Azərbaycanda uşaq hüquqlarının qorunmasına önəm verilir

18:28 - 8 Avqust 2018 - KİVDF

Uşaqlarin sağlam, vətənə layiqli vətəndaş kimi böyümələri üçün hər bir şərait yaradılıb

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar. Onların hüquqları qorunmalıdır. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Bu səbəbdən də daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Hazırda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlərə baxmayaraq uşaq hüquqlarının pozulması hallarına da rast gəlinir.

Hüququ pozulan uşaqlar psixoloyi stress keçirir

Müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Ən çox hüquqpozma ailələrdə olur. Çox zaman ailələr zorakılığı yalnız döymək kimi başa düşürlər. Lakin adi mübahisənin belə uşaqlara necə təsir etməsindən xəbərsiz olurlar. Uşağa diqqətsizlik, onlara lazım olan vəsaitlərin alınmaması da zorakılığın bir növüdür. Uşağın məktəbdən yayındırılması, ticarətlə məğğul olmağa təhrik edilməsi də onun hüququnun pozulmasıdır. Əgər valideyn, müəllim onun harada olmasından xəbərsiz olduğunu deyirsə, bu isə uşaqların nəzarətsiz qalmasından xəbər verir. Deməli, uşaq dərsə gəlməyibsə, onun harada olması ilə maraqlanılmırsa, valideyn-müəllim münasibətlərinin düzgün qurulmayıb. 

Ümumuyyətlə, uşaqlar evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalırlar. Xüsusilə uşaq hüquqlarının pozulması halları ailələrdə özünü daha qabarıq şəkildə göstərir. Məsələn, ailədə oğlan, qız seçimi aparılarsa, artıq hüquqlar pozulmuş olur. Bəzən valideynlər əsasən oğlan uşaqlarının anadan olmasını arzulayır, "mən qız uşağı istəmirəm" deyirlər. Qız uşağı dünyaya gətirdiyi üçün ananın və körpənin küçəyə atıldığı hallara da rast gəlinir. Məsələn, Bakıda Aysel Əhmədova əri tərəfindən küçəyə atılıb. Onun günahı dünyaya qız uşağı gətirməsi olub. Qadının dediyinə görə əri qız uşağını namusuna ləkə hesab edərək onu evdən çıxmağa məcbur edib. Sabirabad rayonunda isə oğlan uşağı dünyaya gətirən qadın onu küçəyə atıb. Dünyaya gətirdiyi körpəsindən imtina edib küçəyə atanlarla yanaşı, hətta körpəsini doğum evində qoyub qaçan valideynlər də var. Ağdamın Şıxbabalı kəndindən məcburi köçkün olan 37 yaşlı Kifayət Ağayeva rayon mərkəzi xəstəxanasında dünyaya gətirdiyi qız övladından imtina edib. Doğuşdan öncə bunu həkimlərə bildirən qadın körpəni xəstəxanada qoyaraq çıxıb gedib. Bu kimi hadisələr respublikanın müxtəlif rayonlarında da baş verir. Azərbaycanda rəsmi məlumatlara görə, ildə 50-yə yaxın yeni doğulan uşaq küçəyə atılır. Qeyri-rəsmi məlumatlara görə isə küçəyə atılmış körpələrin sayı qat-qat çox olur. Bəs səbəb nədir?  Göründüyü kimi küçəyə atılan uşaqlar yalnız qız uşaqları deyil, həm də oğlan uşaqlarıdır. Deməli, səbəb yalnız atanın qız uşağı istəməməsi ilə bağlı deyil. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bəzi hallarda uşaqdan imtinaya səbəb qanunsuz doğuş və bunu valideynlərindən gizlətmək məqsədi dayanır. "İqtisadi cəhətdən heç bir dəstəyi və eləcə də peşəsi və iş yeri olmayan qadın övladından ayrılmaq məcburiyyətində qalır, O, artıq uşağı saxlaya bilməyəcəyini anlayır və övladını uşaq evinə verməyə məcbur olur. Bəziləri isə cəmiyyətdə qız uşağı kimi tanındığından arzuolunmayan hamiləliklə üzləşir və çıxış yolu kimi uşaqdan imtinanı görür". 

Uşaq hüquqlari insan hüquqlarinin ən mühüm hissələrindən biridir 

“Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir”. Bunu deputat Bahar Muradov deyib. B.Muradova qeyd edib ki, Azərbaycan uşaqların hüquqlarının qorunması ilə bağlı beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Xüsusilə  Azərbaycan müstəqillik qazandıqdan sonr  BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Bahar Muradov bildirib ki, Uşaq Hüquqları Konvensiyası uşaqların hərtərəfli qorunması və müdafiəsini əhatə edən beynəlxalq sənəddir. “Burada uşaqların bir çox hüquqları müəyyən edilib. Onlar fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malikdirlər”. Onun sözlərinə görə, iştirakçı dövlətlər onların yuridiksiyası daxilində olan hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir, uşağın, onun valideyinlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, jinsindən, dilindən, siyasi əqidəsindən və ya digər əqidələrindən, milli, etnik, yaxud sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğulduğu şəraitdən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermirlər. Bundan başqa, iştirakçı dövlətlər uşağın, onun valideyinlərinin, qanuni qəyyumlarının və ya digər ailə üzvlərinin statusu, fəaliyyəti, ifadə olunan baxışları, yaxud əqidələri əsasında uşağın ayrı-seçkiliyin və cəzanın bütün formalarından müdafiə olunmasını təmin edirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu sənədin 2 əlavə fakültativ protokolları olub. Azərbaycan BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır.

Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və priortet istiqamət təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır. Uşaqların hüquqlarının qorunması istiqamətdə qəbul olunan qanunlar  da bu məqsədlərə xidmət edir.

(davamı var)

Xəbər xətti