinə görə,  Əmək Məcəlləsinin 251-ci maddəsi ilə yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər  tənzimlənir. Bildirilir ki, yaşı 18-dən az olan işçilərin bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər: kişilərin başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
Bu maddənin 3-cü bəndində isə qeyd edilib ki, 16 yaşadək qızlar yalnız onların razılığı ilə bu maddənin ikinci hissəsinin «a», «b» və «c» bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində ağırlığı olan əşyaların qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər. 4-cü bəndə əsasən yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır.

Hüquqşünas qeyd edib ki, yetkinlik yaşına çatmamış işçilərin onların mənəvi inkişafına xələl gətirən işlərə(gecə klubları, barlar, kazinolar, spirtli içkilərin, narkotik maddələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi ilə bağlı işlər) cəlb edilə bilməzməz. Çünki bu qanuvericiliklə qadağan edilib.18 yaşına çatmamış şəxslərin tam həcmdə təhsil almalarına mane ola biləcək işlərə də qəbul edilməsi qadağandır.

(davamı var)

Tarix
15 Avqust 2018 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin