Hüquqi dövlətdə təhsilin inkişaf etdirilməsi başlıca istiqamətlərdən biridir

18:50 - 31 İyul 2018 - KİVDF

“Məktəbəqədər təhsil haqqında” Qanun məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir

Hüquqi dövlətdə təhsilin inkişaf etdirilməsi başlıca istiqamətlərdən biridir. Bu istiqamətdə aparılan islahatlardan biri məktəbəqədər təhsillə bağlıdır. Çünki məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd edilir: “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.”

Bu strategiya Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.
Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli Qərarı məktəbəhazırlıq təhsilinin (1il) icbariliyinin təmin olunmasına istiqamətlənir. Qərara əsasən, dövlət ümumtəhsil müəssisələrində 2016-2017-ci dərs ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılıb. Azərbaycan Respublikasının təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinə əsasən, həmin qruplarda işə cəlb olunacaq müəllimlərin səriştələrinin artırılması məqsədilə öyrədici təlimlər keçirilir.
Beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir. (Sənəd təhsil nazirinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib.) Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparılır. Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Birsözlə, beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir (“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən 2020-ci ilədək mərhələli şəkildə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə cəlb edilməsi 90 faizə çatdırılmalıdır).  Bu sahədə hüquqi bazanı möhkəmləndirmək üçün 16 iyun 2017-ci ildə Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilib.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun 3-cü maddəsi məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini tənzimləyir. Maddədə bildirilir məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri  məktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması; məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması; məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili; məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi; məktəbəqədər təhsilin bu Qanuna uyğun olaraq könüllülüyü; sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili; beş yaşına çatmış uşaqların məktəbəhazırlığının zəruriliyi; məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi; uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsidir... 
Bu arada isə Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.  Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirsinlər, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər.  

Eyni zamanda, təhsil şöbələri məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlamalı və oktyabrın 15-dək əlavə olunan forma üzrə məlumatı və görülən işlər barədə yazılı hesabatı Təhsil Nazirliyinə göndərməlidirlər. 
Bundan başqa, məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələri tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılması təmin edilməlidir. 

Əmrdə qeyd olunub ki, məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməlidir. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunubtəşkili barədə əmr imzalayıb

Xəbər xətti