“Məktəbə ayaqyalın getdiyim vaxtlar olub”

18:43 - 12 İyul 2018 - Müsahibə

Nəsir Əhmədli: “Orta məktəbi əla qiymətlərlə bitirsəm də, arzuladığım ixtisasa 7 ildən sonra qovuşmuşam” 

“Azərbaycan müəllimi” qəzetində tez-tez qardaşım  Bəşirin yazıları dərc olunurdu. Hər yazıya da 25-50 rubl arası qonorar yazırdılar. Həmin pulu isə mütəmadi olaraq mən alıb xərcləyirdim. Bir gün Bəşirə pul lazım olur deyə, mühasibata gedib son yazısının qonorarını almaq istəyir. Nə qədər xahiş edirsə, kassir pulu vermir ki, qoy müəllif özü gəlsin, ya da sənə etibarnamə versin...”- bu sözləri bizimlə söhbətində “Keçmişimdə” rubrikasının qonağı BDU-nun Beynəlxalq jurnalistika kafedrası professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli dedi. Həmin söhbətdən alınan maraqlı müsahibəni sizlərə təqdim edirik.   

“Məktəbə ayaqyalın getdiyim vaxtlar olub” 

Nəsir Əhmədli deyir ki, rəsmi sənədə görə, 1942, əslində isə 1943-cü ildə Tovuz rayonunun Alakol kəndində dünyaya gəlib: “Ailədə 9 uşaq olsalar da, onlardan 4-ü erkən yaşda,  (1-10 yaş arasında) o dövrün yayılmış xəstəliyi olan malyariyadan vəfat edib. Bundan sonra xeyli müddət dörd qardaş, bir bacı olaraq yaşamışıq, Məhəmməd, Ağaməmməd, Bəşir, Həcər və mən. İndi bir bacı, bir qardaşıq. Atam Abbas Əhməd oğlu Məmmədov çox zəhmətkeş kişi olub. 1918-1920-ci illərdə toypulu yığmaq üçün Türkiyənin Qars vilayətində işləyib: “Evləndikdən sonra kənddə kolxoz quruculuğunda fəal iştirak edib, başçılıq etdiyi briqada üzvləri işə gəlməyəndə 50 hektar sahəni özü təkcə arat edib (Arat böyük zəhmət tələb edən qış suvarmasıdır). 1942-ci ildə cəbhəyə gedib, 1943-cü ilin sonunda 50 yaşı tamam olduğuna görə arxa cəbhəyə göndərilib. Bir müddət Rusiyada işlədikdən sonra doğma kəndə qayıdıb. Anam Tutu Məhəmməd qızı Məmmədova qabaqcıl (özünün ifadəsi ilə desəm, zərbəçi) kolxozçulardan olub. Əri və böyük oğlu cəbhədə vuruşan, 3, 6 və 9 yaşlı üç uşaqla qazma daxmada yaşayan, daha bir körpəni dünyaya gətirən tənha bir ana təsəvvür edin...
Müharibədən sonrakı illərim də çox ağır keçib. Məktəbə ayaqyalın getdiyim vaxtlar olub”.

“Arzuladığım ixtisasa 7 ildən sonra qovuşmuşam”

18 il elə həmin Alakol kəndində yaşayan həmsöhbətimiz deyir ki, ehtiyacları çox olsa da, hər zaman ümidlə yaşayıb: “Və şükür ki, ümidlərim doğrulub. Mən ailənin kiçik övladı olmuşam. Doğulduğum müharibə illərinin, sonrakı aclığın, lütlüyün, saxta sovet demokratiyasının, ədalətsizliyin bütün ağrı-acılarını çiyinlərimdə daşımışam. Orta məktəbi əla qiymətlərlə bitirsəm də, arzuladığım ixtisasa (BDU-nun jurnalistika fakültəsinə) 7 ildən sonra qovuşmuşam: 

Mən isti yay günündə buludsuz səmalardan
qurğuşun yağışları yağanda doğulmuşam.
Körpələrin sevdiyi şirniyyat əvəzinə
anamın axıtdığı yaşlarda boğulmuşam.
Cırtdan kimi işığa - məktəbə yönəlmişəm,
altı yaşım olmamış,
Sabahımdan qoparaq dünənimə süzülüb
on il - on damcı yağış. 
Füzuli baratından necə küsmüşdüsə də,
yeddi il attestatdan mən də elə küsmüşəm.
İstəmişəm ucalam, haqsızlıq yolub məni,
Molla Nəsrəddin demiş: quş həddinə düşmüşəm.
Şükür ki, gec də olsa, zəhmətim sayəsində
öz arzuma çatmışam.
Ülvi diləklərimi Vətənimin, xalqımın
diləyinə qatmışam...”. 


“İlk dəfə aldığım maaşın 20 rublunu anama göndərmişəm”

N.Əhmədli qeyd etdi ki, orta məktəbi bitirdikdən sonra 2 il kolxozda işləyib: “Sonra 1 il Bakıda gəmiqayırma zavodunda fəhləlik eləmişəm. İlk maaşımı zavodda işləyərkən almışam, 90 rubl. 20-sini anama göndərmişəm, qalanını isə özüm xərcləmişəm. Sonra 3 il Şərqi Almaniyanın Leypsiq şəhərində hərbi xidmətdə olmuşam, rus dilini mükəmməl, alman dilini isə orta səviyyədə öyrənmişəm”.

“Tələbələrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ovqatı vardı”

Əsgərlikdən qayıtdıqdan sonra BDU-nun jurnalistika fakültəsinə qəbul olan N. Əhmədlinin sözlərinə görə, ötən əsrin 60-cı illəri çox maraqlı dövr imiş: “Tələbələrdə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizə ovqatı vardı. Siyasi və ədəbi dərnəklərdə iştirak edirdik. Əbülfəz Elçibəylə görüşürdük, ondan mübarizənin yollarını öyrənirdik. Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Seyran Səxavətlə və indi məşhur olan daha bir neçə nəfərlə eyni vaxtda oxumuşuq. Əsas xatırladığım hadisə 1967-ci ilin martında rəhmətlik Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramının ilk dəfə olaraq təntənəli şəkildə qeyd edilməsi olub. Yaxşı müəllimlərimiz vardı. Xüsusən, Şirməmməd müəllimin dərsləri bu günün özündə də gözümün qabağındadır”.

“Bacımın seçdiyi bir qızla ailə həyatı qurdum” 

Həmsöhbətimiz bildirir ki, 1971-ci ildə fakültəni bitirib Azərbaycan televiziyasına təyinat alıb: “Lakin hələ işə başlamamış bacımın seçdiyi bir qızla ailə həyatı qurdum. 28 ildən sonra o, rəhmətə getdi. Hazırda isə ikinci həyat yoldaşımla yaşayıram. Necə yaşadığımı ona yazmış olduğum bu şeirdən görə bilərsiniz:

Nəfəsim təngiyib tükənən yerdə
Havasız dünyama hava sən oldun!
Mən dözə bilməzdim o boyda dərdə,
Dözülməz dərdimə dəva sən oldun!
Yaxşı ki, zər qismət oldu zərgərə,
Qoymadın Məcnuntək düşəm düzlərə.
Qələmimdən çıxan bütün sözlərə
Yaraşıq sən oldun, məna sən oldun!
Talenin hökmünnən düşmüşdüm taxtdan,
Bir ömür yaşayıb ölmüşdüm çoxdan.
Tək sənin eşqinlə var oldum yoxdan,
İkinci ömrümə ana sən oldun!”. 


“Qardaşıma yazılan qonorarı mütəmadi olaraq alıb xərcləyirdim” 

Keçmişi ilə bağlı maraqlı xatirələri olan müsahibimiz o dövrlərdən xüsusi bir maraqla bəhs edirdi və bir neçə xatirəsini bizimlə bölüşdü: “Xatirələrim daha çox qardaşım Bəşirlə bağlıdır (O, müəllim, pedaqogika elmləri doktoru, professor idi). Tələbə olanda “Azərbaycan müəllimi” qəzetində tez-tez Bəşirin yazıları dərc olunurdu. Hər yazıya da 25-50 rubl arası qonorar yazırdılar. Həmin pulu mütəmadi olaraq mən alıb xərcləyirdim. Bir gün Bəşirə pul lazım olur, mühasibata gedib son yazısının qonorarını almaq istəyir. Nə qədər xahiş edirsə, kassir pulu vermir ki, qoy müəllif özü gəlsin, ya da sənə etibarnamə versin...(Gülür)”.

“Elə bilir, bütün alimlər səni kimi olur”

Həmsöhbətimiz bildirdi ki, I kursda oxuyanda Bəşirin tələbə yoldaşı olmuş görkəmli dilçi alim Ağamusa Axundov onlara dərs deyirmiş: “Bir gün məni qaldırdı ki, kəndinizdə eşitdiyin bir atalar sözü de. Düşünmədən dərhal cavab verdim: Alim olmaq asandır, insan olmaq çətin. Heç nə demədi.
Axşam Bəşirə zəng edir:

- Nəsir belə bir atalar sözü dedi. Soruş gör məni nəzərdə tutur, yoxsa səni?
Bəşir isə cavab verir:
- Sənə deyibsə, deməli, səni nəzərdə tutur.
Ağamusa müəllim də söz altında qalmır:
- O məni nə tanıyır. Gözünü açıb səni görüb. Elə bilir, bütün alimlər səni kimi olur...(Gülür)”. 


“Hər yay Mehdinin bir çəpişini yeməyə gedərdik” 

Hər yay Alakolda istirahət etməyə gedən N. Əhmədli deyir ki, ora gedərkən xəbərsiz-ətərsiz dağ kəndi Əhmədabada xalası oğlu Mehdigilə gedər və hər dəfə də onun yaxşı bir çəpişini kəsib yeyərmişlər: “Növbəti dəfə gedəndə gördük qapıda heyvan yoxdur. Mehdi bildirdi ki, keçilər meşəyə dağılışıb, bir də axşam gələcəklər. Bu dəfə ayrı şey yeyin. Bəşir göydəki topa buluda baxıb dedi: Narahat olma, indi gələrlər, bizim də Allahımız var. On dəqiqə keçməmiş möhkəm külək əsdi, tufan qopdu, keçilər mələşə-mələşə həyətə doldular. Çəpişlərdən birini zoğal arağı ilə həzmi-rabedən keçirdik. Sonrakı il yenə Mehdigilə gedəndə gördük ki, qapıda bircə dənə qoca keçi var. Bizi görən kimi keçi yazıq-yazıq mələməyə başladı.
Bəşir soruşdu:

- Xalaoğlu, o keçi nə deyir?

Mehdi dərhal cavab verdi:
- Deyir, balalarımı yeyən canavarlar yenə gəldilər”. 


Könül Əhmədova

Xəbər xətti