Ana səhifə
20 Avqust 2018

“Azərbaycanı bütün dünyada tanıtmaq istəyirəm”

Elvina Qurbanova: “Anam olmasa indi heç kim idim”

Bu gün gənclərimizin səsi okeanın o tayından eşidilir. Atdıqları hər bir addımda Azərbaycanı təmsil etdiklərini deyən bu gənclər ölkəmizin fəxri və sevincidirlər. Onlardan biri də müsahibimiz Elvina Qurbanovadır. O, 1999-cu ilin 9 aprelində Bakıda dünyaya gəlib. 8 nömrəli orta ixtisas məktəbində rus bölməsində təhsil alıb və 2016-cı ildə həmin məktəbi başa vurub. E.Qurbanovanın musiqiyə böyük marağı var. Belə ki, o, 9 il skripka, 7 il isə pianino dərsləri alıb. 6 il bədii gimnastika ilə məşğul olub. 5 il şahmat məktəbinə gedərək ikinci dərəcəyə sahib olub. Eyni zamanda Elvina Qurbanova UNESCO-nun üzvüdür. Musiqiyə böyük sevgisi olan Elvina hazırda beynəlxalq festivallarda da ölkəmizi təmsil edir. Eyni zamanda, o, ABŞ-ın Kaliforniya ştatında yerləşən “University of Californiya Los Angeles” universitetində “Beynəlxalq əlaqələr” ixtisası üzrə təhsil alır. Azərbaycanlı poliqlot tələbə rus, türk, italyan və ingilis dillərini mükəmməl bilir. Paytaxtımızda bir çox konsertlərdə, eləcə də ümummilli lider Heydər Əliyevlə bağlı tədbirlərdə uğurlu çıxışları ilə diqqət çəkən Elvina bir neçə il əvvəl Vyanada keçirilən beynəlxalq skripka müsabiqəsində iştirak edib. Elə həmin ildə Polşada Şopen adına Universitetdə konsert proqramında A.Vivaldinin “İlin fəsilləri”ndən “Yaz fəsli”nin birinci, ikinci, üçüncü hissələrini ifa edib.  İstedadı ilə xarici musiqişünasları heyran qoyan azərbaycanlı skripka ifaçısı istirahət günlərini  hər ilki kimi yenə də vətəndə keçirir.

Vətənə gələr-gəlməz “Üç nöqtə” qəzetinin qonağı olan Elvina Qurbanova suallarımızı cavablandırdı.

- Elvina xanım, vətənə xoş gəldiniz. 
- Çox sağ olun, təşəkkür edirəm.

- Sizi bura gətirən səbəb nədir?
- Vətən sevgisi. 

- Xaricdə təhsil almaq uşaqlıq arzunuz idi?
- Əslində 2016-cı ildə məktəbi bitirib, sənədlərimi Azərbaycan Diplomatik Akademiyasına (ADA) vermək istəyirdim, lakin sonra düşündüm ki, xaricdə təhsil almaq, təhsilimi başqa bir mühitdə və başqa bir dildə alsam Azərbaycan həqiqətlərini dünyaya daha asan şəkildə təqdim edə bilərəm.  Beləliklə də, İELTS proqramına hazırlaşdım. Lazım olan balı yığdım və imtahan verərək ABŞ-ın “University of Californiya Los Angeles” universitetinin “Beynəlxalq əlaqələr” ixtisasına qəbul oldum.

- Bəs sizin musiqi təhsiliniz? Bildiyimiz qədəri bu sahəni uğurlu çıxışlarınız və beynəlxalq festivallarda iştirakınız da olub. 
- Musiqi mənim ruhumun qidalandırıcısıdır.  Hər zaman musiqi  ilə məşğul oluram elə indi də musiqi təhsilini də davam etdirirəm. Los Angelesdə iki dərəcəli təhsil sistemi var. Belə ki, iki ixtisası eyni anda oxumaq mümkündür. “Beynəlxalq əlaqələr” ixtisasını oxuya-oxuya, eyni zamanda artıq musiqi təhsili də alacam. Musiqi təhsilimi daha da təkmilləşdirmək fikrim var. Universitetdə dərs saatlarını özüm nizamlayıram. Hər iki fakültəni eyni zamanda bitirəcəyəm. Bacımla ikimiz də Beynəlxalq münasibətləri oxusaq da ayrı-ayrı təhsil alırıq. Çünki mən musiqiyə başlayandan sonra dərs sistemim dəyişdi.

- Musiqi və siyasət... Hər ikisi tamam fərqli sahələrdir. Sizdə hər iki sahəyə maraq necə yarandı?
- Məktəb illərindən bəri musiqi ilə məşğul oluram. Artıq 11 ildir ki, mən skripkada ifa edirəm. Bununla yanaşı 7 il də pianino ilə məşğul olmuşam. Həmçinin xora getmişəm, orada solist olmuşam. Azərbaycanda olan müsabiqələrdə, konkurslarda iştirak etmişik. Xorumuz qalib gələrək birinci yeri tutub.
Universitetə qəbul olan zaman isə musiqidən uzaqlaşmaq istəmədim. Ona görə də hazırda musiqini də davam etdirirəm. 2017-ci ildə Amerikaya gedəndə festivallarda iştirak etməyə başladım. .... Festivalında iştirak edərək ikinci yeri tutdum və sertifikat aldım. İndi də başqa bir “Florida Keys” adlı beynəlxalq musiqi festivalına  hazırlaşıram. Çalışacağam ki, orada  da Azərbaycanımızı layiqincə təmsil edim.

- Amerikada beynəlxalq festivallara qatılmaq çətin deyil ki?
- Amerikada musiqi festivalları Avropaya nisbətən bir qədər azlıq təşkil edir. Ona görə də düşünürəm ki, Avropada musiqi festivalları çox olduğu üçün ona qatılmaq daha asandır. Artıq yeni proqram hazırlayıram. Gələn ildən Avropa festivalı turlarına çıxacağam.

- Azərbaycanda olarkən filmlərə çəkilirdiniz, aparıcılıq edirsiniz. Hollivud kinonun, incəsənətin göbəyidir. Orada özünüzü bu sahədə sınamaq istəmirsinizmi?
- Düzünü desəm, özümü bütün sahələrdə sınamaq istəyirəm. Uşaqlıqdan hərtərəfli böyümüşük deyə bu mənim üçün çətin deyil. Uşaq yaşlarımdan etibarən rəssamlıq, üzgüçülük, şahmatla, idmanla və s. məşğul olmuşuq. Özü də bunların heç birisini yarımçıq qoyub, başqa sahəyə yönəlməmişik. Anamız bizi bütün sahələr üzrə professional şəkildə böyüdüb. Bəli, əvvəllər kino sahəsində də özümü sınamışam deyə, yenə filmlərə çəkilmək istəyərdim. Ancaq hələ ki, özümü musiqiyə və dərslərimə kökləmişəm.

- Hollivudda mühit necədir? Təzə gedən vaxtlar öyrəşmək çətin olmadı? 
- İlk dəfə Hollivuda gedəndə çox təəccüblənmişdim. Sərxoş adamlar, evsiz olanlar demək olar ki, hamısı orda məskunlaşıb. Sadəcə olaraq Amerikada qayda-qanun bizə nisbətən çox fərqlidir. O qanunlara öyrəşməkdə bir qədər çətinlik çəkdik.

- Universiteti bitirdikdən sonra hansı sahənin arxasınca gedəcəksiniz,  beynəlxalq münasibətlər yoxsa musiqi?
- Hər ikisinin də (gülür).

- O necə olur elə?
 - Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlu kimi. O,  həm musiqiçidir, həm də mədəniyyət naziri. Mən də onun yolunu getmək istəyirəm.

- Sizə işlərinizdə ən çox kim dəstək olur? 
- Anamız bizə hər zaman dəstək olub. Ta uşaqlıqdan indiyə qədər. İndinin özündə də adi bir çətinliyə düşən kimi anama müraciət edirəm. Anam olmasa mən indi heç kim idim. Onu çox sevirəm. 

- Los Ancelesdə ölkəmizdən, mədəniyyətimizdən xəbərdardırlarmı? 
- Təəssüf hissi ilə qeyd edim ki, orada bizi hələ tanımırlar. Mən bir Azərbaycan vətəndaşı olaraq Los Ancelesdə ölkəmizi təbliğ edirəm. Tələbə yoldaşlarıma, çevrəmdəki insanlara Azərbaycanın harada yerləşdiyi, hansı mədəniyyətə, adət-ənənəyə sahib olduğu haqqında məlumat verirəm. Xəritəni açıb ölkəmizin yerini göstərirəm. Ölkəmiz son illər çox inkişaf edib. Prezidentimiz cənab İlham Əliyev də çox çalışır ki, beynəlxalq arenalarda Azərbaycan tanınsın.

- Amerikada iştirak etdiyiniz festivallarda dövlətimiz sizə dəstək göstərirmi? 
- Xeyr, orada elə şey yoxdur. Festival haqqında məlumatım olur, həmin proqramı telefonuma yükləyirəm və qeydiyyatdan keçib qatılıram. Konsulluğumuz bizi orda bütün tədbirlərə dəvət edirlər, sağ olsunlar. 

- Gələcəyə doğru hədəfləriniz nələrdir?  
- Hədəflərim çoxdur. İlk hədəfim musiqi sahəsində daha da irəli getməkdir. Azərbaycanı bütün dünyada tanıtmaq istəyirəm. Ölkəmizi Amerikada çox az tanınır, ona görə də bunu qarşıma məqsəd qoymuşam. 

Könül Əhmədova

Tarix
30 İyul 2018 [20:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin