Qeyri-rəsmi məşğulluq işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir

18:20 - 12 İyul 2018 - KİVDF

Əmək qanunvericiliyinin pozulması İnzibati Xətalar Məcəlləsinin 192 maddəsi ilə tənzimlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planı qəbul edilib. Sənəd Azərbaycan prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın 5-ci "Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili" bəndinə uyğun olaraq cari il ərzində respublikanın bütün regionlarında nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq mövzularda seminar və müşavirələrin keçirilməsini nəzərdə tutur. Həmin tədbirlərin keçirilməsini təşkil etmək üçün işçi qrupu yaradılıb. Seminar və müşavirələr "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi", "Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları", "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları", "Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları", "Məcburi əmək və insan alverinin qarşısının alınması", "Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları", "Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar", "Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları" və s. mövzuları əhatə edir.

Həmçinin "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri", "İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları", "İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları" və digər mövzularda da seminar və müşavirələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə işlərinin davam etdirilməsi, "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda da cari il ərzində seminar və müşavirələrin təşkili planlaşdırılıb. Artıq bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Məsələn, qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədi ilə işəgötürənlər arasında növbəti maarifləndirmə tədbiri Bakının Sabunçu rayonunda təşkil edilib.  Tədbirdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları vurğulayıb ki, qeyri-rəsmi məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir.

Qeyd olunub ki, hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.

Tədbirdə “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda çıxışlar edilib, qeyri-rəsmi məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları barədə ətraflı məlumat verilib. Bütün işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsinin qanunla işəgötürənlərin əsas vəzifələrindən olduğu diqqətə çatdırılıb. Bildirilib ki, əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
“İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda da işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib. İştirakçılara tam iş vaxtı və onun müddəti, həftəlik tam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan və xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxt, natamam iş vaxtı, iş vaxtının rejimi qaydaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə məlumatlar verilib.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov isə bildirib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib.
Əli Əhmədov bildirib ki, ötən müddətdə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 min 560-ı Naxçıvan Muxtar Respublikasındadır. Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.

Baş nazirin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən artıq müqavilə bağlanıb. Bu il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə, iyunun 1–dək 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

O bildirib ki, komissiya qarşısında 36 bənd üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub. Bu tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər vəzifələrin icrası üzrə işlər davam etdirilir.
Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

Qanunvericiliyi pozanları cəza tədbirləri gözləyir

Əmək müqaviləsi olmadan işçilərin işəgötürənlər tərəfindən qanunsuz olaraq işlədilməsinə görə qanunvericilikdə hansı cəza tədbiləri nəzərdə tutulur? 

Qeyd edək ki,  Əmək qanunvericiliyinin pozulması İnzibati Xətalar Məcəlləsinin 192 maddəsi ilə tənzimlənir. Bu Məcəllənin 192 maddəsində bildirilir ki,  Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 

Qeyd edək ki, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə, yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
 Bundan başqa, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verildikdə də cərimə nəzərdə tutulur. Bu zaman vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
İnzibati Məcəllənin bu maddəsində işçilərin məzuniyyət hüquqlarının pozulması, onların əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə də tətbiq edilən cərimələrin məbləğı göstərilib. Birinci halda vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, ikinci halda isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən,  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir

Cinayət Məcəlləsinin 162-1 maddəsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi tənzimlənir. Bu maddəyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır

(ardı var)

Xəbər xətti