Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz

18:20 - 7 Avqust 2018 - KİVDF

İcbari sığorta müqaviləsi elektron sənəd formasında informasiya sistemi vasitəsilə bağlanılır

Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanuna zidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir. Cari il iyulun 26-da Abşeron rayonu ərazisində fəaliyyət göstərən “Sen İnşaat” MMC-də fəhlə işləyən Ağaməli Qurbanovun müəssisənin həyətyanı sahəsində yük avtomobilinin yanacaq çənində qaynaq apararkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimatlandırılması vəzifələri qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulması nəticəsində fəhlə kimi işə qəbul olunmuş Ağaməli Qurbanova qanunsuz olaraq vəzifə təlimatlarında göstərilməyən metal kəsici və digər vəzifələrin icrası tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, iş üzrə direktor Emin Məsimov, texniki təhlükəsizlik üzrə mühəndis Paşa Rəhimov və sex rəisi Cavanşir Kərimov Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Cinayət Məcəlləssinin 162-ci maddəsindəə əmək mühafizəsi qaydalarını pozma  öz əksini tapıb. Birinci maddədə bildirilir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa-iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İkinci bənddə isə göstərilir ki, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda-üç  ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 225-ci maddəsilə isə yanğın təhlükəsizliyi qaydalarını pozma tənzimlənir. Maddənin birinci bəndində  qeyd olunur ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İkinci bənddə isə bildirilir ki, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi  həmin müəssisədə insan ölümü ilə nəticələnmiş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması yeganə hal olmayıb. Bu səbəbdən də müvafiq maddələrin 2-ci bəndləri tətbiq olunub.Belə ki, 6 iyun 2017-ci il tarixdə Ağsu rayon sakini Samir Hümmətov əmək müqaviləsi, eləcə də müvafiq əmrlə “Sen İnşaat” MMC-yə qablaşdırıcı-dəzgahçı peşəsinə təyin edilməsinə baxmayaraq, dəzgahçı peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair müvafiq təlimatlandırma keçmədən, iş səriştəsi yoxlanılmadan müəssisədə sex rəisi vəzifəsində işləmiş Sübhan Namazov tərəfindən həmin peşənin icrasına buraxılıb və nəticədə iş prosesi zamanı qadağan edilmiş zonaya keçib dəzgahın vallarından sürətlə çıxan qaynar polad məmulatın boğazına batması nəticəsində hadisə yerində ölüb.Həmin faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb, Sübhan Namazov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və Abşeron rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmü ilə barəsində müvafiq ittiham hökmü çıxarılıb.

Baş Prokurorluq bildirir ki, insanların həyat və sağlamlıqlarının qorunması, gələcəkdə baş verə biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və təkrarlanmaması məqsədi ilə “Sen İnşaat” MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, metaləritmə işlərinin aparılmasına dair müvafiq icazənin verilib-verilməməsi, eləcə də baş vermiş hadisənin səbəblərinin mütəxəsisslər tərəfindən araşdırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə, Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə və digər aidiyyəti dövlət qurumlarına müraciət olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün işəgötürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 11-ci maddəsində icbari sığorta müqaviləsi tənzimlənir. Bu maddədə bildirilir ki,  icbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər. Sığortalı yuxarıda göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. İcbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. İcbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır. O Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.

İcbari sığorta müqaviləsinə müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında, icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə,. sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş digər hallarda xitam verilir.
Qeyd edək ki, iari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir. Əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunması məqsədi ilə sığorta şirkətləri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəal əməkdaşlığı var. Bu əməkdaşlığa əsasən, tərəflər sığortalılar tərəfindən bədbəxt hadisə və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini və inkişafını təmin edirlər. Əsas məqsədi işçilərin sosial təminatını qaydaya salmaqdır. Bu sığorta sistemi olmadıqda bütün öhdəliklər işəgötürənlərin üzərinə düşür. 

Əmək Məcəlləsinə görə, hadisə baş verdikdə işəgötürənlər bütün xərcləri öz hesablarına həyata keçirməlidilər. Lakin maliyyə vəziyyəti ağır olan şirkətlər bunu edə bilmirdilər, işçilər sosial təminatdan kənarda qalırdı. Məhz bu sığorta sisteminin tətbiqi işçilərə sosial təminatın sığortalanmış formasını əldə etmək imkanı verir. İşəgötürənlərin isə üzərində öhdəlik qoyur ki, bütün işçilərini bu növ üzrə sığortalasınlar. Qanunvericilikdə Dövlət Əmək Müfəttişliyinin qanunları pozan iş yerlərini müvəqqəti bağlamağa qədər səlahiyyətləri var. Bu cür qanun pozuntularına görə böyük cərimələr də nəzərdə tutulur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 14-cü maddəsində sığorta haqqı və sığorta məbləği tənzimlənir. Bildirilir ki, sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. 

Xəbər xətti