“Qayınanam məclislərdə, toplum içində qürurla bildirir ki, onun gəlini aktrisadır”

19:17 - 24 İyul 2018 - Müsahibə

Roza İbadova Kocamaz: “Qismətimdə bu məktəbdə Azərbaycandan deyil də Türkiyədən qatılmaq varmış”

Azərbaycanın sevilən aktrisası Roza İbadova Kocamaz Rusiya Federasiyasının və Moskva vilayətinin Mədəniyyət Nazirliklərinin dəstəyi, RF Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə baş tutan XII Beynəlxalq Yay Teatr məktəbindəki təhsilini başa vurub. 
Gənc aktrisa dünyanın 30 xarici ölkə teatrları və Rusiya Federasiyasının 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək bu məktəbdə iştirak edib.

Bir müddət Gənc Tamaşaçılar Teatrında çalışan, türk vətəndaşı ilə ailə qurduqdan sonra
Türkiyədə fəaliyyət göstərən Han Teatrında həm aktrisa, həm də pedaqoq kimi çalışan Roza İbadova Kocamaz “Üç nöqtə” qəzetinin qonağı oldu. 

- Roza xanım, XII Beynəlxalq yay məktəbindən dönmüsünüz. Qismətdə bu məktəbə Azərbaycandan deyil, Türkiyədən qatılmaq varmış.

- Bəli. 2015-ci ildə həmin yay məktəbində iştirak etmək üçün müraciət etdim. Ancaq həmin il bu məktəbdə təhsil almaq mənə qismət olmadı. Çünki o ərəfədə həyat yoldaşım Kartal Cihan Kocamazla tanış olmuşdum və onunla tanış olduqdan sonra ailə qurduq. Məhz bu səbəbdən yay məktəb layihəsindəki iştirakım yarımçıq qaldı. Bu dəfə isə Sankt-Peterburqda yaşayan dostum Eşqin Quliyev məsləhət gördü ki, yay məktəbinə yenidən müraciət edim. Sənətlərimizi göndərdikdə bizə dedilər ki, bizə bir video göndərin. Yoldaşımla bir video çəkib, onlara göndərdik. Cavablar çıxdıqda isə sevincimin həddi-hüdudu yox idi.  Qismətimdə bu məktəbdə Azərbaycandan deyil də Türkiyədən qatılmaq varmış. 12 ildir ki, bu yay məktəbi fəaliyyət göstərir. Çox tanınmış və  beynəlxalq bir məktəbdir. Hansı ki, bu məktəbdə dünyaca tanınmış aktyorlar, rejissorlar ustad dərsləri keçirlər və dünyanın dörd bir yanından buraya aktyorlar gəlir.

- Türkiyə adından beynəlxalq məktəbdə iştirak etməyiniz, türk  aktyorları tərəfindən qısqanclıqla qarşılanmadımı?

- Elə bir şey hiss etmədim. Düzdür, bəziləri mənə sual verirdilər ki, niyə məhz sən qatılırsan. Türkiyədə rusca danışa bilən aktyor və aktrisa demək olar ki, yox səviyyəsindədir. Bir də bu layihədə iştirak etməyi həqiqətən ürəkdən istəyirdim. Bu məktəb haqqında türk aktyorlarının demək olar ki, heç bir məlumatı yoxdur. Bəzi rejissorların və teatr direktorları bu barədə bir az məlumatlıdırlar. Bu il mən getdikdən sonra hətta Türkiyədəki dostlarım deyirlər ki, necə edə bilərik ki, bu məktəbə növbəti il biz də qatılaq. Çalışacağam ki, onlara da sənəd göndərməyin yolunu və orada iştirakın qaydalarını öyrədim. Şahidi oldum ki, orada hətta rus dilini bilməyən dövlətlərdən də qatılanlar var. Əsas odur ki, istedad olsun və ingilis dilini mükəmməl bilsin.

- Siz məktəbin eksperiment qrupunuza daxil oldunuz. Seçimi özünüzmü etmişdiniz?

- Özüm eksperiment qrupunu istədim. Kastinq elən edərkən kimin hansı qrupa düşmək istəməsi ilə bağlı bizə suallar verdilər. Mən isə bildirdim ki, elə bir tamaşaya düşmək istəyirəm ki, mən həmin tamaşanı ömrüm boyu oynaya bilməyəcəyəm. Eksperiment tipli tamaşanı nə Azərbaycanda görmüşəm, nə də Türkiyədə eşitməmişəm. Bəlkə də var, ancaq mən görməmişəm. Gözlərimi eksperiment tamaşanı hazırlaya rejissorlara tərəf yönəltdim. Dedim ki, mənim ürəyim və cismim Türkiyədədir, ruhum isə Azərbaycanda. Elə bir rejissor olsun ki, ruhumu da, ürəyimi də birləşdirsin. Bu qrupa düşdüyüm üçün çox şad oldum.

 Orda səhnə danışığı, səhnə hərəkəti, səhnə plastikası və sair dərslərdən ustad dərsləri aldım.  Müəllimlərimiz dünyaca məşhur pedaqoqları idi. 4 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetdə öyrəndiklərimin bəlkə də qat-qat çoxunu orada öyrəndim. Elə hərəkətlər vardı ki, biz onları aktyor olaraq keçməmişik. Bu, mənimçün böyük məktəb oldu.

- Deyirlər türk kişiləri qısqanc olur. Yoldaşınızın xaricdə təhsil almasına münasibətiniz necə oldu?

- Yoldaşım deyir ki, mənim üçün  sən hər şeydən əvvəl gəlirsən. Bilirəm ki, sənin istək, arzuların həyata keçməsə xoşbəxt olmayacaqsan. Kartal Cihan deyir ki, sən mənə görə çox şeyləri yarımçıq qoymusan. Yarımçıq qoyduğumun hamısını tamamlaya bilmərəm, ancaq müəyyən şeylər var ki, mən sənə onları verə bilərəm. O, bilirdi ki, mən yay məktəbində iştirak etməyi istəyirdim. Ancaq Azərbaycan adına getmək nəsibim olmadı. Dedi ki, mən əsgərlikdə olsam da sən getməlisən, o məktəbdə iştirak etməlisən. Həyat yoldaşım da, çalışdığım teatr da mənə mənəvi dəstək oldular və mən bu məktəbdə iştirak etdim.

- Bəs qayananız?

- Təbii ki, qaynanam da, qaynatam da çox sevindi. Qayınatam hər gün “Skype” vasitəsi ilə zəng edib, dualarının mənimlə olduğunu bildirirdi. Qayınanam məclislərdə, toplum içində qürurla bildirir ki, onun gəlini aktrisadır. Mənim gəlinimin diplomu var və o, teatr aktrisasıdır. Türkiyədə teatr aktrisası olmaq çətin məsələdir.   

- Türkiyədə seriallar və filmlər çox çəkilir. Nə üçün onlara müraciət etmirsiniz?

- Yoldaşımla serial çəkən bir neçə kastinqə müraciət etdik. Evli olduğumu bildikdə isə bir qədər tərəddüd edirdilər. Yəqin düşünürdülər ki, o mənə problem yaradar. Mən nə qədər desəm ki, yoldaşım məni dəstəkləyir, onlar tərəddüd içində qalırdılar. Dövlət teatrına keçdikdən sonra seriallara dəvət almaq daha asan olacaq.

- Türkiyədə fəaliyyət göstərən dövlət teatrla, özəl teatrların nə kimi fərqləri var?

- Özəl teatr il boyunca bələdiyyələrin dəstəyi ilə 4-5 tamaşa hazırlayır. Hər şəhərin bələdiyyəsi özəl teatrlara pul ayırır. Dövlət teatrının özü ildə 2 tamaşa hazırlanır, o da dövlətin dəstəyi ilə.

- Siz eyni zamanda Han Teatrında pedaqoq olaraq çalışırsınız. Kimlərə dərs deyirsiniz?

- Bəli orada eyni zamanda pedaqoq olaraq çalışıram.  Teatrda gündüzlər uşaq, axşamlar isə böyüklər üçün tamaşalar oynayırıq. İzmirə gəldiyim 2016-cı ildən bu teatrda fəaliyyət göstərirəm. Həm aktrisa, həm də 6-9, 10-12 və 13-17 yaşlı uşaqlara aktyor sənətindən dərs deyir və onlarla tamaşalar hazırlayıram. Bu layihəmiz İzmirdə böyük səs-küyə səbəb olub. Belə ki, 3 ay boyunca uşaqlarla işləyirəm. Sonra biletləri satırıq, hətta biletlər çox satılanda əlavə stullar da qoyulur. Zalımız 130 nəfərlikdir. Bu biletlər pula satılır. Valideynlər uşaqlarını gətirir ki, övladları görsünlər ki, onların yaşıdları səhnədə necə oynayır. Sabahısı isə tamaşaçıların özləri uşaqlarını həmin kurslara yazdırırlar. Özəl teatrlar pulu daha çox bundan qazanırlar. Bizdə bu sistem yoxdur. Bizim teatrların belə şansları var, onlar məktəblərə bilet satırlar. Gəlib baxan səhnədə uşaq tamaşası görsələr, valideynlər istəyəcəklər ki, uşaqlarını da yazdırsınlar. Beləliklə teatr inkişaf edəcək. Bəlkə bu 30 uşağın içində 3 nəfəri  gələcəyin Xalq artisti olacaq. Bunu kəşf etmək lazımdır. Bakı kəndlərindən gələn uşaqların çox da imkanları olmur ki, istedadlarını göstərsinlər. Bu onlar üçün böyük şans olar. Məncə teatrlarımız bu layihə haqqında düşünməlidirlər.

- İzmirdə çalışdığınız Han teatrında vəziyyət necədir?

- 25 nəfərlik bir kolletkivi var. Han teatrı Türkiyənin 10 illik tarixi olan böyük bir sənət ocağıdır. Türkiyənin məşhur mərhum aktyorlarından Ünal Gürelin adını daşıyır. İzmirdəki ən böyük özəl teatrlardan biridir. Teatrın rəhbəri və baş rejissoru Rüçhan Güreldir. 20-25 nəfərlik yaradıcı heyətimiz var. İldə 4-5 yeni tamaşa hazırlayırıq.  Hazırda 3 pyes üzərində çalışırıq.  Bir tamaşamız ingilis dilində olacaq. Bu uşaq tamaşasıdır. Bu teatrı çox sevirəm. Çünki çalışırlar, işləyirlər. Misal üçün onlara deyirəm ki, mən deyirəm ki, Pantomima üslubunda işləməmişəm. Deyirlər ki, səninlə növbəti layihədə pantomima işləyəcəyik. Rejissorun aktyorun bilmədiyi sahələri də işləyir ki, aktyor hərtərəfli yetişsin. Məsələn, nə yalan deyim, bizim teatrlarımızda  elə deyil. Əgər Rozanın balaca boyu varsa, o, ancaq uşaq tamaşaları oynamalıdır. Ancaq orada elə deyil. Rozanın daxili potensialı güclüdürsə Roza hər bir obrazı da oynaya bilər. Xarici görünüş o qədər də önəmli deyil. Ən böyük fərqlərdən biri də budur. Rejissorlar arasında mübarizələr varsa, aktyorları ora daxil etmirlər. Öz problemlərini tamaşaları ilə həll edirlər. Əgər bir rejissorun digəri ilə arası yaxşı deyilsə ona inad daha yaxşı məhsul ortaya qoymağa çalışır. Sən filankəsin aktrisasısan deyə bir şey yoxdur.

- Bizim teatrların bir çoxunda rejissor daimi olaraq eyni aktyorlarla iºləyir. Yəqin ki, bunu demək istəyirsiniz.

- Mən Han teatrında belə bir şey görməmişəm. Bizdə direktor baş rejissor olaraq özü də tamaşalar qurur. O qədər çalışırıq ki, vaxtımız olmur. Heç kim, heç kimə müdaxilə etmir.

- Han Teatrına Azərbaycandan gəldiyin üçün sizə yad münasibət göstərdilərmi?

- Təzə gələndə bizdə elə sözlər var ki, onlarda başqa anlama gəlir. Misal üçün bizdə düşmək avtobusdan düşməkdir. Ancaq onlarda başqa anlam verir. Gördüm ki, o sözləri işlətdikdə gülürlər. Onlarda komik anlama gələn sözlərimiz də var. Zaman-zaman buna alışdım. Olur da hərdən eşidirdim ki, bir ildir gəlib artıq pedaqoq kimi işləyir, tamaşalarda da oynayır. İnsanlıq halıdır.

- Türkiyə teatrlarında da maaş problemi varmı?

- Orada kirayə qalan aktyorlara teatrdan aldıqları maaş bəzən kifayət etmir. Ancaq mən qayınanamla birgə yaşayıram, evimiz var. Kirayədə yaşayan insanlara bir az çətindir. Bizim pula 600-700 manat teatr maaşıdır. Pedaqoq fəaliyyəti ilə birgə aylıq maaşımız 1000 manata qədərdir. Orada evlərin kirayə haqqı çox baha olduğu üçün, gərək bir evdən iki nəfər işləsin ki, ailəni dolandırsınlar. Tək adam üçün çətindir.

Könül Əhmədova


Xəbər xətti