Ana səhifə
17 Avqust 2018

Beynəlxalq təşkilat olan “EAKOP”da Azərbaycanın mövqeyi güclənir

İyulun 2-6 tarixində Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının toplantısı keçirilib. Toplantıya Türkiyənin müəllif hüquqları təşkilatlarının təmsilçiləri də müşahidəçi qismində qatılıblar.

Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyası Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya dövlətləri əhatə edir. Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının sıralarına yenicə qatılan Azərbaycanı Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə təmsil edib. Üç gün davam edən konferansda bir sıra yeni prinsiplər və texnologiyalar barədə müzakirələr aparılıb. “EAKOP”un bu sahədə ən böyük qurum ola biləcəyi prioritet məsələ kimi dəyərləndirilib.

“EAKOP”-un baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov tədbirdə tanınmış rəssam Günay Mehdizadə kimi peşəkar insanların təmsil olunmasını fəxarətlə vurğulayıb. Bildirib ki, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasında Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində təmsil olunan dövlətlərin müəllif hüquqları sahəsi üzrə ixtisaslaşan ziyalı insanları ilə yanaşı, aparıcı milli cəmiyyətlər də təmsil olunmaq iqtidarındadır.

Onun sözlərinə görə, təşkilatda Çingiz Abdullayev, Anar, Fikrət Qoca kimi ziyalılarla yanaşı, tanınmış Azərbaycan bəstəkarlarının da adı yer alır: “Lakin təşkilat, bildiyiniz kimi yalnız üzvlərdən deyil, eyni zamanda, prezidiumdan, yəni daimi üzv heyətindən ibarətdir ki, bu da səs çoxluğu ilə müəyyən olunur. Həmin prezidiumda isə əsasən aktiv və daima inkişafa meylli olan insanların cəlb olunmasına üstünlük verilir. Günay Mehdizadə isə gənc nəslin nümayəndəsi kimi olduqca aktiv və inkişafa meyilli biridir. Belə insanların Azərbaycanı istənilən qurumda təmsil edə bilməsi hər baxımdan perspektivlidir”.

İ.Məmmədkərimov eyni zamanda, bu günlərdə təşkilatın sədri Oleq Molçanın "Sputnik" informasiya portalının xüsusi buraxılışında çıxış edərkən azərbaycanlı rəssam Günay Mehdizadə haqqında müsbət fikirlər söyləməsini də xatırladıb: “Mən həmin qurumun baş direktoruyam. Ona görə də, həmin qurumda ləyaqətlə Azərbaycanı təmsil edə bilən xalq artisti Siyavuş Kərimli, tanınmış rəssam Günay Mehdizadə kimi ziyalı insanların yer alması yalnız və yalnız fəxarətlə qarşılanmalıdır”.

Türkiyənin Azərbaycandakı mədəniyyət müşaviri İrfan Çiftçi isə Türkiyənin də müşahidəçi statusunda iştirak etdiyi iclasda Azərbaycanın bir təmsilçisinin beynəlxalq təşkilatda olmağı, Günay Mehdizadənin “EAKOP” idarə üzvlüyünə seçilməsi, Azərbaycanın və Türk Dünyasının bir qələbəsi olduğunu vurğulayıb: “Günümüzdə xüsusən də, internet üzərindən ən çox əməyi oğurlanan yaradıcı insanlar var. Texnoloji vasitələrdən, müasir üsullardan istifadə edərək əmək haqlarını, müəllif hüquqlarını qorumalıyıq: Sənəti və mədəniyyəti xüsusən də, gənclərin ən çox istifadə etdiyi internet üzərindən təbliğ etməliyik. Eyni zamanda, dizayner və kompüter üzrə mühəndis olan Günay Mehdizadə, mətbuatdan oxuduğuma görə, yaxın zamanda eyni təşkilatın “müasir vasitələrlə mədəniyyətin təbliği” beynəlxalq simpoziumda iştirak etmişdi. Günay xanım artıq klassik üsullarla standart sərgilərin, kitabda dərc edilmiş mətnlərin günümüzdə sənətin təbliğatı adına kifayətsiz olduğunu və bu klassik vasitələrlə dijital atmosferin birgə olmasının zərurətinə aid layihələrin olduğunu bilən, müasir fikirləri olan bir sənətkardır. Bunun üçün ondan mədəniyyət sənət sahəsində çox yaradıcı işlər gözləyirik. Ona dair ümidlərimiz çoxdur”.

Tanınmış rəssam Günay Mehdizadə isə öz növbəsində baş tutan konfransda hər kəsin yekdilliklə ona səs verməsindən məmnunluq hissini bildirdib: “Belə təşkilatlarda Azərbaycan mədəniyyətinin tərənnüm olunması diaspora fəaliyyətinə, eyni zamanda milli-mənəvi sərvətimizin tarixə həkk olunması uğrunda bir tövhədir. Qəlbi Azərbaycanla döyünən hər bir sənətçi həmkarlarımın isminin beynəlxalq təşkilatlarda çəkilməsini nəinki mənim, həm də Azərbaycanımızın sevinci kimi qəbul edirəm. Hesab edirəm ki, bu belə də olmalıdır. Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq maraqla qarşılanması təbii ki, böyük sevincdir. Və inanıram ki, mən Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə və xalqıma bəxş edə biləcəyəm”.

Qeyd edək ki, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının başlıca məqsədi öz əhatə dairəsini genişləndirməkdən ibarətdir.

Tarix
16 İyul 2018 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin