“Hər bir xalq dili vasitəsilə mədəniyyətini təbliğ edir”

18:34 - 30 İyul 2018 - Müsahibə

Seymur Nəsirov: Ərəb mənbələrinə istinadən 250 azərbaycanlı alim haqqında kitab yazdım.

Misirdə 58 ölkədən gələn 1000-dən çox tələbəyə rəhbərlik edən Azərbaycanlı alim Seymur Nəsirov Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin mükafatı ilə təltif olunub.
Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru Dr.Əhməd Sami tərəfindən qəbul edən Azərbaycanlı alim “Üç nöqtə” qəzetinin qonağı olub. Müsahibimiz 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir. O, dəfələrlə Misirin dövlət televiziya kanallarında Azərbaycana həsr olunan verilişlərdə çıxış edərək mədəniyyətimizi təbliğ edib.
Seymur Nəsirov Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin müəllimidir. Uzun illərdir Misirin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan Prof. Dr. Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir. İrsi canlandırma üzrə “Halqa” fondunun təsisçilərindən biri və baş direktorudur.

- Xoş gördük, Seymur müəllim.
- Təşəkkür edirəm.

- Sizi eyni zamanda “Tərəqqi” medalına layiq görüldüyünüz üçün də təbrik edirik. 
- “Tərəqqi” medalı böyük məsuliyyətdir. Məni bu medala layiq gördüyü üçün ilk növbədə cənab prezidentimiz İlham Əliyevə  təşəkkürümü bildirirəm. Hər zaman onun xaricdə yaşayan azərbaycanlıların qayğısını hiss edirik. Bu medal da onun təsdiqidir. Bu medalı əziyyətimizin bəhrəsi kimi qəbul edirəm.

- Seymur müəllim, tez-tez Misir televiziyalarında Azərbaycan mədəniyyətinin təbliğatı ilə bağlı çıxışlarınız olur. Bu bizi çox sevindirir. 
- Misir televiziyalarında Azərbaycanla bağlı verilişlərin təqdim edilməsi bizim üçün sevindirici bir haldır. Biz bunun üçün çox çalışırıq. Misir mediası, mətbuatı ilə gözəl əlaqələrimiz var.  Misirlilər Azərbaycana uzaqda mövcud olan kiçik bir dövlət kimi baxırlar. Həqiqət budur ki, Azərbaycan nə qədər kiçik ölkə olsa da  dünyada inkişaf etmiş ölkələrdən biridir.

- Misir kimi bir məmləkətdə Azərbaycan diasporasını təbliğ etməyin çətinlikləri nələrdir? 
- Diasporanın əsas vəzifəsi bütün azərbaycanlıları bir araya gətirib, vətəni layiqincə təbliğ etməkdir. Misirə ilk qədəm qoyduğum gündən bunu dərk edib, Azərbaycanın təbliği ilə məşğul olmuşam. Biz Misirə yeni gedəndə onlar  bizim ölkəmiz barədə heç də məlumatlı deyildilər. Bu da məni məyus edirdi. Vətəni təbliğ etməyin ilkin ən əlverişli variantı o idi ki, onların mənbələrinə istinad edərək vətənimizlə bağlı olan məlumatları ortaya çıxarıb, onu Misirlilərə təqdim edim. Düşündüm ki, belə etsəm daha məqbul sayılar, nəinki öz mənbələrimizi tərcümə edib, onlara nümayiş etdirməklə. Ərəb mənbələrində Azərbaycanla bağlı olan mənbələri araşdırmağa başladım. Bu yolla Azərbaycanın təbliğinə başladım. İkinci olaraq Azərbaycan dilinin tədrisinə başladıq.

- Əlbəttə bir ölkənin tanınası üçün ilk olaraq onun dilindən başlamaq lazımdır.
- Eynilə. Bir dili öyrənərkən artıq onun mədəniyyəti ilə tanış olmuş olursunuz. Hər bir xalq dili vasitəsilə mədəniyyətini təbliğ edir. Uzun illərdir Azərbaycan dilini fərdi olaraq tədris edirəm. Misirin ən mötəbər universitetlərində, çoxsaylı konfranslarda Azərbaycanla bağlı çıxışlar edirəm. Azərbaycana gələndə dili, tarixi ilə bağlı nə tapıramsa onu aparıb dərs vəsaiti kimi istifadə edirəm. Misirdə Azərbaycanla bağlı kiçik kitabxana da yaratmışam.

- Yəqin ki, Misirli tələbələr Azərbaycan dilində tələffüz etməkdə çətinlik çəkərlər. 
-Elədir. Azərbaycan dilinin tələffüzü bir qədər ərəblər üçün uyğun deyil, buna baxmayaraq onlar Azərbaycanla bağlı gözəl şeirlər səsləndirirlər.  Azərbaycan dilinin tədrisi üçün Misirin sosial xidmətlər nazirliyindən icazə aldım. 2017-ci ilin iyul ayında Azərbaycan dilinin tədrisinə başladıq. Qahirə universitetinin tələbələri üçün könüllü şəkildə təmənnasız kurslar açdıq. Biz təbliğat aparmasaq onlar heç zaman bizə tərəf gəlməzlər. Onlar düşünürlər ki, Azərbaycanın 10 milyon əhalisi var, Misirlə qonşu ölkə deyil. Bu sahədə iş tapmaq onlar üçün çətin olacaq. Ancaq biz bunun təbliğatı ilə məşğuluq. Ötən il 638 tələbəyə Azərbaycan dilini tədris etdik. Bir çox universitetlərdə rəsmi olaraq Azərbaycan dilinin tədrisini aparırıq. Təhsil Nazirliyinin imzası ilə rəsmi bir fənn kimi universitetin proqramına daxil olub. Azərbaycan dili imtahanından keçməyənlər sinifdə qalırlar. Dilimiz dövlət səviyyəsində bir fənn kimi tədris olunur. Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, həqiqətlərini misirlilərə çatdırırıq. 15 ölkədən 130 tələbə təhsil ocağımızda təmənnasız təhsil alır. Mərkəzimizdə Azərbaycan dilini tədris etməklə mədəniyyətimizi təbliğ etmiş oluruq.

-  Maraqlıdır, diaspora sədri olandan sonra hansı layihələri həyata keçirdiniz?  
-Biz Misirdəki səfirliyimizlə əl-ələ verib vətənimizi layiqincə təmsin etməyə çalışırıq. Başda cənab səfir Tural Rzayev olmaqla səfirliyimizin bütün əməkdaşları ilə yüksək səviyyədə əlaqələrimiz var. Əksər tədbirlərimizi bir yerdə keçirirk. Həm səfirlikdə həm də diaspora mərkəzimizdə. Bəzəndə bayramlarımızla bağlı silsilə tədbirlər keçiririk. Belə ki, ramazan bayramımızı, müstəqillik günümüzü, qurban bayramımızı, yeni ilimizi, Novruz bayramımızı Misirdə yaşayan Azərbaycanlılarla bərabər qeyd edirik. Bundan başqa milli matəm günlərimizdə tədbirlər keçiririk. Məqsədimiz isə Misirdə yaşayan vətəndaşlarımızı bir yerə toplamaq deyil, Azərbaycanı təbliğ etmək və vətənpərvərlik ruhunu vətəndaşlarımıza aşılamaqdan ibarətdir.

- Seymur müəllim, bir alim kimi elmi araşdırmalarınız səsi-sorağını buradan belə eşidildi. İstərdik bizləri də araşdırmalarınızla tanış edəsiniz.  
- Diqqətiniz üçün təşəkkür edirəm. Məni ən çox sevindirən vətənimlə bağlı məlumatların  ərəb mənbələrində yer almasıdır. Orada vətənimizi o qədər tərifləyirlər ki... Hər zaman allahıma şükür eləmişəm ki, bizə bu qədər gözəl nemətlər verib. Ən böyük ərəb alimlərindən biri, XII əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi Azərbaycan ilə Əndəlüs arasında müqayisə apararaq, şərqdə Azərbaycanın, qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolunu qeyd edib. O, Azərbaycan torpağını qarış-qarış gəzib, alimlərimizdən dərs alıb. Başqa bir ərəb mənbələrində olan alim deyir ki, Azərbaycan əhalisi daim elmlə məşğul olmaqla çox məşhurdurlar. Azərbaycan xalqının qonaqpərvərliyi, səmimiliyi ilə Misir tarixində alimlərin fikirlərini bildirib. Təbii ki, fəxredici bir haldır.  Hansı ki, bu fikirləri səsləndirən Misirin ən mötəbər alimləridir. 

Vətənimizlə bağlı o qədər gözəl məlumatlar var ki, ancaq onlar tək Seymur Nəsirovun görəcəyi iş deyil. Ərəb mənbələrinə istinadən 250 azərbaycanlı alim haqqında kitab yazdım. Səfirliyimizin dəstəyi ilə o çap olunub. Digər kitabım hələ dərc olunmayıb. Biri var özümüzü tərifləyək, bir də var ki, həmin mötəbər mənbələr bizim haqqımızda gözəl fikirlər səsləndirir. Xarici mənbələrdə vətənimizlə bağlı nə yazılıbsa, biz onu təbliğ edirik.

- Bildiyimiz qədəri ilə siz tək Misirlilərə deyil, eyni zamanda başqa ölkələrdən Misirə gələn xarici tələbələrə də Azərbaycan dilini tədris edirsiniz. 
- Hazırda Misirdə 58 ölkədən gələn 1000-dən çox tələbəyə rəhbərlik edirəm. Biz bu yolla həmin tələbələr vasitəsilə sadəcə Misirdə deyil, dünyada azərbaycanı təmsil edirik. Çalışdığım bu 15 il ərzində 85 ölkədən gələn tələbələrə rəhbərlik etmişəm. Bu yoldan Misirdə də böyük nüfuzumuz, güclü əlaqələrimiz var. Əlaqələrimiz Azərbaycanı təbliğ etməkdə bizə kömək olur. Hətta mən auditoriyada da beynəlxalq tədbirlərdə də bildirirəm ki, Misiri işğaldan azad edən azərbaycanlı olub. Belə ki, Səlahəddin Əyyubini hər kəs tanıyır. İnsanların qəlbinə yol tapan, insanlara nümunə olan bir sərkərdədir. Sadəcə Misirdə deyil, dünyada tanınır. Ərəb tarixi mənbələrində “Səlib yürüşləri”nin qarşısının alınmasında, İslamı mudafiə edilməsində və müsəlmanların torpaqlarının işğaldan azad edilməsində mühüm xidmətləri olan sərkərdə Sultan Səlahəddin Əyyubinin Azərbaycandan olmasını onlara nümunə gətirirəm.  XIII əsrdə yaşamış böyük ensiklopedik ərəb alimi İbn Xallikan “Vəfuyyat ul-Əyan” əsərində yazır ki, tarixi mənbələrə görə, Sultan Səlahəddin Əyyubi və əyyubilər ailəsi Azərbaycanın qərbində yerləşən gürcülərin ölkəsinə yaxın Dvin şəhərindəndir. Bundan əlavə, XIII əsrin ikinci yarısında yaşamış tarixşünas alim İbn Əl-Asir (Əl-kamil Fi-t-tarix), XIV əsrdə yaşayıb yaratmış İmam Zəhəbi (Siyer-ələm), XV əsrin əvvəllərində yaşamış Təqriberdi (“Məraddu-Lətafə”) və başqaları da Səlahəddin Əyyubinin Azərbaycandan olduğu qənaətindədirlər. Avropada belə onu təqdir edirlər. Bütün ərəb mənbələri yekdilliklə onun atasının Azərbaycanın şimalında yerləşən, Gürcüstana yaxın bir bölgədə dünyaya gəldiyini yazır. Baxmayaraq ki, bizim uğurlarımıza dözə bilməyən bədnam qonşumuz onu erməni kimi təqdim etmişdi. Vikipediyada o erməni kimi qeyd olunur. Mənim əldə etdiyim mənbələr isə elə mənbələrdir ki, ona şəkk yoxdur. Onlar düşünürlər ki, kim gedib araşdıracaq ki, ermənidir, yoxsa azərbaycanlı. Ermənilər Vikipediyada həddən artıq fəaldırlar. Hər dəfə azərbaycanlılara həmin səhifələri şikayət etməyə çağırıram. Ancaq indiyə qədər biz o səhifələri bağlatdıra bilməmişik.

- Seymur müəllim bəs Qurani Kərimdə Azərbaycanın adının hallanması doğrudurmu?
- Əlbəttə mən bunları Ərəb mənbələrində də araşdırmışam. Ərəb alimi İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs Qurani-Kərimdə cənnətdən bəhs olunarkən Azərbaycan adlı xalçaya eyham edildiyini bildirir. Surədə cənnətin Azərbaycan xalçaları ilə döşəndiyi bildirilir. Qeyd etmək lazımdır ki, İbn Aşur Quran təfsirçiləri arasında xüsusi hörmətə və nüfuza malik olan alimdir. Müəllif Qaşiyə surəsinin on altıncı ayəsini şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, boyanmış, yumşaq yundan toxunmuş kilim və ya xalçadır. “İbn Aşur öz “əl-Təhrir və əl-Tənvir” əsərində Qurani-Kərimin əl-Kəhv surəsinin 86-cı ayəsini şərh edərkən buyurur: “Bu ayədəki “Əynin Həmiətin” sözülərinin mənası qara palçığa qarışmış çeşmədir. Görünür ki, bu quyular Xəzər dənizi sahilində, Bakı şəhərində olan neft quyularıdır və hazırda da orada neft quyuları vardır.

Könül Əhmədova

Xəbər xətti