“Mən də o şəhərdə yaşasaydım, bəstəkar olardım”

19:39 - 8 Avqust 2018 - Müsahibə

Elxan Şahhüseynov: “Hara gedirəmsə, avtomatik həmin millətin ruhunu mənə çatdıra biləcək yeri axtarıram”

Səyahət etməyi sevir, bu sevgini onda yaradan anasıdır. Bu gün də səyahətləri elə bir yerdə olur. Gəzib-görürlər, yeni ölkələr, mədəniyyətlərlə tanış olurlar. Bəs gənc oğlan üçün ana ilə səyahət etməyin üstün və üstün olmayan nə kimi tərəfləri var? Elə bu və ümumilikdə səyahətləri ilə bağlı gənc səyyah Elxan Şahhüseynovla söhbətləşdik.

- İlk olaraq elə gəzdiyiniz ölkələrdən başlayaq. Neçə ölkədə olmusunuz?
- 13, Vatikanı da saysaq, 14 ölkədə olmuşam.

- 23 yaşa görə az deyil. Maraqlıdır, siz səyahətlərə nə vaxtdan başlamısız?
- Səyahətlərim uşaq yaşlarından başlayıb. Yay aylarında adətən, ailəvi olaraq Azərbaycanın müxtəlif rayonlarına gedirdik. Minimum 2 həftə buna vaxt ayırırdıq. Ölkədən kənar isə istirahətə ilk dəfə 15 yaşımda İstanbula getmişəm. Onda hələ heç xarici pasportum da yox idi, yaşıma görə mənə düşmürdü. Ona görə anamın pasportuna şəklimi və üstündən də möhür vurulurdu.

- Bəs mütəmadi səfər qərarı nə vaxt verdiniz? Yoxsa elə sadəcə şans yarandıqca gəzmisiniz?
- Səyahətlərimin çoxu anamla olub. Uşaqlıdan elə bir yerdə getmişik. O da səyahət etməyə maraqlı adamdır deyə, bir yerdə gəzirik. Hər yay səyahət etməyə çalışırıq, çünki onun məzuniyyəti olur. Mənim də həmçinin, bu ilə qədər yayda tətilim olurdu. Keçən ildən işlədiyimə görə, indi artıq yay aylarında sərbəstliyim daha azdır. Ona görə bayramlara salırıq.

- Səfər edəcəyiniz ölkəni kim seçir: ananız, ya siz?
- Təbii ki seçim bir yerdə olur. Amma marşrutu elə qurmağa çalışırıq ki, bir səyahətdə birdən artıq ölkəni görə bilək. Çünki onsuz da şengen vizası alırıq.

- Sayını dediniz, amma hansı ölkələrdə olduğunuzu vurğulamadınız. Əsas yadınızda qalanlar hansılardır?
- Olduğum ölkələri əsas və ya qeyri-əsas deyə qruplaşdıra bilmirəm. Çünki hər ölkənin, hətta hər şəhərin öz xüsusi ab-havası var. Amma belə deyim ki, Mərkəzi Avropanın əksər ölkələrində olmuşam. Məsələn, Fransa, İtaliya, Almaniya, İspaniya, Çexiya, Avstriya və s.

- Ölkələr haqqında ayrılıqda danışsaq, hər ölkə nəyi ilə yadınızda qalıb?
- Türkiyədə İstanbuldan başlamaq istəyirəm. Böyük və canlı şəhərdir. Orda adam özünü qarışqa kimi hiss edir. Çünki günün istənilən vaxtında orda həyat qaynayır. Sultan Ahmet, Taksim kimi yerlərdə günün istənilən saatında adam olur. Hamı gəzir, nəyəsə baxır, dondurma alır və s.
Çexiyanın paytaxtı Praqada “İçəri şəhər” çox qəşəngdir. Hər bina göz oxşayır.
Avstriyada çoxlu musiqiçilər, bəstəkarlar anadan olub. Orda olanda düşündüm ki, mən də o şəhərdə yaşasaydım, bəstəkar olardım.
İtaliyanı digərlərindən ayırardım. Çünki burda Venesiya var. Hansı ki nağıl kimidir. Suyun üzərində süni qurulan bir şəhərdir. Florensiya isə başqa nağıldır. Burda adam özünü ya nağılda, ya da oyunda hiss edir. Hətta Florensiyanın əks etdirildiyi oyun da var. Florensiyada hündür bir yerə çıxıb şəhərə baxanda görürsən ki, bütün damların quruluşu, rəngi eynidir. Adamın inanmağı gəlmir ki, o vaxt bu cür tikiblər və elə də qalıb.
Roma da tamam fərqlənir, tarix cəhətdən çox dəyərlidir. Vatikan isə muzeyə daxil olmaq üçün ən çox növbəyə durduğum şəhərdir. “Vatikan muzeyləri” adlanan bir kompleksdir. Muzeyə daxil olmaq üçün 4 saat yarım gözlədik. Çox uzun növbə idi, günü altında gözlədik. Və buna dəyərdi.
Kim Parisi necə təsəvvür edirsə, bax elə o cür şəhərdir. Parisdə olub o şəhərə vurulmamaq qeyri-mümkündür.
İspaniyada hələ ki Barselonada olmuşuq. Futbol olaraq Barselona klubuna azarkeşlik edirəm. Ora getməyimin bir səbəbi də kluba olan sevgim idi. Amma heç futbolla maraqlanmayan adam üçün də gözəl şəhərdir. İstanbul kimi canlılıq var. Adamın ruhu üçün dəyərli şəhərdir. Ora bir gedən bir də getmək istəyər.
Almaniyada qış vaxtı olmuşam. Berlin çox adamın xoşuna gəlmir, qardaşım da bəyənmir. Çünki adama boz görünür. Müharibədən sonra yarısı sovetlərə tabe olub, yarısı Avropa hissəsində qalıb. Ona görə şəhərin yarısı boz görünür. Çox adam orda ürəyinin açılmadığını deyir, amma mənim nədənsə xoşuma gəldi. Hətta bir dəfə getmək istəyərəm.

- Səfərlərə ana ilə getməyin üstün və üstün olmayan tərəfləri nələrdir?
- Ana ilə səfərə getməyin məncə, ancaq üstün cəhətləri var. Çünki səfərə gedəndə bir-birinizi başa düşəcəyiniz adamlarla gedirsiz. Adətən, gördüyünüz kimi ya sevgililər, ya ailə üzvləri, ya da çox yaxşı dostlar bir yerdə gedirlər. 
Ailə üzvləri və ən əsası ana ilə getməyin müsbət cəhəti odur ki, bir-birinizi maksimal dərəcədə tanıyırsınız, özünü aparmaqdan tutmuş ən balaca şeylərə olacaq reaksiyaya qədər hər şeyi bilirsiniz. Səfərdə maraq dairəmiz eynidir. Anam mənə incəsənət, muzey, ölkələrin, millətlərin mədəniyyətini sevdirib. Və indi hara gedirsəmsə, avtomatik həmin millətin ruhunu mənə çatdıra biləcək yeri axtarıram. Düzdür, mən də əvəzində anamı Barselonanın stadionuna aparmışam. Avropanın ən böyük stadionu sayılır və onun çox xoşuna gəlib.

- Deyir gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bəs yaşamaq üçün seçim etməli olsanız, getdiyiniz ölkələrdən hansını seçərsiniz və niyə?
- Vyana və Barselonanı seçərdim. Düzdür, orda həyat baha olsa da, özümü ora uyğunlaşdırmağa çalışaram. "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" cümləsində hamıya məsləhət görərdim ki "gəzmək" hissəsini tələsdirsinlər. Gəzintinin insana daha çox xeyiri var, nəinki digər maddi şeylərin. Kiçik gəzintilərdən başlamaq olar. Şəhər, rayon, ölkə içi və s. Feysbukda  “Gəzəyənlər” qrupu var, orda yaxşı məsləhətlər olur, hətta gəzintilər də təşkil olunur.

- Səfərləriniz adətən, neçə gün çəkir?
- Əvvəllər bir həftə olurdu, amma sonra bunu iki həftəyə qaldırdıq. Çünki belə daha çox yerləri görmək imkanın olur.

- Bəs ümumi gününüz necə keçir? Səhər neçədə evdən çıxırsız? Nə vaxta qədər gəzirsiz?
- Səhər 8-9-da dururuq ki, əgər qaldığımız yerdə səhər yeməyi daxildirsə, yeyib çıxaq. Vaxtımızı daha çox gəzməyə sərf edirik. Yemək ikinci plana keçir. Əlbəttə ki, söhbət olduğumuz ölkənin milli yeməklərindən getmirsə. Bəzən günortaya qədər gəzib qayıdırıq, bir az istirahət edib sonra yenə gedirik. Bəzən isə səhərdən axşama qədər gəzirik. 

- Səfərlər planlı olur, amma gözlənilməyən hadisələr də qaçılmazdır. Belə hadisələr baş veribmi?
- Əslində çox az hissəsini planlaşdırmaq olur. Amma maksimal olaraq çalışırıq ki, planlaşdıraq. Elə bir ciddi problem yaranmır. 
Parisdə maraqlı bir hadisə olub. Mən adətən muzeylərə gedirdim. Tələbə vaxtı kart olurdu, onunla muzeylərə endirimlər edirdilər. Axırıncı dəfə Parisdə olanda endirimin olub-olmadığını soruşdum. Bu zaman mənim tələbə olmağımla maraqlandılar və vəsiqəni göstərdim. Onlar elə bildi ki, mən Avropa İttifaqı ərazisində olan tələbəyəm. İttifaq ərazisində olan tələbələrə bütün muzeylər pulsuzdur. Mənim vəsiqəmi götürdü və elə bildi ki, mən Avropa İttifaqı ərazisində olan ölkədənəm və muzeyə girişi pulsuz etdi mənə. Mən də belə bir hədiyyəni qəbul etməyə bilməzdim. Ona görə də iki bilet əvəzinə bir bilet alıb keçdik (Gülür).

Bu il Yeni İldə Berlində idik. İcarəyə maşın götürüb başqa şəhərə getdik. Qayıdanda qərara gəldik ki, aeroportda təhvil verək. Çünki həmin şirkətin mərkəzdəki ofisi tez bağlanırdı, amma aeroport gec bağlanırdı. Təhvil verəndə isə benzin doldurub vermək lazımdır. Ora yaxın benzin doldurma məntəqəsi tapdıq, artıq onlar da bağlanmaq üzrə idi. Bizə görə 5 dəqiqə gec bağladılar. Sonra ordan çıxıb aeroporta getmək lazım idi. Navigatorla gedirdik, amma görürük ki, aeroportdan uzaqlaşırıq. Bir xeyli fırlandıqdan sonra qaranlıq evlərin arası ilə getdik. Sonra navigator deyir ki, siz ünvana çatdınız. Ətrafa baxırıq ki, hər yan qaranlıq, balaca körpünün altındayıq. Daha sonra bir təhər fırlanıb gedib aeroportu tapdıq. Amma ora gəlib qayıdana qədər benzinin xeyli hissəsini istifadə etmişdik. Amma yaxşı ki, benzinin miqdarını yoxlamadılar, çünki o qədər fırlandıqdan sonra çox az benzin qalacaqdı.

- Səfər etməyi sevən adamın həmişə gedəcəyi ölkələrlə bağlı bir siyahısı olur. Planda hansı ölkələr var?
- Əslində, çoxdandır Yunanıstana getmək istəyirəm. Orada tanış dostlarım var. Həm Afinanın özünə getmək istəyirəm. Orada bu yaxınlarda yanğın olub. Ümid edirəm ki, mən gedəndə vəziyyət yaxşı olar(gülür). Ən əsası Yunanıstan adalarının çimərlik yerləri mənə maraqlı gəlir. Sırf çimərliyə görə yox, sadəcə oranın gözəlliyini görmək istəyirəm. Fikrimdə Danimarka da var. Kopenhagen çox gözəl şəhərdir. Ümumiyyətlə, Skandinaviya ölkələrinə getmək istəyərəm. İsveçin bir neçə şəhərlərinə də baş çəkmək olar.

Könül Oruc

 


Xəbər xətti