Yerli istehsalın dəstəklənməsi üçün hüquqi baza yaradılıb

18:44 - 3 İyul 2018 - KİVDF

Bu, Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsinə yönəldilib

Hüquqi dövlət quruculuğu sahəsində atılan addımlardan biri ölkəmizin müxtəlif sahələrdə maraqlarının qorunması istiqamətində qəbul olunan qanunlardı. Ölkəmizin iqtisadi sahədə də maraqlarını qorumaq üçün bir sıra qanunlar f\əaliyyətdədir Onlardan biri də Azərbaycanın və istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin, yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyən“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun 31 may 2016-cı il tarixində qəbul edilib və 13 oktyabr 2016-cı il tarixində qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsinə yönəldilib. Onun 2-ci maddəsində bildirilir ki, antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Qanuna əsasən dempinqli idxal malın normal dəyərindən (mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiymətindən) aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə idxalı, subsidiyalaşdırılmış idxal xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalıdır. Mühafizə tədbirlərinin tətbiqi zamanı isə araşdırılan malın idxalının artmış həcmi və şərtləri qiymətləndirilir. Bununla bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib: “Bu gün dünya iqtisadiyyatında baş verən və sürətlə cərəyan etməkdə olan proseslərlə əlaqədar olaraq istehsalda, o cümlədən bazarlarda rəqabət gündən-günə kəskinləşməkdədir. Düzdür, rəqabət inkişaf və artım üçün əsas şərtdir. Lakin, haqsız rəqabət deyilən bir anlayış da var ki, bu, inkişaf və artım amillərini əksinə, buxova alır. Odur ki, belə şəraitdə dövlət öz tənzimləyici alətlərindən istifadə etməklə bunun qarşısını almalı və vəziyyətə nəzarət edərək, onu tənzimləməlidir. Bunun üçün isə müvafiq qanunvericilik bazasının mövcud olması vacib şərtdir. Başqa sözlə desək, antidempinq siyasəti həyata keçirtmək üçün hüquqi əsas yaradılmalı idi.

Xatırladım ki, dempinq bir ölkənin istehsal etdiyi əmtəəsini digər ölkənin ərazisində öz ölkəsindəkinə nisbətən ucuz qiymətə satmasıdır. Belə ki, qanunun əsas anlayışlara dair 1-ci maddəsində dempinq idxalına da dair yazılır ki, malın normal dəyərindən (oxşar malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiyməti) aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsinə dempinqli idxal deyilir.
Yerli istehsal sahəsinə zərər vuran dempinqli idxala qarşı isə antidempinq, müvəqqəti antidempinq rüsumlarının tətbiqi və ya ixracatçının qiymət öhdəliklərinin qəbulu formasından ibarət tədbirlər planı, yəni antidempinq siyasəti həyata keçirilir. Antidempinq rüsumu isə yerli istehsal sahəsinə zərər vuran dempinqli idxalla bağlı tətbiq edilən gömrük rüsumu növüdür. Yəni, qısa desək, dempinq xarici bazarda potensial rəqibi sıxışdırıb çıxartmaq və satışın həcmini artırmaq məqsədilə yürüdüldüyü üçün mütləq, əks tədbirlərlə qarşılanmalıdır”
Beləliklə, qanunda antidempinq, kompensasiya və ya mühafizə tədbirlərinin yerli istehsal sahəsinə zərər vuran dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırmanın nəticələrinə əsasən tətbiq edilməsi nəzərdə tutulur. Araşdırmaya yerli istehsalçıların araşdırma orqanına (İqtisadiyyat Nazirliyinə) müraciəti əsasında və ya araşdırma orqanının öz təşəbbüsü əsasında başlanıla bilər. Qanunda bir sıra məsələlərə aydınlıq gətirilib. Bildirilib ki,antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi barədə qərar araşdırma orqanının hesabatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunur. 

Antidempinq tədbiri antidempinq, müvəqqəti antidempinq rüsumlarının tətbiqi və (və ya) ixracatçının qiymət öhdəliklərinin qəbulu formasında, kompensasiya tədbiri kompensasiya rüsumunun, müvəqqəti kompensasiya rüsumunun tətbiqi və (və ya) subsidiya verən xarici dövlətin səlahiyyətli orqanı və ya ixracatçının öhdəliklərinin qəbulu formasında, mühafizə tədbiri isə xüsusi rüsumun, müvəqqəti xüsusi rüsumun və (və ya) idxal kvotasının tətbiqi formasında həyata keçirilə bilər.

Qanunda dempinqli idxalın və dempinq marjasının müəyyən edilməsi, belə idxalla bağlı istehsal xərclərinin, mənfəətin hesablanması, o cümlədən ixrac qiymətinin və normal dəyərin müqayisəsi, xarici dövlətin subsidiyası və onun spesifikliyi, spesifik subsidiyanın məbləğinin hesablanması, yerli istehsal sahəsi və yerli istehsal sahəsinə zərər vurulması və ya zərər vurulma təhlükəsi, antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi şərtləri, müvafiq tədbirlərin tətbiqi müddətləri və onlara yenidən baxılma, antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi məqsədilə araşdırmalar ilə bağlı daxil olmuş müraciətlərə baxılması, araşdırmanın başlanması və aparılması prosesi ilə əlaqədar müddəalar nəzərdə tutulub.
Qanuna görə, müvəqqəti antidempinq və ya kompensasiya tədbirləri rüsum və ya pul depoziti formasında ola bilər. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsi isə ilkin hesablanmış dempinq marjasından və ya subsidiya həcmindən çox olmayacaq. Müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi barədə qərar araşdırma başladığı gündən 60 gündən tez müddətdə qəbul edilə bilməz. Müvəqqəti antidempinq tədbirlərinin tətbiq müddəti 4 aydan, baxılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müvafiq müraciəti olduqda 6 aydan çox ola bilməz. Müvəqqəti antidempinq rüsumunun dərəcəsi ilkin hesablanmış dempinq marjasının həcmindən azdırsa, belə tədbirin tətbiq müddəti 6 aydan, baxılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müraciəti olduqda 9 aydan çox ola bilməz. Müvəqqəti kompensasiya tədbirləri isə ən çox 4 ay tətbiq olunur.

Qanunda qeyd olunur ki, qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, antidempinq rüsumları dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir. Mühafizə tədbirləri oxşar və ya birbaşa rəqabətli malın yerli istehsalının ümumi həcminə münasibətdə mütləq və nisbi göstəricilərdə gömrük ərazisində baxılan malın idxalının artmış həcminin və şərtlərinin yerli istehsal sahəsinə zərər vurması araşdırma nəticəsində müəyyən olunduqda həmin mala münasibətlə tətbiq olunur.
Bu qanunun 19-cu maddəsində kompensasiya rüsumlarının tətbiqi öz əksini tapıb. Bildirilib ki, kompensasiya rüsumları spesifik subsidiya verən xarici dövlətə məsləhətləşmələrin aparılması təklif olunduqdan sonra və xarici dövlət təklif olunan məsləhətləşmələrdən imtina etdikdə və ya bu cür məsləhətləşmələrin gedişi zamanı qarşılıqlı razılıq əldə olunmadıqda tətbiq olunur. Rüsumlarının tətbiqi barədə qərar araşdırmanın nəticələrinə dair araşdırma orqanının təqdim etdiyi hesabat əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, kompensasiya rüsumları subsidiyalaşdırılmış və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara tətbiq edilir.

Kompensasiya rüsumlarının dərəcəsi subsidiyalaşdırılmış və gömrük ərazisinə idxal olunan mal vahidinə hesablanmış, xarici dövlətin spesifik subsidiyasının həcmindən çox ola bilməz. Onun dərəcəsi yerli istehsal sahəsinə vurulan zərərin aradan qaldırılması üçün kifayət etdikdə, xarici dövlətin spesifik subsidiyasının həcmindən az olmalıdır. Bu rüsumlarının dərəcələrinin müəyyən edilməsi zamanı kompensasiya rüsumlarının tətbiq edilməsi iqtisadi maraqlarına toxuna biləcək yerli istehlakçıların və araşdırılan malın sənaye məqsədi ilə istifadəçilərinin araşdırma orqanına yazılı formada təqdim edilmiş rəyi nəzərə alınır. Araşdırmanın nəticələrinə dair araşdırma orqanının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi hesabatda kompensasiya rüsumunun dərəcəsinə dair təkliflər göstərilir.

Xəbər xətti