Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir

10:36 - 11 Avqust 2018 - KİVDF

Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir

Azərbaycanda uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha məqsədəuyğundur. Bu barədə Hesabalama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili, əhalinin sosial müdafiə sistemində onun rolunun və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı apardığı analitik təhlildə bildirilir. “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürən şəxslərə dövlət tərəfindən zəruri sosial yardım göstərilməlidir. Bu baxımdan həmin uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha düzgün olardı. Eyni zamanda, belə uşaqların qəyyumluğa götürülməsinin həvəsləndirilməsi uşaq müəssisələrinin maliyyə yükünün də azalmasına səbəb olacaq. Həmin müavinətin maliyyələşdirilməsi üçün tələb olunan əlavə vəsaiti uşaq müəssisələrinin saxlanılmasından qənaət ediləcək vəsaitlə kompensasiya etmək olar”, - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Statistik hesabatlara əsasən, 2015-ci və 2016-cı illərdə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarının ümumi sayının 472 nəfərdən 437 nəfərədək, aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarının sayının 5 487 nəfərdən 2 628 nəfərədək azalması həmin kateqoriyadan olan şəxslərə təyin olunan sosial müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitdə öz əksini tam şəkildə tapmayıb. 
"Həmin faktın Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən maliyyə sənədlərinə əsasən araşdırılmasına ehtiyac duyulur", - deyə məlumatda qeyd olunub.

Uşaqlar üzərində qəyyumluq və himayə

Qəyyumluğa və himayəyə uşaq götürmə təcrübəsindən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda istifadə olunur. Amma bir çox hallarda yerli vətəndaşlar bu prosesin çətin olduğunu deyirlər. Bəzi insanlar isə qəyyumluğa və himayəçiliyə uşaq götürməklə övladlığa uşaq götürməni qarışdırırlar. Bəs əslində bu proseslər necə aparılır və bununla bağlı hansı mərhələlərdən keçmək lazımdır?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirdi ki, bir çox hallarda qəyyumluq və himayəçiliklə övladlığa götürmə anlayışları səhv salınır. Bunlar tam fərqli anlayışlardır və qanunla fərqli prosedurlar əsasında həyata keçirilirlər. Qəyyumluq və himayəçiliklə bağlı məsələlər müvafiq qanunvericiliklə, xüsusilə də, Mülki və Ailə məcəllələri ilə tənzimlənir. Ailə Məcəlləsinin 114 maddəsində  bildirilir ki, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. 

Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir
Bu məcəllənin 136-cı maddəsində isə bildirilir ki, qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

Xəyal Bəşirov bunları ümumiləşdirərək qeyd edir ki,  qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi və eyni zamanda yetkinlik yaşına çatmayanlar üzərində onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir”.
Hüquqşünasın sözlərinə görə, təyin olunmuş qəyyumlar qəyyumluqda olanların  (14 yaşadək) qanun üzrə nümayəndələri olur, onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. “Himayəçilər isə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin oluna bilər. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verməklə yanaşı həm də, himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə köməklik göstərir, onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar”.

X.Bəşirov deyir ki, qanunvericiliyə əsasən qəyyumluqda və himayədə olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan bu məsələnin üç ay ərzində həll olunmasını, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrinin icra edilməsini və eyni zamanda qəyyumların və himayəçilərin bütün fəaliyyətinə nəzarət edilməsini həyata keçirir: “Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən onların özlərinin razılığı ilə təyin edilir. Lakin, bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkün olduğu qədər, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Bunlar Ailə Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir . 

Bu maddədə qeyd olunur ki, yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin 120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər.

 (davamı var) 

Xəbər xətti