Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri dövlətə mənsubdur və özgəninkiləşdirilə bilməz

18:15 - 16 İyul 2018 - KİVDF

Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bələdiyyələrin mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də ekoloji təhlükəsizliyin təmin edilməsidir. Ölkəmiz müstəqillik qazandıqdan sonar bu sahəyə maraq daha da artdı və hüquqi baza formalaşdırıldı. Bu isə hüquqi dövlət quruculuğunda önəmli idi. Beləliklə, “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. Sonra bunun davamı olaraq 1998-ci ildə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə isə “Ətraf mühitin mühafizəsi haqqında” qanun qəbul edildi. Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. Sonradan bu qanunfda bir sıra dəyişikliklər edildi.

2000-ci ildə isə“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi. Bu Qanun isə Azərbaycan Respublikasının ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin və mühafizəsinin, xüsusi mühafizə olunan təbiət obyektlərinin qorunmasının hüquqi əsaslarını müəyyən edir. Qanunun 1-ci maddəsində bildirilir ki, xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri - elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. Qeyd edək ki,  xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericilik bu Qanundan “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Qanunun 3-cü maddəsi xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin, mühafizəsinin və istifadəsinin əsas prinsiplərini tənzimləyir. Bildirilir ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır: bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması;xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi;sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət;xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması;xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;beynəlxalq əməkdaşlıq.

Qanunun 4-cü maddəsi isə xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzərində mülkiyyəti tənzimləyir. Bildirilir ki. Azərbaycan Respublikasının ərazisində beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz. Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bələdiyyələrin mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülkiyyətində, istifadəsinlə və icarəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri yarada bilərlər.
Bunun ardınca 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirir, hidrometeorologiya xidmətini təşkil edir, hidrometeoroloji müşahidələrin aparılmasını, proqnozlar hazırlanmasını və məlumatların yayılmasını təmin edir. Eyni zamanda, təbii ehtiyatların, faydalı qazıntıların, bitki örtüyü, flora, fauna (o cümlədən balıq), su və enerji mənbələrinin istifadə olunması prosesində ekoloji təhlükəsizliyin gözlənilməsi, ekoloji baxımdan torpağın bərpası və mühafizəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini də  Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir və öz səlahiyyətləri çərçivəsində mineral-xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət edir. Bu isə onu göstərir ki, ekoloji problemlərin həlli dövlətimizin diqqət göstərdiyi əsas istiqamətlərdən biridir.

Bu gün nazirlik ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini genişləndirir.
 Qeyd edək ki, ekoloji cəhətdən dayanıqlı social-qtisadi inkişafa dair Milli Proqramın hazırlanması və həyata keçirilməsi bu sahədə önəmli addım idi. Milli Proqram «Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb. Ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olan bu Milli Proqramın işlənməsi ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edərək iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəldi. Bu Milli Proqram dayanıqlı inkişafın əsas istiqamətlərini müəyyənləşdirməklə müvafiq tədbirlər sistemini əhatə etdi. Milli Proqram Azərbaycan Respublikası üçün mövcud problemlərin həllinin ilkin mərhələsi olaraq, 2003-2010-cu illərdə həyata keçirilən tədbirlər planını əhatə edirdi. Milli Proqramın məqsədi Azərbaycan Respublikasında indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunmasından və təbii ehtiyatlardan səmərəli istifadə edilməsindən ibarət idi.

(davamı var)

 

Xəbər xətti