DİN işçi axtarır

19:02 - 25 İyun 2018 - Xəbər

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, ölkənin Şəki və İmişli “ASAN xidmət” mərkəzlərində ümumilikdə 36 (Şəki “ASAN xidmət” mərkəzi 18, İmişli “ASAN xidmət” mərkəzi 18) vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Şəki, Oğuz, Qax, İmişli, Saatlı və Beyləqan rayonlarında daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2018-ci ilin iyun ayının 27-dən iyul ayının 27-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli və əmək kitabçasını (olanlar üçün) təqdim etməlidirlər.

Xəbər xətti