Əmək müqaviləsiz işçi çalışdıran 36 şəxs barədə məlumat Baş Prokurorluğa göndərilib

18:42 - 19 İyul 2018 - KİVDF

Əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır

Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlər davam etdirilir. Proses Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən gerçəkləşdirilir. Agentlikdən verilən məlumata görə, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir. Bu günədək keçirilmiş 71 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 131 hüquqi və fiziki şəxsi əhatə edib. Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 809 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb. Aşkar olunmuş faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 37 hüquqi və fiziki şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 36 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Baş Prokurorluğa yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır. Monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir.
Nəzərə almaq lazımdır ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir işçi özünün firavan gələcəyini indidən düşünmüş olur. Unutmayın ki, ödənilən rəsmi əmək haqları - sabah üçün işçinin sabit sosial təminatının təməlini indidən qoymuş olur.
Bəs əmək münasibətlərinin tərəfləri kimlərdir? Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir. İşçi -  işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs
 işəgötürənlə fərdi qaydada əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bunlar isə əmək məcəlləsində öz əksini tapım.
 Qeyd edək ki, Əmək Məcəlləsində bir sıra dəyişikliklər edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı əmək müqaviləsinin məzmununda əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklər barədə hüquqçünas İsrafil Əlili danışıb.“ Bu dəyişikliklərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılıb. Bundan sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu Əmək Məcəlləsinin 49-cu maddəsi ilə tənzimlənir. Bildirilir ki,  Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi (Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır) ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
 
 Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub.” -deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
 
İ.Əlili qeyd edib ki, əmək müqaviləsi bildirişi qanunvericilikdə yeni anlayışdır. Belə ki, əmək müqaviləsi bildirişi – istisna halarından başqa (istisna hallar növbəti abzasda göstərilmişdir), əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir.” Hüquqşünas bir məsələyə də toxunub. Belə ki, əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
 
“Eyni zamanda dəyişikliklərə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarına daha biri əlavə olunub: elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.. İşəgötürənin vəzifələrinə isə aşağıdakı bənd əlavə olunub: əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək. Bunlar qeyd etdiyim istisna halına şamil olunmur” – deyə İ.Əlili bildirib.

Xəbər xətti