Dənizdə balıqçı qayığı çevrilib: bir nəfər batıb

14:34 - 1 Avqust 2018 - HADİSƏ

31.07.2018-ci il tarixində axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, iyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış 2 nəfərdən biri, 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmayıb.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, qayıq Xaçmaz rayonu yaxınlığında küləyin təsirindən çevirilib.
Qayıqda olan 1976-cı il təvəllüdlü Fərəcullayev Zaur Orucəli oğlu iyulun 28-də gecə saatlarında Xəzər dənizinin Rusiyaya mənsub hissəsində “Rəsul Həmzətov” gəmisi tərəfindən aşkar edilərək gəmi heyəti tərəfindən göyərtəyə qaldırılıb.
İyulun 29-da xilas olunan şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə təhvil verilib.

Bu gün səhər saatlarında Ziyəddin Əhmədovun axtarışlarına başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Aviasiya dəstəsinin “Mi-17” helikopteri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Xəbər xətti