Ana səhifə
17 Avqust 2018

“Kamran Quliyevin “pult”u başqasının əlindədir”

“Təxminən 20 gündü “Neftçi”dən ayrılmaq məsələm var idi. Müraciət elədim ki, şans verin, özümü doğrultmasam, ərizəmi özüm yazacam. Axı burda ola-ola kənardan məşqçi gətirirsiniz, bu mənə pis təsir edir”. Ucnoqta.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” Futbol Akademiyasının sabiq baş seleksiyaçısı Kamal Quliyev deyib.

“Neftçi”dən yenicə ayrılan milli komandamızın keçmiş üzvü klub rəhbərliyini tənqid atəşinə tutub.

O, prezident Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanovun münasibətindən narazılıq bildirib: “Yeni rəhbərlik əvvəlcə bildirdi ki, 19 yaşlıları sənə veririk, get, komanda qur. Sonradan gördüm ki, danışıqları ilə əməlləri üst-üstə düşmür. Məni çağırıb dedilər ki, seleksiya xidmətinin rəhbərisən, “Neftçi”yə gələndən bura neçə uşaq gətirmisən? Axı “Neftçi”də belə bir sistem yoxdu, hərə özü ilə uşaq gətirsin. Akademiyanın yaş qruplarının məşqçilərinə demişdim ki, hansı uşaqları cəlb etmək lazımdısa, siyahını verin, nüfuzumdan istifadə edib gətirim. Bir-bir qeyd eləməliyəm ki, bu uşağı mən gətirmişəm, o birini Əli, digərini Vəli? Deyir ki, bizdə belə idi. İkincisi, klub prezidentinə bildirdim ki, “Sumqayıt”da olanda perspektivli uşaqları kim istədi göndərirdiz? Axı kim yaxşı uşağı əldən buraxmaq istəyər? Əslində, akademiyadan uşaq götürəndə kompensasiya ödəməlisən. Ancaq bizdə belə şey də yox idi. Bunun üçün heç vəsait də ayrılmayıb. Orda, ümumiyyətlə, iş prinsipi yoxdu, mənasız tələblər edirlər”.

 

Kamal Quliyevin fikrincə, rəhbərlik üçün arzuolunmaz şəxs olduğundan, bu addım atılıb: “Bundan əvvəlki rəhbərlik “Neftçi”yə təyinatımı gecikdirirdi. Bu rəhbərlik isə idman direktorluğu vəzifəsinin mənim üçün tez olduğunu bildirdi. Prezidentə dedim ki, yaşda məndən kiçiksiniz, sizin üçün prezidentlik tez deyil, mənim üçün idman direktorluğu tezdi? Gördüm ki, iyrənc söhbətlər aparılır. Belə bir məsəl var: ayının min oyunu var, bir armudun başında. Sadəcə, onlar üçün “Neftçi”də arzuolunmaz insan idim, məni orda istəmirdilər. Halbuki, bu klubda əziyyətim var. “Neftçi”də pul olmayanda hamısı ora-bura qaçıb gizləndi, mən isə bir il ac-susuz futbol oynadım. İşimi görmədən necə hökm oxuya bilərsiniz? Bəyəm kluba bu qədər yadam? Bir səbəb var: bunların adamı deyiləm. Onlar kimi, kənardan idarə olunmuram. “Neftçi” rəhbərliyinin “pult”u başqasının əlindədi. Ortada Tərlan Əhmədov nümunəsi var. O gələndə “Neftçi”nin 1 xalı var idi. Komandanı Avropa Liqasına daşıdı, min cür bəhanə ilə onu göndərdilər. Mən gənc olanda veteran futbolçular deyirdilər ki, “Neftçi”yə bir gələn sevinir, bir də gedən. İndi gördüm ki, həmin düşüncə hələ də qalır. Kollektivdə saf, işini bilən insanlar da var. Amma çoxu vaxt öldürməklə məşğuldu”.

 

40 yaşlı mütəxəssis söyləyib ki, rəhbərlik ondan hər gün bazada olmağı tələb edib: “Günün bir hissəsini ofisdə keçirirdim, ikinci hissəsində isə aşağı yaş qrupu üzrə oyunları izləməyə gedirdim. Həmçinin akademiyanın məşqlərini izləyirdim, uşaqlara baxırdım. Axı otaqda boş-boş oturmaqla xeyir verə bilməzsən. Elə bil məni güdürdülər. Ofisdən çıxan kimi, aləmi bir-birinə vururdular ki, hara getdin? Bəzən evdən birbaşa akademiyanın oyunlarına gedirdim, deyirdilər ki, bu gün işə gəlməmisən. Saat 10-da oyun başlayır, adımın qeydiyyata düşməsi üçün mütləq bazaya gəlib, kartı vurmalıyam? Gülünc iş prinsipləri var. Deyirdim ki, mən seleksiya rəhbəriyəm, bu nəzarəti bazanın işçilərinə edə bilərsiniz. Tez-tez zəng edirlər ki, filan yerdə yaxşı uşaq var, baxmaq lazımdı. Hər dəqiqə çıxış üçün yazılı müraciət etməliyəm? Hamısı boş-boş bəhanələr idi”.

 

Kamal Quliyev rəhbərliyin sponsorlara klubla bağlı düzgün məlumat vermədiyini sözlərinə əlavə edib: “Məni “Neftçi”yə klubun sponsorlarından olan Mikayıl İsmayılov göndərmişdi. Amma rəhbərlik gördüyü işlərlə bağlı onlara düzgün məlumatlar çatdırmır, yalan vədlər verir. Mənim də burda olmağım onlara sərf eləmir. İşdən azad etmək başqa, insana ləkə yaxmaq başqadı. Adıma cürbəcür söz-söhbət çıxardılar ki, məni gözdən salıb, işdən çıxarsınlar. Dedim ki, o insanın bütün qara işlərini açıb tökərəm ortaya. Onlara bildirdim ki, sizin kimi qara ləkə deyiləm, vaxt gələr haqq nahaqqı üstələyər”.

 

“Neftçi”nin keçmiş yarımmüdafəçisi hazırkı prezident Kamran Quliyevlə klubun sabiq rəhbəri Sadıq Sadıqovu da müqayisə edib: “Mən ömrüm boyu Sadıq Sadıqov kimi prezident görməmişəm. Yadımdadı, hansısa vacib oyunun ilk hissəsində Erik Ramos zədələnmişdi. Fasilədə həkim dedi ki, oynaya bilməz, futbolçu da onunla razılaşırdı. Sadıq müəllim onun ayağını dizinin üstünə qoyub sığalladı. Ondan sonra Ramos dedi ki, nə zədə, ayağım qırılsa da, oynayacam. Klub prezidenti belə olar, indiki kimi qorxaq olmaz, qaçıb gizlənməz. Bunlar hələ bilmirlər ki, idarəçilik necə olur”.

 

Quliyev sonda bir daha “Neftçi”nin sponsoru SOCAR-a müraciət edəcəyini vurğulayıb: “Klubun baş sponsoruna yenə müraciət edəcəm. Hər şeyi açıq şəkildə deyirəm, heç kimdən də çəkinmirəm. Axı gizlin bir işim olmayıb ki, çəkinim. Əksinə, indiki rəhbərliyin mənim yanımda gizlin işləri var. Qoy, onlar çəkinsinlər”.

Tarix
16 İyul 2018 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin