İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır

18:11 - 28 İyun 2018 - KİVDF

“Lisenziyalar və icazələr haqqında” qanun lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etdi  

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Bununla yanaşı iqtisadi islahatlar həyata kecirildi, qanunlar qəbul edildi, fərmanlar verildi. Bunlar ölkə iqtisadiyyatının inkişafına təkan verdi. Tarix göstərir ki, iqtisadi sahədə inkişaf etməmiş dövlətlərdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel davam etdirilməsi şərtilə real hesab edir: "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır".

Xüsusilə sahibkarlıq subyektlərinin inkişafı həmişə diqqət mərkəzində oldu. Bu sahədə atılan addımlardan biri Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanı idi. Fərmana əsasən dövlət təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar istisna olmaqla İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci ilin 2 noyabr tarixindən başlanıldı. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2016-cı il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirildi, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olundu. Həmçinin yeni verilən lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldıldı, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirildi.

Eyni zamanda 15 mart 2016-cı il tarixində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 2016-cı il iyunun 1-dən qüvvəyə mindi. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etdi. 

Qeyd edək ki, lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Bu qanunun 3-cü maddəsində bildirilir ki, Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və fərdi sahibkarlara, habelə lisenziya və icazə verən orqanlara şamil olunur. 
Maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Bu qanunun 13-cü maddəsilə lisenziyanın və icazənin “bir pəncərə” prinsipi əsasında verilməsi tənzimlənir. Maddədə deyilir: Lisenziyanın və icazənin verilməsinin sadələşdirilməsi, bununla bağlı inzibati prosedurların, tələb olunan sənədlərin sayının, müddətin və xərclərin azaldılması məqsədi ilə “bir pəncərə” prinsipi tətbiq edilir.
 Lisenziyanın və icazənin verilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi aşağıdakıları nəzərdə tutur: lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin ərizəçinin (lisenziya və icazə sahibinin) müraciət etdiyi orqan tərəfindən həyata keçirilməsi;  lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) lisenziya və icazə verən orqan tərəfindən alınması; lisenziya və icazə verən orqan tərəfindən bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi.
Qanunun 17-ci maddəsi isə lisenziyaların və icazələrin verilməsi ilə bağlı ümumi məsələləri əhatə edir. Bildirilir ki, lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.Onun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” qanunun 17-ci maddəsində qeyd edilib ki, lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin xüsusiyyətləri bu Qanunun 9.2-ci maddəsində(“Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təmin edilməsi və idarə olunması məsələləri, həmçinin portal vasitəsilə lisenziya və icazələrin verilməsi üçün sənəd qəbulunun, lisenziyanın və icazələrin verilməsinin xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir) 
 nəzərdə tutulmuş əsasnamədə müəyyən edilir. Ümumi lisenziya verildiyi hal istisna olmaqla, lisenziya və icazə hər bir fəaliyyət növü və hərəkət üçün ayrıca verilir. Lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dublikatının verilməsinin, dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın və icazənin əlavəsinə də şamil edilir.

Qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin dairəsi dəqiq müəyyən edilib, onların sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirildi. Bundan başqa Qanunda “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən lisenziya və icazə məsələləri üzrə sahibkarlara qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “susmaqla razılıq” və “bir pəncərə” prinsiplərinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edildi.

Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 1205 nömrəli Fərmanı ilə “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edildi və hazırda portalın yaradılması üzrə tamamlama işləri həyata keçirilir. Portalın fəaliyyətə başlaması nəticəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi tamamilə elektron qaydada həyata keçirilir, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsi təmin edilir.

(davamı var)

 

Xəbər xətti