Rəşad Sadıqov: “O "Qarabağ" illərlə qurulmuşdu”

10:22 - 19 İyul 2018 - İDMAN

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Sloveniyanın "Olimpiya" klubu ilə 0:0 hesablı heç-heçə edərək növbəti mərhələyə adını yazdırıb.

Qarşılaşmadan sonra Ağdam təmsilçisinin fkapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
- İlk növbədə komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm. Çox önəmli oyun idi. Püşkdən sonra narahatlığımız var idi. Çünki "Olimpiya" yaxşı komandadı. Bu gün də çox gözəl oyun nümayiş etdirdilər. Bizim futbolçular bu gün sonadək yaxşı mübarizə apardılar, nəticə üçün əllərindən gələni elədilər. Düşündüyümüz çox şey meydanda alınmadı. Oyundan qabaq Qurban müəllim fərqli tapşırıqlar vermişdi. Daha çox topa nəzarət etməli, kombinasiyalı hücumlar qurmalı idik. Amma sizin də gördüyünüz kimi rəqib buna imkan vermədi. Bu günkü durumumuzda mərhələni keçmək çox vacib idi. Çatışmayan cəhətlərimiz çoxdu, bunu hamımız bilirik. Problemlərimizin olması heç kəsə sirr deyil. Hamısını sadalamaq istəmirəm. Həmişə yaxşı oyunla nəticə əldə olunmur.

- Əvvəlki "Qarabağ"ı görmək üçün nə lazımdı?
- O "Qarabağ" illərlə qurulmuşdu. Günbəgün, aybaay o komanda formalaşmışdı. Yenidən elə komanda yaratmaq asan olmayacaq. 10 nəfərlə belə "Çelsi" kimi komanda ilə oyunda top saxlamaq, bu tip şeyləri ola bilər ki. bir müddət görməyək. Hazırda ən vacib olan yavaş-yavaş oyunumuzu düzəltmək və paralel olaraq nəticələr əldə etməkdi.

- Müdafiəçilərin oyunundan razı qaldın? Tez-tez meydanın kənarından iradlarını bildirirdin...
- Müdafiəçilərin hamısına yox, bir epizodda Donald Geryeyə irad bildirdim, arxaya atılan toplarda diqqətli olmasını istədim. Donald bu gün ən yaxşı oyunlarından birini keçirdi. Düşünürəm ki, belə davam etsə, onu da itirə bilərik, harasa transfer ola bilər.

- Növbəti rəqib "Kukesi"di. "Qarabağ"dan nə gözləmək olar? Artıq çoxları komandanın 3-cü mərhələdə olduğunu düşünür...
- Xeyr, belə deməzdim. Şükürlər olsun ki, komandamız belə şeylərə getmir. Səfərdə qələbə qazanmağımıza baxmayaraq, arxayınlıq yaranmır, komanda boşalmır. Bir azca arxayınlaşsaydıq, mərhələni keçə bilməyəcəkdik. Əgər qol buraxsaydıq, bu bizə baha başa gələcəkdi. Psixoloji, fiziki cəhətdən oyunu dəyişmək çox ağır olacaqdı. Ümumiyyətlə 3-cü, 4-cü mərhələ barədə düşünmürük. Bizim üçün ən vacib olan 2-ci mərhələni keçməkdi. Qismət olarsa. ondan sonra növbəti mərhələni düşünərik. Hazırda əsas fikrimiz "Kukesi" ilə səfrdə keçirəcəyimiz oyundadı.

- Hücumçu transferi olacaq?
- Onu bilirəm ki, axtarılır. Mütləq gəlməlidi. Başqa varian yoxdu. Təxminən 10 hücumçu ilə danışıq aparılıb, razılıq əldə edilib, son anda baş tutmayıb.

- Tanınmış hücumçular var danışıq aparılanların içində?
- Hazırda kiminlə danışıq getdiyini bilmirəm. Əvvəl çox tanınmış, səviyyəli hücumçular olub ki, son anda çempionatımıza görə Azərbaycana gəlmək istəməyiblər.

- Final fitindən sonra baş verənlərlə bağlı danışardın...
- Onların futbolçusu Ozobiçin üstünə top atdı. Mən tez ayırdım ki, bizim onsuz da oyunçumuz azdı, kimisə itirməyə lüzumumuz yoxdu.

- Mahir Mədətov bu gün zəif təsir bağışladı. Bunun səbəbi nədi?
- Ümumiyyətlə tək-tək kiminsə oyunu haqda danışmaq istəmirəm. Həqiqətən də çox stressli oyun idi. Bu gün mənim üçün vacib olan nəticə idi. Mərhləni keçə bilməsək, bunun bizim üçün necə ağır zərbə olacağını bilirdim. Ümumən sonadək mübarizə apardıqlarına görə bütün komanda yoldaşlarımdan razı qaldım. qafqazinfo

Xəbər xətti