Ana səhifə
17 Noyabr 2018

Qurbanlıq heyvan seçərkən nəyə diqqət yetirmək lazımdır? - TÖVSİYƏLƏR

Asəf Ömərov: “Damazlıq keyfiyyəti olan heyvanları Qurban bayramında satışa çıxarmayın"

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Asəf Ömərovun müsahibəsini təqdim edirik:

- Asəf müəllim, ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında artım dinamikasının saxlanılması üçün hansı işlər görülür?
- Qeyd etdiyiniz sahədə artım dinamikasının saxlanılması və əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi məqsədi ilə yeni təsərrüfatların yaradılması, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və digər istiqamətlərdə lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərib. Minilliklər boyu xalqımız qoyunçuluqla məşğul olub və ondan bol məhsul götürüblər. Hazırda ölkəmizdə 2,672, 990 baş iribuynuzlu, 8,454,308 baş xırdabuynuzlu heyvan var. Biz xaricdən əsasən “Aqrozlizinq” vasitəsilə iri və xırdabuynuzlu heyvanları idxal edirik. Əsas məqsədimiz intensiv üsullarla heyvandarlıqda inkişafa nail olmaq, ət və süd məhsuldarlığını artırmaq, yerli cinslərimizi qorumaqla, bütövlükdə heyvanların cins tərkibini yaxşılaşdırmaqdır.

- Yerli cinslərin qorunub saxlanmasının zəruri olduğunu qeyd edirsiniz.
- Qoyunçuluqda yerli cinslərimiz olan “Qarabağ”, “Qaradolaq”, “Şirvan”, “Qala” və “Balbas” qoyunları xalq seleksiyası vasitəsi ilə yaradılmış qoyunlardır. Fermer təsərrüfatlarımızda bu qoyunlar qorunub saxlanılır və bəslənilir. Xalq seleksiyasının yaratdığı bu qoyunların say artımı və qorunub saxlanması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daim dəstək verilir. Bu qoyunlar ölkəmizdə heyvandarlığın genefondu sayılır. İribuynuzlu heyvanlardan “Qonur Qafqaz”, “Qırmızı Qazax”, “Azərbaycan zebusu” və “Azərbaycan camışı” da ənənəvi olaraq həm Nazirliyin tabeliyində olan təsərrüfatlarda,  həm də özəl təsərrüfatlarda yetişdirilir. Zebu və camış xəstəliklərə davamlı, yemə, suya və insan qayğısına az tələbkar heyvanlardır. Bu heyvanların süd məhsuldarlığı az olsa da, südün yağlılığı qaramaldan üstündür. Biz bu sahənin də inkişafına xüsusi diqqət yetiririk. Ölkəmizdəki təsərrüfatlar əhalinin ət məhsullarına olan tələbatını nəzərə almaqla ən çox qoyunçuluğa önəm verirlər.

- Heyvandarlıqda hər zaman gündəmdə olan məsələlərdən biri iribuynuzlu və xırdabuynuzlu heyvanların xəstəliklərdən qorunmasıdır.
- Hazırda Azərbaycanda epizootik durum stabildir. Doğrudur bizim region üçün bir sıra xəstəliklər xarakterikdir. Məsələn, dabaq, qara yara, brüsselyoz və quduzluq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu xəstəliklərə qarşı mütəmadi profilaktik tədbirlər aparır. Fermerlərimizə bildirmək istəyirəm ki, nazirlik tərəfindən görülən tədbirlər dövlət vəsaiti hesabına aparılır və bunun üçün fermerlərdən vəsait tələb olunmur. Ölkədə qeyd etdiyim xəstəliklərə qarşı aparılan baytarlıq tədbirləri pulsuzdur.

- Qarşıdan Qurban bayramı gəlir. Bu bayramda təbii olaraq heyvandarlıq məhsullarına tələbat artır. Vətəndaşlarımıza qurbanlıq heyvan seçimində hansı tövsiyələr verərdiniz?
- Biz nazirlik olaraq vətəndaşlara qurbanlıq heyvan seçərkən bir neçə amilə diqqət yetirməyi tövsiyə edirik. Əvvəla, qoyunun sağlam olmasına dəlalət edən bir çox göstəricilər var. Biz qurbanlıq qoyunun dərisinə, ayaqlarına, dırnaqlarına baxırıq ki, heç bir nöqsan olmasın. Əgər qoyun və ya qaramalın ağzından və ya gözlərindən selik axırsa, sallaq, büzüşmüş halda dayanıbsa, belə qoyunların alınmasını məqsədəuyğun hesab etmirik. Bundan əlavə heyvanın qulağında birka, yəni qulağında baytarlıq tədbirlərinin aparıldığını göstərən üçbucaq şəkilli düzgün kəsilmiş nişan olmalıdır. Əgər heyvanın buynuzunda fiziki zədə varsa, bu onun xəstə olmasına heç bir dəlalət etmir.
Qurbanlıq heyvan satıcılarından xahiş edirəm ki, ümumiyyətlə damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar.

Tarix
13 Avqust 2018 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin