Sosial müdafiə müasir cəmiyyətlərdə inkişaf səviyyəsinin mühüm indikatorlarından hesab edilir

18:07 - 1 Avqust 2018 - KİVDF

Sosial müdafiə anlayışı insanların həyatı boyu qarşılaşacaqları ən müxtəlif risklərdən qorunması mexanzmi olmaqla fundamental insan haqlarından biridir

Sosial müdafiə müasir cəmiyyətlərdə inkişaf səviyyəsinin mühüm indikatorlarından hesab edilir. Beləki, müasir dövr üçün sosial müdafiə anlayışı insanların həyatı boyu qarşılaşacaqları ən müxtəlif risklərdən qorunması mexanzmi olmaqla fundamental insan haqlarından biridir.

 Hər bir dövlətdə pensiya sistemi sosial məqsədlər üçün xərcləri özündə ehtiva edir və istənilən dövlət əhalinin sosial müdafiəsi üçün effektiv imkanlar tapmağa çalışır. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası»nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub.

Azərbaycanda 1 yanvar 2006-cı ildən “Əmək pensiyası” haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna əsasən pensiyalar üç hissəyə bölünür: baza, sığorta və yığım hissəsinə. 2009-cı ildə isə bu qanuna ciddi dəyişiklik və əlavələr olundu. Əsas dəyişikliklər bunlardır: Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb. Çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları azaldılıb. 10-cu maddəyə əsasən yaşa görə əmək pensiyası hesablanması üçün yeni düstur təklif olunub.

Professor Fuat Rəsulovun sözlərinə görə, pensiya sistemində baş verən bu dəyişikliklərin həm müsbət, həm də mənfi cəhətləri vardı. Professor bildirib ki, həmin dövrdə dəyişikliyin müsbət tərəfi ondan ibarətdir ki, pensiyaların hesablanması formulu xeyli sadələşdirilib və yeni model daha çox sığorta istiqamətli modeldir. “Pensiyanın həcmi işçinin təkcə iş stajından deyil, onun real gəlirlərinin həcmi və işəgötürənin Sosial Müdafiə Fonduna ödədiyi sığorta ödəmələrindən asılıdır. Pensiya sistemi ümumilikdə neqativ demoqrafik dəyişikliklərdən sığortalanmış olub. Eyni zamanda dövlət də öz məqsədlərinə çatır - vətəndaşlar özlərinin sosial müdafiəsini təmin etmək üçün bu prosesdə yaxından iştirak etmiş olurlar. Yeni pensiya modeli pensiyaların hesablanması sistemində şəffaflıq məsələsini də həll edir. Pensiya yaşının artırılması əhalinin əmək fəaliyyəti ilə məşğul olması imkanını yüksəldəcək və müəyyən zamanda pensiyaya çıxanların sayı azalacaq”,- o deyib.
Professor qeyd edib ki,  dəuyişikliyin mənfi cəhətləri isə bundan ibarətdir ki, yaxın zamanda hər bir insana əməyinə görə qiymət verilməyəcək; fəaliyyətdə olan qanunvericilik işləmək qabiliyyəti olmayan ahıl adamlara vaxtından əvvəl sosial pensiyaya çıxmağa imkan vermir; xaricdə işləyənlər o halda pensiya ala biləcəklər ki, həmin ölkə ilə Azərbaycan arasında müvafiq müqavilə imzalanmış olsun; başqa ölkəyə gedən və Azərbaycan vətəndaşlığından imtina edən şəxslər pensiyadan məhrum edilirlər; eyni zamanda pensiyaların sığorta hissəsinin inflyasiyaya uyğun olaraq indeksləşdirilməsi büdcəyə əsaslandığından gərginliyə səbəb olur. Fəaliyyətdə olan qanunvericilik işəgötürənləri vergilərin və sosial vergilərin düzgün ödənilməsinə stimullaşdırmır.

Aydındır ki, pensiya sisteminin dövlət büdcəsindən asılılığın aradan qaldırılması vacib şərtlərdən biri idi. Bu asılılığı azaltmaq və daha dayanıqlı pensiya təminatı sisteminin yaradılması isə mühüm islahatlar tələb edirdi. Məhz bu kimi məqsdləri əsas gətirərək Azərbaycan Respublikasının Milli Məclisi 10 mart 2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikləri qəbul etdi. Qeyd edək ki, qanuna dəyişiklər Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”4 sənədinin tədbirlər planın icrası fonunda edilib. 
Konsepsiyada bildirilib ki, Azərbaycanda mövcud pensiya təminatı modelinin beynəlxalq təcrübədə əldə olunmuş qabaqcıl təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi zərurəti ilk növbədə ölkəmizdə bazar iqtisadiyyatına keçidin uğurla başa vurulması və yeni reallıqlar müstəvisində vətəndaşların pensiya təminatının daha yetkin mexanizmlər vasitəsilə həyata keçirilməsinə imkan verən sistemin yaradılması ilə bağlıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflər bütövlükdə sosial sahədə, o cümlədən vətəndaşların pensiya təminatı sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə söykənməklə yeni perspektivlərin çizilməsinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəyişikliklər strategiyasının həyata keçirilməsinə əlverişli zəmin yaradır. “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirir. Konsepsiyanın həyata keçirilməsinin əsas istiqamətlərində bildirilib ki, pensiya təminatı sistemində aparılan islahatlar həmin sistemin maliyyə dayanıqlılığına nail olunmasına, eyni zamanda, onun sosial sığortaya əsaslanmayan öhdəliklərdən qorunmasına istiqamətlənməlidir. Bu məqsədlə pensiya təminatı sisteminin öhdəliklərinin dəqiqləşdirilməsi, məcburi dövlət sosial sığorta haqlarının yalnız sosial sığorta nəticəsində yaranan xərclərə yönəldilməsi, sığorta prinsiplərinə əsaslanmayan xərclərin isə minimum səviyyəyə endirilməklə, maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması nəzərdə tutulur. Bunun üçün pensiya məbləğlərinin bir hissəsini təşkil edən sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr üzrə formalaşmış məbləğlərin, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsinə yönəldilən xərclərin dövlət öhdəliyi kimi fərqləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, aparılan islahatlarla pensiya məbləğlərinin hər bir şəxsin ödədiyi sığorta haqqına uyğun müəyyənləşdirilməsi nəzərdə tutulur. Əməkhaqqı yüksək olan şəxslərin ödədiyi sığorta haqqının əməkhaqqı aşağı səviyyədə olan şəxslərin pensiyalarına yönəldilməsi praktikasının dəyişdirilməsi təklif olunur. Əmək fəaliyyəti dövründə yüksək məbləğdə sığorta haqqı ödəmiş işçilər adekvat əvəzetmə əmsalına malik olacaqlar. Müvafiq olaraq, fəaliyyətinin qısa dövründə və aşağı əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödəmiş şəxslərə pensiya sistemi cəlbedici əvəzetmə əmsalı ilə pensiya təminatına şərait yaratmayacaqdır. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcəkdir. Bu, təyin olunacaq pensiyada ödənilən sığorta haqqının tam məbləğdə nəzərə alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə şərait yaradacaqdır. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası ilə bağlı olaraq minimum pensiya məbləği göstəricisi tətbiq ediləcəkdir. Fərdi hesab məlumatlarına əsasən təyin olunan pensiyaların məbləği minimum pensiya məbləğindən aşağı olduqda, pensiya hüququ üçün sığorta stajına tələb qoyulmaqla, həmin məbləğə çatdırılacaqdır. Təyin olunan pensiyanın məbləği minimum pensiya məbləğindən yuxarı olduğu hallarda isə sığorta stajına tələb qoyulmayacaqdır. Minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaqdır.

(davamı var)

 

Xəbər xətti