Ana səhifə
20 Sentyabr 2018

Yeni başçının köhnə işindən qovulma səbəbi...

Oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olundu. 
 

 

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş A.Məmmədov vergilər naziri Fazil Məmmədovun “vuran əli” hesab olunur. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişfi.

Nazir F.Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi. Bakı Vergilər Departamentinin rəisi Tariyel Quliyev isə nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olundu. Bu təyinatları zəruri edən amilə diqqət yetirərkən F.Məmmədovun A.Məmmədova nə qədər etimad göstərdiyini sezmək olur. Həmin vaxt A.Məmmədovun təyinatını şərtləndirən Vergilər Nazirliyinin nüfuzlu bir klanın “çətiri” altından çıxaraq Paşayevlərin çevrəsinə daxil olması idi. T.Quliyev digər klana yaxınlığı ilə seçilən bir şəxs idi, onun Bakı Vergilər Departamentinə rəhbərlik etməsi Paşayevlərin marağına uyğun deyildi.

T.Quliyevin nazirlikdə xüsusi statusu da var idi. Bu şəxs nazirliyin qeyri-rəsmi kassiri sayılırdı - qeyri-rəsmi yığımlara və “paket”lərin (işçilərə verilən qeyri-rəsmi maaşın) verilməsinə cavabdeh idi. Təbii ki, belə zəngin informasiyalara malik olan bir şəxsi nazirlikdən uzaqlaşdırmaq təhlükəli idi. Ona görə də o, Daxili Təhlükəsizlik İdarəsinə rəis göndərilməklə neytrallaşdırıldı. Əvvəllər “paket” paylayan T.Quliyev indi “paket” alanlar sırasına daxil edildi. 

Şəmkirə icra başçısı göndərilən Alimpaşa Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və vergilər naziri Fazil Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə - nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbayel Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib” - iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərib. Burada reabilitasiya olunduqdan sonra isə yetərincə strateji və “rentabelli” bir posta - Bakı Şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83 faizinin paytaxtda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.

Burada zəruri bir arayışa ehtiyac var. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxt vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi. 

 

Tarix
10 Oktyabr 2014 [10:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin