Yayın qızmar və günəşli günləri bir-birini əvəz edir. Bu da istirahətə getmək istəyənlərin sayını artırır. Bəzi insanlar bağ evinə, öz rayonlarına, digəriləri isə ölkəmizin hüdudlarından kənarda dincəlməyə üstünlük verirlər. Gəlin baxaq görək, kimlər bu yayı harada və necə keçirir?
Leyla Ramazanlı: “İstirahət üçün hələ ki, heç yerə getməmişəm, Bakıdayam. Amma istirahətə Türkiyəyə getməyi planlaşdırmışam. Orada həm klip çəkilişim olacaq, həm də istirahət edəcəyəm. Keçən il də Türkiyəyə gedmiş, orada fotosessiyamı etmişdim. Həmişə çalışıram ki, işlə istirahəti bir yerdə edəm. Çünki vaxtımı tam olaraq istirahətə ayıranda elə bilirəm ki, bütün işlərim tökülüb qalıb”.
Allahverdi Yolçuyev: “Sovet dönəmindən bəri məzuniyyət vaxtım demək olar ki, yay aylarına düşür. İmkanı olan meşəyə, dağa, kəndə, dənizə, öz bağ evinə gedir, imkanı olmayan isə ailəsi ilə birlikdə evində oturur. Yuxuda Kanar adalarında, İtaliyada gəzdiyini, istirahət etdiyini görür, oyandıqdan sonra isə görür ki, həmişəki kimi evindədir. Deyir, heç olmasa yuxuda gəzdim (Gülür). Bizim elə imkanımız yoxdur ki, harasa gedək. Amma arzu, istək var... Dost-tanışdan kimsə dəvət etsə gedirik. Nəvələrim deyir ki, baba, bizi bağa apar. Bağa getməyin özü də xeyli xərc tələb edir, gərək orada şərait olsun. Son illər ailəliklə harasa istirahətə getdiyimiz yadıma gəlmir. Dost-tanışla dənizə getmişəm. Azərbaycan çox gözəldir, İsmayıllı, Oğuz, Qəbələ və s. o qədər gözəldir ki, adam şəhərə gəlmək istəmir. Amma qiymətlər çox bahadır”.
Müğənni Baloğlan Əşrəfov: “Müğənnilər üçün yayda xüsusi istirahət günləri nəzərdə tutulmayıb. Bəzən yay günlərində toylarımız, tədbirlərimiz olur. Normal insanlar kimi iş saatımız bəlli deyil. Birdən yayın qızğın vaxtında kimsə övladına toy edir, bizə işi düşür. Biz də gedib həmin toyda iştirak edirik. Əgər əlimə imkan düşsə, ilk öncə öz doğma Masallı rayonumda dincələcəyəm. Çünki bizim zonanın təbiəti gözəldir və orada hər cür şəraitim var. Azərbaycan başdan-ayağa turist ölkəsidir, nə istəsən var. Amma düşündüyünüz kimi xaricdə istirahətə getmək söhbəti yoxdur”.
“Sağlam cəmiyyət” İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı: “Mən uzun illərdir, istirahət üçün yay aylarında atam evinə gəlirəm. Tovuzun kəndində dincəlirik. Bu yolu seçməyimin səbəbi isə ilk öncə sərfəli olması ilə bağlıdır. İkincisi isə, uşaqların öz qohum-əqrəbasının əhatəsində böyüməsi üçün məncə, bu, ən optimal yoldur. İndiki dövrdə ünsiyyətsizliyin ən pik vaxtında yaşayırıq. İnsanlar öz qohumları ilə əlaqə saxlamır, qohumluq əlaqələri getdikcə pozulur. Səmimiyyət və münasibət əvvəlki kimi deyil. Ona görə də istəyirəm ki, uşaqlarım öz qohumlarımın ətrafında böyüsün. Beləliklə də, itirilməkdə olan qohum əlaqələri bərpa olunur. Rusiyada yaşayan qohumlarımız belə uşaqlarını götürüb kəndə istirahətə gəlir”.
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu Aydan Nəzərova: “Sözün düzünü desəm, hələ də iş başındayam. Çünki yay vaxtında məktəblərdə tətil olur və biz çalışırıq ki, övladlarımızın xidmətində dayanaq. Tətil olduğu üçün xarici ölkələrdən gələnlər çox olur. Ona görə də yay mövsümü boyunca bütün mərkəzlərimiz fəaliyyətdədir. Məzuniyyətə də gedəndə növbəli şəkildə gedirik, çünki uşaqlarımızın sağlamlığını öhdəmizə götürmüşük, can-başla onlara qulluq edirik. Hələ ki, planımda istirahət üçün yer yoxdur. Avqustun sonları artıq məktəblərin başlamasına az qalmış uşaqlardan tam nəticələrimizi aldığımıza əmin olduqdan sonra dincəlməyə üz tutacağıq. Bu zaman can rahatlığı ilə, vicdanımız rahat şəkildə istirahət edirik. Uşaqlarla işləmək bizə zövq verir, bundan yorulmuruq. Onlarla ünsiyyətə girmək, söhbət etmək sanki bizə istirahətdir ”.
Ekspert Azər Allahverənov: “Artıq neçə illərdir ki, yay tətilini iş başında keçirirəm. Çünki vəziyyət elə gətirir ki, işimizin çoxluğu yay fəslinə təsadüf edir. Məzuniyyət götürsəm də, bir neçə günlük olur. Əsasən Bakıda oluram, amma ola bilər ki, bir neçə günlük rayonlara qohum evlərinə gedim”.
Müğənni Könül Kərimova: “Yay tətilini ölkə xaricində keçirəcəyik. Ailəmlə birlikdə Antalyaya getmək fikrimiz var. Orada olacağıq. Amma bununla yanaşı öz rayonlarımıza da gedəcəyik. Vaxtım qaldıqca hər yerə getmək istəyirəm”.
Ələkbər Əliyev: “Yayda ilk öncə Moskvaya futbol üzrə Dünya Çempionatına getdim. Hazırda isə yeni bir film üzərində işləyirik. İşləri yekunlaşdırdıqdan sonra Türkiyəyə getməyi planlayıram. Bir həftə İstanbulda dincəlmək niyətindəyəm. Ora tək gedəcəyəm, amma Antalya və Bodruma ailəmlə gedəcəyəm”.
Tarzən Ramiz Quliyev: “Mən işlərin bitməsini gözləyirəm. İmtahanlar yekunlaşdıqdan sonra qərar verəcəyik ki, görək hara getmək və istirahəti necə keçirmək olar. Son günlər havalar çox isti keçir, ona görə kondisionerin yanından çox ayrılmırıq. Havalar bir az sərinləyəndən sonra bir şeylər fikirləşərik”.
Gülyanaq Məmmədova: “Hələ ki, Bakıdayıq, dincələ bilməmişik. Havalar istidir və uşaqlar da körpədir deyə evdən çıxartmaq olmur. Bir həftəlik Şəkiyə evimizə getdik, başqa heç yerə getməmişik. Əgər vaxt edə bilsək dincəlməyə gedərik”.
Könül