Vüqar Səfərli: "Bu gün bizim müstəqil dövlətimiz, müstəqil mediamız var"

12:47 - 20 İyul 2018 - Xəbər

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirib ki, H.Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzeti bizə milli kimliyimizi qaytardı: "Əkinçi" qəzeti bizə dünyada hansı istiqamətdə gedəcəyimizi göstərdi. "Əkinçi"dən doğan işıq sovet dövründə daha da gur parladı. Azərbaycan dilinin saflığında Azərbaycan mediası mühüm rol oynadı. Ötən əsrin sonlarında xalqımızın növbəti dəfə müstəqillik əldə etməsində Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan mətbuatı həmişə xalqın yanında olub".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".

Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Azərbaycanın imicinin formalaşdırılmasında bu gün mediamız ən aktiv demokratik institutlardan biridir".

O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Azərbaycan jurnalistikası həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".

KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür:

"O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib. Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, müstəqil qəzetləri olsun, insanlar maariflənsinlər. Bu gün bizim müstəqil dövlətimiz, müstəqil mediamız var".trend


Xəbər xətti