Növbəti hərrac: 25 dövlət əmlakı özəlləşdirildi

17:22 - 14 Avqust 2018 - Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

Komitədən Ucnoqta.az-a verilən məlumata görə, bu hərracda 25 dövlət əmlakına 29 sifariş verilmişdir. Qeyd edək ki, dövlət əmlaklarından 4-nün sifarişi elektron formada qəbul edilmişdir. Özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisə və obyekti, 10-u qeyri-yaşayış sahəsi, 9-u nəqliyyat vasitəsi kateqoriyalarına aiddir.
Şəffaf və əlçatan formada keçən prosesdə vətəndaş aktivliyi və rəqabət müşahidə olundu. Bu dəfə hərracda 4 avtomobil  rəqabətli mühit yaratdı. Belə ki, buraxılış ili 2012-ci il olan VAZ-21214 markalı avtomobilə ilkin qiymət  3 min 500 manat təyin olunmuşdu. İştirakçılar arasında mübarizə satış qiymətini 5 min 200 manata yüksəltdi. VAZ-21074 markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 1400 manat təyin olunsa da, hərrac qalibi bu  avtomobil üçün 2 min 700 manat ödəyib.

İnvestor tərəfindən 30 min manat ödənilməklə özəlləşdirilən Tərtər kinoteatrının ümumi faydalı sahəsi 377 kv.m-dir. Bu dövlət əmlakına investisiya qoyaraq fəaliyyətinin bərpası sahibinə yüksək gəlir qazandıracaq. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri də İmişli rayonu, Meliorator qəsəbəsində yerləşən 49 saylı yeməkxanadır. Ümumi faydalı sahəsi 620 kv.m olan bu obyekt üçün vətəndaş 20 min manat ödəyib. 
Müxtəlif xidmət sahələrində gəlirli obyektə çevriləcək qeyri-yaşayış sahələri Bakı, Şirvan, Sumqayıt, Balakən və Mingəçevir şəhərlərində yerləşir. Paytaxtın Səbail rayonu, S.Vurğun küçəsindəki əmlakın ümumi faydalı sahəsi 70 kv.m-dir. Sifarişçi əlverişli ərazidə yerləşən, yüksək qazanclı xidmətə imkan yaradacaq bu obyekti 52 min 500 manat ödəməklə özəlləşdirdi. Bundan başqa prosesdə özəlləşdirilən digər qazanclı əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsidir. Obyektin satış qiyməti 9 min manat, ümumi faydalı sahəsi isə 69.5  kv.m təşkil edir.
Komitə tərəfindən növbəti hərrac avqustun 21-i keçiriləcək. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.  

 

 

 

 

Xəbər xətti