Film nə qədər keyfiyyətlidirsə festivallarda iştirakı ehtimalı o qədər yüksəkdir.
Elvin Abdulla: “Beynəlxalq festivallarda iştirak etməyin bir yolu var, dünya tamaşaçısı üçün maraqlı ola biləcək filmləri çəkməkdir”
Sevindirici haldır ki, bu gün Azərbaycan filmləri beynəlxalq film festivallarına ayaq açır. Gənclərin beynəlxalq arenada filmlərimizin nümayiş etdirməsi və bu aləmə öz adlarını yazdırmasının özü belə Azərbaycan kinosunun bir uğurudur. Bu gün filmləri beynəlxalq film festivallarında nümayiş olunan gənc rejissor Elvin Abdulla qonağımızdır.
Gənc rejissor Elvin Abdulla yüksək səviyyəli beynəlxalq film festivalı olan 14-cü “Euroasia”-da iştirak edib və səfərdən yenicə geri dönüb. Onun rejissoru olduğu “Xənnas” filmi beynəlxalq festivalda nümayiş olunub. Festivalı Fipresci-nin xüsusi jürisi və NETPAC da diqqətlə izləyib. Festivalın fəxri qonaqları "Hollivud"un ulduzları Vincent Cassel və dünya kinosunda öz sözünü demiş Emil Kusturiça da Azərbaycanlı rejissorun filmi ilə bağlı dəyərli fikirlər səsləndirib.
Məlumat üçün bildirək ki, rejissorun son işi olan “Xənnas” filmi bundan öncə “Fecr” festivalında da iştirak etmişdi.
- Elvin bəy, bu yaxınlarda “Xənnas” filminiz 14-cü “Euroasia” beynəlxalq film festivalında nümayiş olundu. İlk olaraq sizi təbrik edirik. Festivalda iştirakınızla bağlı bizləri məlumatlandırmanızı xahiş edirik.
- Diqqətiniz üçün minnətdaram. Əvvəla onu deyim ki, bu festival Qazaxıstanda keçirilən mötəbər film festivalıdır. Avropa və Asiya kinosunu birləşdirməyi qarşısına məqsəd qoymuş, tanınmış və dünyada “A” kateqoriyalı hesab olunan film festivalıdır. Hansı ki, həmin festivalın münsif heyəti kürsüsündə əyləşən Fipresci bütün dünyada ən məşhur film festivallarını izləyən münsif heyətidir. Bu festivalda iştirak edən filmləri nəinki yerli münsif heyəti, dünyaca məşhur tanınmış münsiflər də izləyir.
- Festivalın kino aləmindəki yeri haradadır?
- Təsəvvür edin ki, bu festival bütün Avropa və Asiya, hətta Amerika üçün də Fipresci Amerika və Fransanın birgə təşkil etdiyi və bütün dünyanın ən peşəkar kino tənqidçisidir. Peşəkar dünya kino tənqidçilərindən təşkil olunmuş münsiflər heyətidir. Və onların bu festivalı izləmələri və qiymətləndirmələri təbii ki, onun göstəricisidir ki, bu festival Avropa və Asiya üçün çox maraqlı bir beynəlxalq film festivalıdır. O cümlədən də Vincent Cassel kimi Qollivud ulduzunun hansı ki, “Qızıl palma”dan, Kann festivalından tutmuş Berlin festivalına qədər demək olar bütün A kateqoriyalı festivallarda iştirak edib. Eyni zamanda nüfuzlu festivallarda iştirak etmiş filmlərin baş rol ifaçısı olmuş və illərin meqaulduzu, meqastarı yəni Qollivudun meqa starı Vincent Cassel iştirak eləməsi və “Qızıl palma”, Kanda ən yaxşı rejissor işi nominasiyaları üzrə mükafatlandırılmış, Oskara nominasiyaya getmiş Emil Kustrisanın festivalda master klass vermiş və Emil Kustrisanın açılışda iştirak etməsi festivalda iştirak etməsi təbii ki, festivalın nüfuzunun göstəricisidir.
- Beynəlxalq festivallara yol tapmaq o qədər də asan deyil. Siz buna necə nail olursunuz?
- Bəli, beynəlxalq festivallara yol açmaq o qədər də asan deyil. Amma bu o demək deyil ki, bu, mümkün deyil. Sadəcə, bundan ötrü beynəlxalq festivallarda iştirak etmək, nə puldan, maddi imkandan, nə sosial statusdan, yəni tanışlıqlar, dostluqlar vasitəsilə, tapşırılmaq vasitəsilə alınan məsələ deyil. Beynəlxalq festivallarda iştirak etməyin bir yolu var, o da keyfiyyətli və dünya tamaşaçısı üçün maraqlı ola biləcək filmləri çəkməkdir. Biz də belə bir film çəkdiyimizə görə dünya beynəlxalq festivalları bizi bütün vəsaitlərimizi qarşılayaraq sevə-sevə iştirak üçün dəvət ediblər.
- Bundan öncə də "Xənnas" filmi "Fecr" festivalında da iştirak etmişdi.
- Bundan iki ay öncə İranda keçirilmiş “Fecr” beynəlxalq film festivalında iştirak etdim. Hansı ki, bu festivalı regionun ən mötəbər festivallarındandır. İran kinosu dünyada çox sürətlə inkişaf etməkdədir. Bildiyimiz kimi son illərdə iki Oskar mükafatını qazandılar. Orada kino-market bölməsində bütün dünyanın nüfuzlu istehsalçı şirkətləri, distribüter şirkətləri və ümumiyyətlə, film işi ilə ciddi məşğul olan şirkətlərin adlarının, nümayəndələrinin olması həmin festivalın olduqca mötəbər və nüfuzlu olmasından xəbər verir. Həmin festivalda da biz Azərbaycanı uğurla təmsil edə bildik.
- Festival rejissora nə verir?
- Festival rejissorun mütləq olmalı olduğu yerdir. Niyə? Çünki inanılmaz şanslar, inanılmaz tanışlıqlar, həqiqətən də faydalı biliklər, faydalı yollar, yeni istiqamətlər kəşf olunur, yeni filmlər, yeni nəfəslər, yeni mədəniyyətlərin filmlərini izləmək insanın beynini həm yaradıcı tərəfdən, inkişaf etdirir, həm də bir şəxsiyyət kimi formalaşmasında, şəxsiyyət kimi inkişaf etməsində böyük təsir göstərir.
- Sizcə film ərsəyə gəldikdən sonra festivallarda iştirakı üçün onun PR mı güclü olmalıdır, yoxsa filmin keyfiyyəti səviyyəsi?
- Qətiyyən. Filmin festivallarda iştirak etməsi üçün filmin PR qətiyyən heç kimə maraqlı deyil. Ola bilər ki, filmin PR-na milyonlarla pul qoyulsun, amma o filmi heç bir festival götürməsin. Bu qətiyyən PR işi deyil, bu qətiyyən reklam işi deyil, bu tamamilə filmin keyfiyyəti ilə düz mütənasib olan bir məsələdir. Film nə qədər keyfiyyətlidirsə festivallarda iştirakı ehtimalı o qədər yüksəkdir.
- Rejissoru olduğunuz “Xənnas” ilk mistik triller filmimizdir. Ümumiyyətlə qorxulu filmlərə insanların marağını çəkirmi?
- Qorxulu filmlərə insanların marağı müxtəlifdir. Bəzi insanlar var ki, onların marağı var və böyük əksəriyyətinin isə qorxulu filmlərə marağı yoxdur. Çoxluq qorxulu filmlərə qarşıdır və ümumiyyətlə baxmırlar. Deyirlər ki, həmin filmlər onlara mənfi emosiyalar ötürür və bu bütün dünya praktikasında belədir. Ən az satılan janr qorxulu filmlərdir janrıdır. Mənim isə qorxulu filmi və ümumiyyətlə qorxu hissi ilə heç bir əlaqəm yoxdur. Sadəcə, Azərbaycanda qorxu filminə heç kim toxunmadığı üçün mən də bir eksperiment olaraq bu işi gördüm. Özüm tamamilə qorxu ilə əlaqəsi olmayan biriyəm.
- Çəkdiyiniz filmlərdə həm də özünüz də çəkilirsiniz. Çəkildiyiniz obrazları heç kimə həvalə edə bilmirsiniz, yoxsa bu nədən qaynaqlanır?
- Mən çəkdiyim filmlərdə özüm çəkilmirəm. Bu yalnız bir dəfə olub, o da universitet dövründə. Bildiyiniz kimi mənim atam Fərman Abdullayev aktyor olub. Onu daha çox Fərman Şəkili kimi də tanıyırdılar. Və mən kiçik yaşlarından onun yanında teatr, kinoda fəaliyyət göstərmişəm və mənim fəaliyyətim aktyorluq olub. Hətta Eldar Quliyevin “Bu dünya nə gözəldir”filmində də rol almışam. Və mən universitet dövrünə qədər aktyorluqla məşğul olmuşam. İkinci kursda ilk dəfə çəkdiyim bədii filmdə özüm oynamışam. Qalan heç bir filmdə özüm oynamamışam. Özüm oynamaqdan xoşum gəlmir. Düşünürəm ki, nə vaxt görsəm ki, ssenaridə mən oynamalıyam, bu, mənəm deyəndə ki, yəni bu obrazı mən oynasam film üçün xeyirli olacağını görsəm o obrazı yəqin ki, özüm oynayaram. Özümün oynamamağımın bir səbəbi də odur ki, çəkiliş vaxtı görəcəyim iş həcmcə çox olacaq və o da təbii ki, məni daha çox yoracaq. Düşünürəm ki, daha çox vaxt itkisi olacaq.
- Bu sənətdə nələrisə qurban vermisinizmi?
- Bəli, bu sənətdə çox şeyi qurban vermişik. Mən sənətdə olaraq bu haqda danışmaq istəməzdim, amma inanın ki, olduqca çox şey bu sənətə qurban verilib. Ümid edirəm ki, Allah əziyyətimizi yerdə qoymayacaq. Yaxşı filmlər yaxşı film olmalıdır. Hansısa standartlara cavab verməli olan film məncə yoxdur. Çünki o rejissorun şəxsi yanaşmasından və şəxsi düşüncələrindən və öz dünyasından asılı olan bir cavabdır.
- Yaxşı film necə olmalıdır? Hansı standartlara cavab verməlidir?
- Rejissor təyin etməlidir ki, çəkdiyi film kimlər üçündür. Çünki filmin yüzlərlə növü var. Məsələn, əgər geniş kütlə üçündürsə onda hansısa standartlardan danışmaq olar. Lakin əgər konkret peşəkar film və festivallarla və peşəkar insanların qarşısına çıxacaq olmalı audio məhsuldan söhbət gedirsə düşünürəm ki, orda standartların olması məntiqli, düzgün olmaz. Çünki yenə də deyirəm bu şəxsi məsələdir, şəxsi seçim, şəxsi düşüncədir. Və bir yerdə standart varsa bəlkə də orda yaradıcılığın hüdudlanması baş verə bilər. Ona görə hansısa standartdan söz getməsi məncə doğru deyil.
- Qarşıda hansı layihələr var?
- Gələcək planlarımız ölkəmizin filmini dünyada tanıtmaq üçün olduqca faydalı işlər olacaq. Amma təəssüflər olsun ki, hələ həmişəki kimi bizim büdcə problemimiz var, hələ ki, bu problem bizi izləyir ümid edirik ki, bir gün mütləq bizə diqqət və qayğı göstərəcəklər və biz istədiyimiz ideyaları reallaşdıra biləcəyik. Çox sağ olun ki, sizin kimi jurnalistlər işimizi işıqlandırır. Bunun üçün sizə təşəkkür edirəm.
Könül Əhmədova