“İnanırıq ki, Azərbaycan diasporu daha böyük uğurlara imza atacaq”

18:24 - 2 Avqust 2018 - Müsahibə

Akif Ağatalıbov: “Xaricdəki həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşıb”

Müsahibimiz Akif Ağatalıbov 2000-ci illərin əvvəllərində Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayıb. Hazırda Azərbaycanda olan Akif Ağatalıbov yenə də Özbəkistanda diasporun fəaliyyətinə maddi və mənəvi dəstəyini göstərir. Bu günlərdə Akif Ağatalıbovun 60 yaşı tamam olub. Yubiley günlərində ağsaqqal soydaşımızın müsahibəsini təqdim edirik.
Qeyd edək ki, Ağatalıbov Akif Ənvər oğlu 1958-ci ildə Bakı şəhərində andan olub. Ailədə 7 uşaq olublar. O, Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdən ictimai fəallığı olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb. 1980-cı ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunu təhsil alıb. Özbəkistanın Fərrux Zakirov, Yadigar Sardiyev, Nəsibə Abduallayeva, Şirəli Corayev və s. məşhur incəsənət nümayəndləri ilə yaxın dost olub. 

Akif Ağatalıbov 2001-ci Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın  10 il sədri olub. Akif Ağatalıbovun fəaliyyəti nəticəsində adı çəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.

- Diasporumzun inkişaf yolunu necə qiymətləndirirsiz? 
- Milli diasporun birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilib və bu birlik bu gün özünü qoruyub saxlayır. Əvvəllər biz bir araya gələ bilmirdik. Müəyyən səbəblər buna mane olurdu və ya bu istiqamətdə hansısa addımlar atılmırdı. Lakin ulu öndərin tapşırığı ilə xaricdəki  həmvətənlərimiz bir yerə toplandı və Dünya Azərbaycanlılarının I Qurultayı təşkil edildi. Birbaşa diasporla məşğul olan Dövlət Komitəsi yaradıldı. Bu gün Prezident İlham Əliyevin diasporla bağlı verdiyi tapşırıq və tövsiyələr sayəsində bu sahə daha da canlanır, inkişaf edir.

Azərbaycan diasporu ötən illər ərzində çox çətin və şərəfli bir yol keçib. Diasporumuz bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib, dünya ölkələrində formalaşıb və güc mərkəzi kimi özünü göstərməyə başlayıb. Bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. İnanırıq ki, yeni sədr Fuad Muradovun sayəsində Azərbaycan diasporu bundan sonra da daha böyük uğurlara imza atacaq, Azərbaycanı xaricdə layiqincə təmsil edəcək.

- Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblarmı?
- Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanıb. Dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Soydaşlarımızın vahid ideya və məqsəd ətrafında birləşməsi, mütəşəkkil və çevik diasporun, güclü lobbinin yaradılması istiqamətində qardaş Özbəkistanın Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyasında məqsədyönlü iş aparıb, həmvətənlərimizin doğma Vətənlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün əsas yaradıb.

- Diasporun Vətənlə əlaqələrinin inkişafı üçün nə edilməlidir?
- Milli həmrəylik öz fəlsəfi və tarixi mahiyyətinə görə bir qədər yeni anlayışdır. Milli həmrəylik konkret bir xalqın təmsilçilərinin ümumi ideya və məqsədlər uğrunda birgə mübarizəsini stimullaşdıran, onları vahid istiqamətə səfərbər edən amillərin təsiri ilə ortaya çıxan ictimai xarakterli  hadisədir. Məhz buna görə də diasporumuz milli həmrəyliyin təmin olunmasına maksimum səy göstərir. Milli ideologiya reallığı dərk etmək imkanlarını formalaşdırır, soydaşlarımız arasında mənəvi birlik yaradır, ümumi məqsəd ətrafında birləşməyə təkan verir.
Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanda dünyaya göz açmış bütün soydaşlarımızın Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ümummilli liderimiz Heydər Əliyevin simasında siyasi prinsiplərlə milli-mənəvi meyarlar vəhdət şəklində təzahür etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət səviyyəsində mühüm işlər görülüb. Milli öndərimiz Heydər Əliyevin 19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycan diasporunun nümayəndələri ilə görüşündə onun dediyi bu sözləri yada salmaq yerinə düşərdi: “Müstəqilliyimiz bizə çox şey veribdir. Amma müstəqilliyimizin bizə verdiyi ən böyük nemətlərdən, ən böyük müsbət nəticələrdən aydın olur ki, indi dünyanın hər yerində yaşayan azərbaycanlılara soydaşlarımız kimi qayğı göstərmək, həm onlarla əlaqə yaratmaq, həm də onların hüquqlarının qorunması haqqında düşünmək və onlarla tez-tez görüşmək imkanlarımız var”.

- Milli birliyin yaradılmasında azərbaycançılıq ideyasının nə kimi rolu var
- Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası məhz milli öndərimiz Heydər Əliyev tərəfindən formalaşdırılıb. 2001-cı ildə dünya azərbaycanlılarının Bakıda keçirilən II qurultayından sonra Özbəkistanda yaşayan soydaşlarımız arasında geniş əlaqələr yaradılmış, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolunun artırılması, həmvətənlərimizin təşkilatlanması prosesinin təkmilləşdirilməsi, milli-mənəvi dəyərlərimizin, həmvətənlərimizin hüquq və azadlıqlarının qorunması və monolit qüvvəyə çevrilməsi sahəsində mühüm işlər görülmüşdür.
2004-cü ildə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəni Mərkəzlər Assosiasiyasının binasının açılışı oldu. Həmin geniş mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak ediblər.

- Özbəkistanda soydaşlarımız arasında mədəni irsimiz təbliğ olunurmu?
- Hər bir xalqın mədəniyyəti onun tarixi keçmişini və milli şüurunun inkişaf səviyyəsini nümayiş etdirən çox mühüm amildir. Bu mənada, tam əminliklə demək olar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Yüksək mədəni dəyərlərə, humanist ideyalara əsaslanan, dərin fəlsəfi məzmuna və estetik əhəmiyyətə malik olan, insanlara məhəbbət, dostluq, ədalət, gözəllik hisslərini aşılayan irsimizin öyrənilməsi, mənimsənilməsi, təbliği və inkişafı, ilk növbədə xalqımızın bütün dünyada tanınması və müstəqil dövlətimizin tərəqqisi baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində məqsədyönlü iş aparılıb.

2010-cu ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan rəsmiləri iştirak ediblər. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir.


Könül Əhmədova 

 


Xəbər xətti