Tovuzda stomotoloqun evindən oğurluq olub: 6 min dollar, 15 min manatlıq qızıl

11:57 - 15 Avqust 2018 - HADİSƏ

 Tovuz rayonunda stomotoloqun evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.

Belə ki, avqustun 14-dən 15-ə keçən gecə kənd sakini, stomotoloq İlham Ələkbərovun evinə naməlum şəxs və ya şəxslər girərək oğurluq ediblər. 

İ.Ələkbərov "Report"un yerli bürosuna bildirib ki, naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar: "Həmin vaxt mən ailə üzvlərimlə birgə parkda gəzintiyə çıxmışdıq. Evə qayıdandan sonra gördüm ki, otaqlar dağınıq vəziyyətdədir. Otaqlardan birinin divarında xüsusi olaraq gizlədilmiş və üzərində portret olan seyf var idi. Dərhal seyfin olduğu otağa baxdım və gördüm ki, seyfin içindəki pul və qızıl əşyalar oğurlanıb".

O, əlavə edib ki, seyfin içərisində 6000 ABŞ dolları, 700 manat pul və 15000 manat dəyərində qızıl-zinət əşyaları olub. 

Oğurluq edən şəxs və ya şəxslər evdə başqa əşyalara toxunmayıblar. 

İ.Ələkbərov baş verən hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. 

Faktla bağlı Tovuz RPŞ-da əməliyyat-axtrıç qrupu yaradılıb və araşdırmalara başlanılıb.

Xəbər xətti