Ana səhifə
20 Sentyabr 2018

“İnfrastruktur tramvay xətti salmağa imkan verir”

İlqar Hüseynli: “Tramvaylar tıxacların aradan qaldırılmasında əhəmiyyətli rola malikdir”
Vüqar Bayramov: “Əgər texniki baxımdan infrastruktur imkan verərsə, tramvay xətlərinin bərpası müsbət hal olar”


Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell bildirib ki, Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir. O deyib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər: “Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq. Layihə Bakı Olimpiya Stadionundan “Port Baku”ya kimi, oradan isə Bayraq meydanınadək tramvay xəttinin çəkilməsini nəzərdə tutur. Qeyd edim ki, yeni tramvaylar nəqliyyat vasitəsi kimi bir çox üstünlüyə malikdir - ekoloji cəhətdən təmizdir və zərərli tullantılar buraxmır. Tramvaylar demək olar ki, əhalisi 200 mindən çox olan bütün Avropa şəhərlərində var. Bir sözlə onlar çox səmərəli işləyir”.

Bildiyimiz kimi, Bakıda ötən əsrdə də tramvay xətləri mövcud olub. Lakin sonradan bunun səmərəsiz olduğu əsas gətirilərək sökülüb. Maraqlıdır, görəsən yenidən tramvay xətləri bərpa olunacaqmı? Əgər əvvəllər sərfəli deyildisə, indi sərfəli olacaqmı? Tramvay xətlərinin nə kimi müsbət və mənfi tərəfləri var? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri,  sosioloq İlqar Hüseynli bildirdi ki, əslində dünyanın sivil ölkələrinə, xüsusilə də Avropaya baxsaq görərik ki, ən populyar ictimai nəqliyyat növü tramvaylardı:
“Təsadüfi deyil ki, tramvayları Polşanın nəqliyyat sisteminin qan damarına bənzədirlər. Çünki polyak şəhərləri bütünlüklə tramvay relsləri ilə əhatə olunub. Çox təəssüflər olsun ki, bizdə 90-cı illərin ortalarında tramvay infrastrukturunu tamamilə ləğv etdilər. Yerini asfaltladılar, relslərin ərazilərində milyonlarla dəyəri olan mərmər daşlar düzdülər, ortalarına elektrik dirəkləri vurdular. Ümumiyyətlə, bu çox mübahisəli bir məsələdir. Biz ekspertlər olaraq həmişə deyirdik ki, tramvay xətlərinin ləğv olunması, yığışdırılması doğru hal deyil. Əsas gətirirdilər ki, bu nəqliyyat vasitəsini saxlamaq asan deyil, çox xərc aparır. Amma bunu iddia edən iqtisadi yönəlticilər orada yeni infrastrukturun qurulmasına 10 dəfə artıq vəsait xərclədilər”.

Tramvayların bir çox cəhətdən əhəmiyyətinin olduğunu vurğulayan İ. Hüseynli qeyd etdi ki, birincisi, bütün şəhərlərdə tramvaylar tıxacların aradan qaldırılmasında əhəmiyyətli rola malikdir. İkincisi, tramvaylar ekoloji cəhətdən təmizdir. Və şəhərin ekoloji atmosferinin yaxşı saxlanılmasında kifayət qədər əhəmiyyətli rola malikdir. Dizel yanacaqla işləyən iritutumlu avtobuslar şəhərin içərisində zəhərli qazların yayılmasına səbəb olurlar. Üçüncüsü isə, tramvaylar vətəndaşların iş yerlərinə vaxtında çatmasına yardım edəcək. Çünki tramvaylar dayanmadan, sürətli çatdırılmanı təmin edir”.

Sosioloq qeyd etdi ki, burada əsas faktor kimi vətəndaşların ödəyəcəyi gediş haqqı əsas götürülməməli idi: “Məsələyə ekologiyanın qorunması, insanların işə vaxtlı-vaxtında çatdırılmasının təmin olunması və tıxacların qarşının alınması tərəfindən yanaşılmalı idi. Bu faktorlar tramvay xətlərinin saxlanılmasına kifayət qədər yetərli idi. Amma təəssüflər olsun ki, relsləri çıxardıb satdılar. Artıq qurulan infrastruktur yenidən sökülməli, şəhərin prospektləri dağıdılmalı, həmin elektrik dirəkləri yenidən sökülməlidir. Relslərin gətirilib düzülməsi xeyli zaman alacaq. Təəssüf ki, biz əlimizdə olan şansımızı itirmişik və indi yenidən onu bərpa etmək üçün milyardlarla vəsait sərf olunacaq. İqtisadi baxımdan götürsək yeni qurulmuş infrastrukturun ləğv olunması və eyni zamanda ona çəkilən xərcləri üst-üstə gətirsək nə qədər itki vermiş oluruq”. 

Ekspert düşünür ki, geriyə elmi addım atmanın özündə də xeyir ola bilər: “Fransızların bunu hansı prospektlərdə və necə etmək fikirlərinin olduğunu deyə bilmərik. Çünki bunun özü də çox böyük əhəmiyyət kəsb edir”.

İ.Hüseynli onu da əlavə etdi ki, Hərbi Hospitalının yanında 10 ilə yaxındır ki, bir prospekti aça bilmirlər: “Orada bir metro stansiyasını təhvil verə bilmirlər. O yol açılmadığı üçün insanlar  şəhərin bir hissəsindən digər hissəsinə hərəkət etməkdə  xeyli əziyyət çəkirlər. Bakı şəhərində belə bir irimiqyaslı layihənin start götürməsi bəzi çətinliklər yaradacaq. Sözsüz ki, bütün bunları nəzərə almaq lazımdır. Amma vaxtilə tramvay işləyən prospektlərin məsafələri - ölçüsü, eni, uzunluğu olduğu kimi qalmaqda davam edir. Yəni infrastruktur ora tramvay xətti salmağa imkan verir. O mənasız bardiyorla əhatələnmiş işıq dirəklərinin yerinə tramvay xətti yerləşsə pis olmaz.

İqtisadçı-alim Vüqar Bayramov isə bildirdi ki, Avropa ölkələrinin əksəriyyətində tramvay xətlərindən istifadə olunur:
“Tramvay xətləri tıxacların aradan qaldırılması baxımından vacibdir. Belə ki, tramvay xətlərinin bərpası tıxacın aradan qaldırılmasına müsbət təsir göstərir. Digər tərəfdən tramvay xətləri Avropada nəqliyyatın görünüşünə yaraşıq verən nəqliyyat növü kimi qiymətləndirilir”.

V. Bayramov xatırlatdı ki, əvvəllər ölkədə tramvay xətləri var idi və söküldü: “Bakıda tramvay xətlərinin bərpası əlavə vəsait tələb edir. Eyni zamanda əlavə vəsaitlə yanaşı tramvay xətləri üçün alternativ yolların müəyyənləşdirilməsinə və bununla bağlı xüsusi araşdırmaların aparılmasına ehtiyac var. O halda mərhələli şəkildə tramvay xətlərinin bərpası mümkündür”.

V. Bayramov deyir ki, ilk öncə tramvay xəttinin pilot olaraq bərpa edilməsi daha məqsədəuyğundur: “Bakı ərazisində tramvay xətlərini bərpa etmək mümkün olarsa, bu iqtisadiyyat üçün səmərəli olacaq. Çünki tramvay xətləri həm ekoloji baxımdan səmərəli hesab olunur, həm də ucuz ictimai nəqliyyat növünün istifadəsi baxımından əhəmiyyətlidir”. 

İqtisadçı-alim düşünür ki, əgər texniki baxımdan infrastruktur imkan verərsə, tramvay xətlərinin bərpası müsbət hal olar: “Amma mövcud infrastrukturu nəzərə alsaq, indiki halda pilot olaraq tramvay xətlərinin bərpa edilməsinə ehtiyac var. Növbəti mərhələdə şəbəkənin genişləndirilməsi həyata keçirilə bilər”.

Könül Əhmədova

Tarix
12 İyul 2018 [20:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin