“Bitkoinin real qiyməti indiki səviyyədən qat-qat aşağı olacaq”

18:50 - 13 İyul 2018 - İQTİSADİYYAT

Vüqar Bayramov: “Bitkoinin riskli valyutadan çıxarılması üçün hökmən aparıcı ölkələrin Mərkəzi Bankları tərəfindən virtual valyutanın dəstəklənməsinə ehtiyac var”
Rəşad Həsənov: “Bu gün bitkoin üçün ən böyük risklərdən biri cinayətkar təşəbbüslərin reallaşdırma imkanlarının yüksək olmasıdır”


Son dövrlərdə virtual valyutalara olan maraq xeyli artıb. Həmin kriptovalyutalardan ən populyarı isə bitkoindir. İlin əvvəlində bitkoinin qiyməti 18 min dollara yaxın olsa da, hazırda 6,6 min dollar üzərindədir. Ümumiyyətlə, rəqəmlər aşağı-yuxarı tez-tez oynayır. Maraqlıdır, bitkoinin qiyməti hansı meyarlara əsasən tənzimlənir? Yaxın gələcəkdə bitkoini nə gözləyir?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, bitkoin mərkəzləşdirilmiş virtual valyutadır, son dövrün qiymətlərində müəyyən interval daxilində dəyişmələr var, amma kəskin qiymət artımlarının olduğunu demək mümkün deyil. Bununla belə, nəzərə alaq ki, bitkoin dövriyyəyə buraxılan zaman onun qiyməti bir neçə sent idi, hazırda isə, 6,6 min dollardır. Dövriyyəyə buraxıldığı dövrlə müqayisədə qiymət daha yüksək hesab olunur”. 

Eyni zamanda ilin əvvəlində bitkoinin qiymətinin 18 min dollardan artıq olduğunu vurğulayan V.Bayramovun sözlərinə görə, bitkoinin qiyməti bir neçə ay əvvəlki dövrlə müqayisədə nisbətən ucuz hesab edilə bilər: “Bütövlükdə bitkoinin qiyməti Mərkəzi Bankların sözügedən valyutaya münasibətindən asılıdır. Çünki bir sıra aparıcı ölkələr tərəfindən bitkoinin istifadəsinə hələlik icazə verilmir. Və onun gələcəyi ilə bağlı mümkün olmayan açıqlamalar vardır. Bu da nəticə etibarilə bitkoinin qiymətinə təsir göstərir. O baxımdan güman  edirəm ki, virtual valyutalarla bağlı ümumi, hətta qeyri-rəsmi Mərkəzi Banklar tərəfindən bir razılıq əldə edilməyənə kimi o riskli valyuta olaraq qalacaq. Bitkoinin riskli valyutadan çıxarılması üçün hökmən aparıcı ölkələrin Mərkəzi Bankları tərəfindən virtual valyutanın dəstəklənməsinə ehtiyac var. Əgər bu proses baş verərsə, bu gələcəkdə bitkoinin bazar qiymətinin formalaşmasına gətirib çıxara bilər”.

İqtisadçı Rəşad Həsənov isə bildirdi ki, qlobal valyuta bazarlarında, o cümlədən bitkoin bazarında qiymətlərin əvvəlcədən müəyyənləşdirilməsi çox çətindir: “Böyük maliyyə institutları, investisiya şirkətləri əvvəlcədən müxtəlif metodlarla bu kimi proqnozlar hazırlayırlar. Burada müxtəlif metodlardan – texniki və fundamental analizlərdən istifadə olunur, müxtəlif modellər tətbiq olunur. Amma əksər hallarda reallıqda bu kimi analizlərin nəticəsi ilə bazarın ortaya qoyduğu göstəricilər bir-biri ilə uzlaşmır. Lakin hər sahə üzrə, həmçinin bitkoin üzrə qiymətlərə təsir göstərən fundamental məqamlar, şərtlər vardır.  Eyni zamanda müvəqqəti təsir imkanına malik olan faktorlar mövcuddur”. 

R.Həsənovun sözlərinə görə, geniş planda müşahidə edilən fakt ondan ibarətdir ki, bitkoin dəyərini ilin əvvəli ilə müqayisədə əhəmiyyətli səviyyədə itirib: “Bunun da əsas səbəblərindən biri, yəni kəskin şəkildə heç bir konkret əsas olmadan bitkoinin bahalaşmasının korrelyasiyası prosesidir. Bitkoinin satışı artıb, tələbat aşağı düşübdür. Bu da son nəticədə hazırkı mərhələnin formalaşmasına gətirib çıxarıb”.
İqtisadçı qeyd etdi ki, qiymətlərə hazırda təsir edəcək əsas məsələlərdən biri bitkoinə gələcək hüquqi təminatıdır: “Çünki bu gün dünyanın aparıcı mərkəzi bankları, maliyyə institutları, dövlətlər, maliyyə nazirlikləri səviyyəsində bitkoinlə bağlı təzadlı fikirlər səslənir. Bu isə faktiki olaraq gələcəkdə bitkoinin hansı hüquqi əsaslarla fəaliyyət göstərməsinə risklər formalaşdırır. Onun aşağı istiqamətdə dinamikası bu kimi rəsmi çağırışlardan, xəbərdarlıqlardan sonra başladı. İnvestorlar, bazarın iştirakçıları çox yaxşı başa düşdü ki, bitkoinin arxasında real dəyər dayanmır. Real dəyər olmadığı təqdirdə, qiymətlərin müxtəliflik nümayiş etdirməsi mümkündür. Amma yaxın gələcəkdə bu istiqamətdə addımlar atılacaqdır. Hətta bu bazara daha çox liberal yanaşan Yaponiyada belə bu gün bu istiqamətdə təşəbbüslər ortaya qoyulubdur. Bu tənzimləmədən sonra, bitkoinlə bağlı gözlənilənlər aradan qalxa bilər. Bitkoinin real bazar qiymətini tapması istiqamətində trendlər nümayiş oluna bilər”.

R. Həsənov əlavə etdi ki, hazırda qısa müddətli dövrdə məsələyə baxdıqda, prosesə təsir edən əsas məsələ ondan ibarətdir ki, son həftələrdə qiymət ucuzlaşıb: “Bazarda müəyyən iştirakçılar var ki, onlar davamlı olaraq qiymətlərin enməsi və qalxmasından yararlanmağa cəhd göstərirlər, yəni alışa keçirlər. İndiki halda texniki analizlər onu göstərir ki, qiymətlər müəyyən müddət artım nümayiş etdirəcək, hətta 7 min üzərinə də qalxa bilər. Bu səbəbdən də qərarları texniki analizlər əsasında qəbul edən bazar iştirakçıları alış mövqeyinə keçirlər. Əvvəlki dövrlərlə müqayisədə bu gün üçün bitkoinin alışı artıqdır. Bu da qiymətləri artan istiqamətə yönəldir”. 

Bitkoin bazarının neft və valyuta bazarları qədər böyük bir bazar olmadığını vurğulayan iqtisadçı qeyd etdi ki, bitkoin bazarının kiçik olması da qısamüddətli dövrdə, hər hansı bir manipulyativ davranışları həyata keçirmək imkanlarını artırır: “Çünki buradakı bir neçə iri oyunçular var ki, onlar bazarda artıq qiymətlərin dinamikasını öz istəklərinə  uyğun yönəldə bilirlər. Yəni bazarın yönünü dəyişə bilirlər. Bu gün müşahidə etdiyim ondan ibarətdir ki, iri oyunçulardan hansılarsa hələlikdə bitkoinin bahalaşması istiqamətində trendin formalaşmasında maraqlıdırlar. Çünki böyük ehtimalla müəyyən qiymət səviyyəsinə çatandan sonra, artıq onlar kəskin şəkildə öz əllərində olan bitkoinin satışına başlayacaqlar. Yəni qısamüddətli dövrdə bazarda manipulyativ davranışlarla gəlir əldə etmək cəhdləri kimi qiymətləndirilir”.

Uzunmüddətli dövrdə bitkoinin hazırkı qiymət səviyyəsini qoruyub saxlaya bilməyəcəyi qənaətində olan R. Həsənov deyir ki, bitkoinlə bağlı hüquqi tənzimləmə sistemləri bitkoinlərin fəaliyyət dövriyyəsini azaldır: “Bu gün bitkoin üçün ən böyük risklərdən biri cinayətkar təşəbbüslərin reallaşdırma imkanlarının yüksək olmasıdır. Ehtimallardan biri də bu valyuta növünün ən çox istifadəçiləri məhz “kölgə” iqtisadiyyatının iştirakçıları və cinayətkar qruplarının olmasıdır. Amma gələcəkdə tənzimləmələr sərtləşdiriləcəksə və nəzarət mexanizmləri artacaqsa, qeyd edilən cinayətkar subyektlər bu bazarın iştirakçısı olmaqdan çəkinəcəklər. Bununla da bitkoin öz cəlbediciliyini itirəcək. Blokçeyn texnologiyasından istifadə olunması yolu isə proseduraların, ödəniş əməliyyatlarının aparılması, xərclərin azaldılması, böyük şirkətlərin işçi sayının azaldılması və s. kimi faktorlar var. Amma bütövlükdə götürdükdə, burada əsas məqam məhz gizlilik prinsipinin təmin olunmasıdır. Eyni zamanda son il ərzində bir neçə dəfə müxtəlif koin növlərinə haker hücumları oldu. Koinlərlə bağlı toxunulmazlıq, gizlilik kimi bir mifin də sındığı, aradan qalxdığı hiss olunur. Bütün bunların təsirində bitkoinin yaxın 5 ildə öz real qiymətini tapma dinamikası nümayiş etdirəcəkdir. Və düşünürəm ki, bitkoinin real qiyməti indiki səviyyədən qat-qat aşağı olacaq”. 

Könül Əhmədova

Xəbər xətti