Hüququn bərpası, ədalətin təntənəsi qərarın icrası anında tamamlanır

18:21 - 20 İyul 2018 - KİVDF

Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir

“İnsan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının icrası qədər vacib və əhəmiyyətli olan sahələr çox azdır. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsidir. Hüququn bərpası, ədalətin təntənəsi məhz qərarın icrası anında tamamlanır və həmin anda haqq sahibində daxili bir razılıq və könül xoşluğu yaradır. Ona görə də bu sahə əhəmiyyətli və məsuliyyətli olduğu qədər, qərarların icrasına nail olmağın faydası və mənəvi zövqü də böyükdür”.
Bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev deyib. Onun sözlərinə görə, icra icraatını bilavasitə həyata keçirən Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir. Bu, olduqca məsuliyyət və operativlik tələb edir. “Onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyəti Azərbaycan Prezidentinin daim nəzarətindədir. Bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın dövlətimizin başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir. Ümumiyyətlə, bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, təcrübədə meydana çıxan çətinliklər, mövcud iş yükünün azaldılması istiqamətində mühüm addımlar atılır, beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik daim təkmilləşdirilir, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra sisteminin tətbiqi üzrə əməli tədbirlər görülür.  “İcra haqqında” Qanuna dəyişikliklər edilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib”.

Qeyd edək ki, “İcra haqqında” qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi isə Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə icraya dair Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır.

Nurəddin Mustafayev bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi yenidən qurulub, ilk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilib, Konstitusiyada məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət təsbit olunub, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilib. Bu prinsip isə icra xidmətinə inamı artırıb. Çünki əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin həddindən çox artmasına səbəb olub. Nurəddin Mustafayev bildirilib ki, 2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub. 

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək, bilavasitə qəbula gələn şəxslərin sayı isə 2 dəfədən çox azalıb. İcra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra sahəsində qanunvericilik təkmilləşdirilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib

Bununla yanaşı, xidmətin maddi-texniki bazasının və infrastrukturunun möhkəmləndirilməsi yönündə tədbirlər görülüb, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" sistemi yaradılıb. Artıq bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Eyni zamanda, aidiyyəti dövlət qurumlarından borclu şəxslərə dair şəxsiyyət vəsiqəsi, doğum, nikah, ölüm, soyadın, adın və ata adının dəyişdirilməsi, nikahın pozulması, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, telefon nömrələri, vergi ödəyicisi barədə məlumatlar "Elektron icra" sisteminə tam inteqrasiya olunmaqla icra qurumlarının istifadəsinə verilib. Hazırda bu sistemin tətbiqi dairəsi genişləndirilir.

(davamı var)

Xəbər xətti