Bakıda binanın liftinin qırılması ilə bağlı cinayət işi başlanılıb

16:49 - 14 İyul 2018 - Xəbər

İyulun 13-də Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin qırılaraq 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Ucnoqta.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb. Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib. Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti