“Məqsədim 15 dildə danışmaqdır”

19:09 - 10 Avqust 2018 - Müsahibə

Nail Qurbanov: “Təyyarədən düşə-düşə Müslüm Moqamayevin “Azərbaycan” mahnısını ifa etdim”

“Üç nöqtə” qəzetinin bu dəfəki qonağı güclü səs imkanlarına malik olan, ölkəmizi beynəlxalq arenalarda təmsil edən 13 yaşlı skripka ifaçısı Nail Qurbanovdur. O, yaşının az olmasına baxmayaraq ölkəmizi dünyada tanıdır. Deyir ki, məqsədi çoxlu dil öyrənmək və kvant fizikasına dərindən yiyələnməkdir. Vətəndən uzaqda yaşasa da, ürəyində hər zaman vətən eşqi olduğunu deyir. Müsahibimiz bildirir ki, istirahət etmək üçün ən ideal ölkə isə elə öz doğma torpağıdır. O, daşı, torpağı cənnət qoxan Bakıya bağlı olduğunu deyir. 
Müsahibimiz özü haqda oxuculara məlumat verir...

- Mənim 12 yaşım var, 2005-ci il dekabr ayının 14-də Bakı şəhərində dünyaya göz açmışam. Hazırda Amerikada oxuyuram, amma 6 il əvvəl Azərbaycanda A.S.Loginov adına 8 nömrəli tam orta məktəbdə təhsil almışam. 2012-ci ildən Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində təhsil almışam. Bundan başqa, pianino dərslərində iştirak edib, bu sahəni də mənimsəmişəm. Əsas ixtisasım skripka ifaçısı olsa da, onunla bərabər, pianino və vokal dərsləri də almışam. Məktəbimi və dərslərimi çox sevirdim. Ən çox sevdiyim fənn isə riyaziyyatdır. 2017-ci ildən etibarən təhsilimi Amerikada davam etdirirəm.

- Gözəl səsə sahib olduğunu nə zaman hiss etdin?
- Gözümü açandan klassik musiqinin içində böyümüşəm. 5 yaşımdan etibarən oxumağa başlamışam. Yeddi yaşımda musiqi məktəbinə getmişəm. Beş il skripka ilə məşğul olmuşam və olmaqda da davam edirəm. 

- Musiqiyə həvəsin nə zaman yarandı?
- Bildiyiniz kimi, Üzeyir Hacıbəyli nəslinin davamçılarıyıq. Üzeyir Hacıbəyov nənəmin dayısıdır.  Nənəm mənə ondan çox bəhs edirdi. Bizim evdə hər zaman Üzeyir bəyin bəstələri səslənib. Nənəm onunla bağlı xatirələrini danışırdı.Burada genetika öz sözünü deyir. Anamın sözlərinə görə, anadangəlmə istedadlı olmuşam. 8-9 aylıq olarkən belə musiqini duymuşam. Gözümü açanda ailəmdə bunu görmüşəm, bacım  skripkada ifa edirdi. Beləcə, hələ 1 yaşım olarkən skripka ilə oynayır, özümü səhnədə ifa edirmiş kimi hiss edirmişəm. Anam da məndə olan həvəsi, istəyi gördü və məni bu sahəyə istiqamətləndirdi. 

- Musiqidən başqa hansı sahələrə maraq göstərirsən?
- Kvant fizikasına, astranomiyaya çox həvəsim var. Şahmat üzrə müsabiqədə ikinci yeri tutmuşam. Dil öyrənməyə də marağım var. Rus, ingilis və türk dillərini bilirəm. Hazırda isə ispan dilini öyrənirəm, bundan sonra isə fransız dilini öyrənməyi qarşıma məqsəd qoymuşam. Həmçinin idmanla da məşğul oluram. Bakıda olarkən gimnastikaya gedirdim. Amerikada təhsil elədir ki, uşaqları bütün fənnlərə yönləndirirlər, misal üçün, bir ay futbola, bir ay gimnastikaya, digər ay basketbola və s. İdman Amerikada çox vacib dəsrslərdən biridir. Əgər idmandan kəsilsək, digər sinfə keçə bilmirik. Orada həm də teatrla məşğul oluram. Bu il orada “Oliver Tvist” tamaşasında Oliverin dayısı rolunu oynamışam. Teatra marağım çox böyükdür. Gələcəkdə bu sahədə fəaliyyətimi davam etmək istəyərəm. 

- Bizim məktəblərlə Amerika məktəblərinin hansı fərqləri var?
- Oranın məktəbləri bir az maraqlıdır.  Əgər kimya dərsi keçiriksə, nəzəriyyə ilə deyil, təcrübə ilə məşğul oluruq. Müəllim sinfə bəzi kimya kartları gətirir ki, bizə çox ziyan dəyməsin. Beləcə dərslər çox maraqlı keçir. Orda dərslər yorucu olmur, sistemimiz çox maraqlıdır. Səhər saat 8-də dərsimiz başlayır və günorta 3-ə kimi davam edir. İlk bir saatı uşaqları oyatmaqla məşğul olurlar. Bir saat ərzində yemək yeyirik, əylənirik, söhbət edirik, oynayırıq. Bundan sonra musiqi dərsi başlayır, daha sonra digər fənlərə keçirik. Riyaziyyat, coğrafiya, ingilis dili, tarix fənləri hər gün dərs sistemində var. 

- Şərq ölkəsindən getdiyin üçün orada heç problemlərlə rastlaşırsanm? 
- Bəli, bəzən olur. Ölkəmizi orada çox adam tanımır. Xəritədə ölkəmizin yerini, bayrağımızı göstərirəm, himnimizi oxuyuram. Beləcə ölkəmizi tanıtmağa çalışıram. 

- Musiqi sənin üçün nə deməkdir?
- Musiqi bir ruhdur. Musiqi mənim üçün həyatdır, nəfəsdir və özünü izah etməyin ən gözəl yoludur. Musiqi hər şeydir, bu mənim şəxsi münasibətimdir. Bir qədər bədii formada ifadə etsək, musiqi Yaradanın bizə müraciətidir, Tanrının bizimlə ünsiyyət dilidir. Bundan başqa, mənim üçün musiqi ölkəmi tanıtmaq üçün bir vasitədir. 

- Həyata keçirmək istədiyin hansı arzuların var?
- Məqsədim 15 dildə danışmaqdır. İndi dörd dildə danışmağı bacarıram. Ancaq bu mənə kifayət etmir. Dil öyrənmək və əcnəbi dildə danışmaq mənim hobbimdir. Asudə zamanlarımda dil imkanlarımı genişləndirmək üçün internet vasitəsi ilə dərslər alıram. Ən böyük arzum isə Milanda təhsil almaq, kvant fizikasını dərindən öyrənməkdir. İnanıram ki, gec-tez mən bu arzumu həyata keçirəcəyəm. Düzdür, hazırda mahnılar ifa edirəm, amma həyat elədir ki, səs həmişə olmur, birdən bata bilər. Amma skripkada daim ifa edə bilərəm. 

- Bir neçə gün əvvəl vətənə gələndə nə hiss etdin?
- Azərbaycan torpağına ayağımı basdıqda Müslüm Moqamayevin “Azərbaycan” mahnısını ifa etdim. Bakının səhərini gördüm, günəş yenicə doğurdu, həmin an içimdən bu mahnını oxumaq gəldi və ürəklə təyyarədən düşə-düşə oxudum. Hər kəs mənə tamaşa edirdi. Mən öz vətənimi çox sevirəm, ürəyim vətən eşqi ilə döyünür. Amerikada yaşasaq da, daim Bakıya gələcəyim günü səbirsizliklə gözləyirəm. 

- Azərbaycanda uzun müddət yaşamısan. Bu müddət ərzində haralarda çıxışlar etmisən?
- Heydər Əliyev Sarayında ulu öndərimiz Heydər Əliyevə və Rəşid Behbudova həsr olunmuş simfonik və kamera orkestri ilə konsertlərdə çıxışlar etmişəm. Dövlət Filarmoniyasında Rauf Abdullayevin dirijorluğu altında kamera orkestri ilə konsertlərim olub. 2017-ci il fevralın 12-də "Americans got talant” beynəlxalq musiqi festivalında çıxış etmişəm. 2017-ci ilin 28 iyulunda "Beverly Hills” beynəlxalq musiqi festivalında iştirak etmişəm və orada sertifikata layiq görülmüşəm. Təbii ki, bu festivalda mən tək olmamışam. Bacım Elvina Qurbanova da sonuncu festivallarda iştirak edib. Biz ölkə xaricində iştirak etdiyimiz festivallarda Azərbaycanımızı təmsil etmişik. Xaricilərə Azərbaycan musiqilərinin nə qədər zəngin və çoxşaxəli, qədim köklərə malik olduğu barədə məlumatlar vermişik.

Könül Oruc

 

 


Xəbər xətti