“Bir yerdən iki sərnişinin istifadə etməsi qeyri-mümkündür”

18:21 - 2 İyul 2018 - Cəmiyyət

Azər Allahverənov: “Sistem normal formada işləmədiyi halda təbii ki, bu cür qeyri-qanuni və neqativ hallar baş verə bilər”
Xəyal Bəşirov: “40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur”


Bildiyimiz kimi, avtovağzalda onlayn qaydada bilet satışı mövcuddur. Rayonlara gedən şərnişinlər rahatlığını təmin etmək məqsədilə əvvəlcədən onlayn şəkildə, yaxud da bir neçə gün əvvəl kassaya yaxınlaşıb bilet alırlar. Amma bu həmişə sərnişinlərin rahatlığını təmin edə bilmir. Çünki bəzən sərnişin bilet alsa da, avtobusa minərkən xoşagəlməz hallarla qarşılaşır. Belə ki, onun yeri sürücü tərəfindən başqa şəxsə satılmış olur. Bu zaman isə müəyyən narazılıqlar yaranır. Bəs, bu vəziyyətlə qarşılaşan sərnişin nə etməli, onu hüquqları necə təmin edilməlidir? Sürücünü hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat eksperti Azər Allahverənov bildirdi ki, əlbəttə, bu vəziyyət xoşagələn deyil, nəqliyyat sistemində uzun illərdi formalaşan neqativ haldır: “Faktiki olaraq onlayn şəkildə bilet satılırsa, bu o deməkdir ki, mərkəzi məlumat bazasında həmin informasiya olmalıdır. Və faktiki olaraq biletin yerlərdə satışını həyata keçirən dispetçerlər bilməlidirlər ki, artıq filan yerə onlayn olaraq bilet satılıb. Bu informasiya onlarda olmalıdır. Əgər onlayn şəkildə bilet satlıbsa və həmin yeri başqa adama verirlərsə, bu o deməkdir ki, onların bu barədə informasiyası yoxdur. Düşünürəm ki, onlayn şəkildə yerlərin satışının təmin olunması olduqca vacib bir məsələdir”. 
Ekspert deyir ki, artıq ölkəmizdə bir çox sahələr elektronlaşır, hətta hökumət özü də elektron olub: “Məsələn vergi sistemləri və müxtəlif xidmətlərlə bağlı əməliyyatlar onlayn şəkildə həyata keçirilirsə, nə üçün adi bir bilet satışında belə problemlər ortaya çıxmalıdır? Ona görə də düşünürəm ki, bu sistem daha təkmil şəkildə qurulmalıdır. Və onlayn satış həyata keçirilən zaman sərnişin 9xoşagəlməyən hallarla və narahatlıqlarla üzləşməməlidirlər”. 
Ekspertin fikrincə, eyni zamanda onlayn satışı nəinki bir istiqamətə və əks istiqamətə də bilet satışını həyata keçirməlidir: “Tutaq ki, mən Bakıdan Gəncəyə bilet alıramsa, eyni zamanda Gəncədən də Bakıya gəlmək üçün bileti onlayn şəkildə almağa malik olmalıyam. Amma təəssüflər olsun ki, bu imkan hələ ki, bizdə məhdudur, yəni birtərəflidir. Bu neqativ halın olmasına müxtəlif səbəblər gətirirlər”.
A.Allahverənov düşünür ki, onlayn satış sistemi təkmil şəkildə qurulsa, bu kimi problemlər, nöqsanlar aradan qaldırılmış olacaqdır: “Bu da sərnişinlərin təyinat ünvanına daha rahat şəkildə çatmasını təmin edəcəkdir. Avtobus sürücüsü qeyri-qanuni şəkildə yeri başqa şəxsə satmış olarsa, yəni hər hansı bir xoşagəlməz hadisə baş verərsə, onun hüquqlarının təminatında müəyyən problemlər yarana bilər. Amma onlayn yaxud digər şəkildə bilet əldə etmiş şəxslərin yeri başqa bir şəxsə satılarsa sərnişinin hüququnun təminatı qanuni şəkildə həll oluna bilər. Sistem normal formada işləmədiyi halda təbii ki, bu cür qeyri-qanuni və neqativ hallar baş verə bilər. Bu da sərnişinlərin birbaşa olaraq hüquqlarının pozulması deməkdir”.

Vəkillər Kollegiyasının (VK) üzvü, vəkil Xəyal Bəşirov deyir ki, onlayn yaxud digər şəkildə yer satılıbsa, həmin yerin  sürücü tərəfindən başqa şəxsə satılması qanunvericiliyin tələblərinin pozulması deməkdir:
“Əgər bunu sürücü bilərəkdən edibsə, onun hərəkətini insanlara qarşı dələduzluq faktı kimi də qiymətləndirmək olar. Bəzən elə olur ki, onlayn qaydada bilet satılır, amma sürücülərin bundan xəbəri olmur. Ona görə də həmin yerlərin satılmadığını düşünüb başqa şəxslərə də satırlar. Əgər bu bilərəkdən olubsa, həmin şəxslərin dələduzluğu müəyyən olunur. Əgər bilməyərəkdən edirlərsə, bu səhlənkarlıqdır, yenə də qanunvericiliyin tələblərinin pozulmasıdır ”. 
X. Bəşirovun sözlərinə görə, qanunvericilikdə onlayn şəkildə bilet satışı müəyyənləşib: “Ona görə də sürücülər həmin yerləri satmazdan əvvəl onun başqa şəxsə satılıb-satılmadığını konkretləşdirməlidirlər. Bundan sonra satış edə bilərlər. Hətta əvvəllər elə olub ki, 30 nəfərlik avtobusdakı yeri iki dəfə satıblar. Bu da o deməkdir ki, bir yerdən iki sərnişinin istifadə etməsi qeyri-mümkündür. Bu cür məsələlərdə diqqətli olmaq lazımdır ”. 
Vəkil qeyd etdi ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması qaydaları”na qeyd etdiyimiz hal da daxildir: “Bunun subyekti nəqliyyat vasitəsini idarə edən şəxs hesab olunur və belə ki, bura şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası), beynəlxalq marşrutların hamısı daxildir. Burada 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur”. 

Könül Əhmədova 

 

Xəbər xətti