Mingəçevirdə jurnalistlər üçün məlumatlandırma sessiyası keçirib

18:10 - 25 İyun 2018 - KİVDF

Cəmiyyətin inkşafının müəyyən pilləsində vətəndaşlar könüllü şəkildə birləşərək cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında daha yaxından iştirak etməyə başladılar.

Sonradan insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun quruluşu kimi vətəndaş cəmiyyəti məsələsi gündəmə gəldi. Elmi ədəbiyyatda “vətəndaş cəmiyyəti” anlayışı cəmiyyətin tipini, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkşaf və yetkinlik səviyyəsini ifadə edir. Bu anlayış altında tarixi təcrübə ilə əldə edilən, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Sosial cəmiyytin inkşafında daha yüksək pillə hesab olunan bu fenomen müxtəlif cür şərh edilsə də, bir şey aydındır ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil. Cəmiyyət o zaman vətəndaş cəmiyyəti şəklini alır ki, vətəndaş onun bir parçası olur. Əgər vətəndaş özünü cəmiyyətin bir parçası olduğunu hiss etmirsə, o zaman vətəndaş cəmiyyətinin formalaşmasından danışmaq çətindir. Yəni, vətəndaşla cəmiyyət bir-birlərinə doğru gəlməli, bir vəhdət təşkil etməlidir. Tarixə nəzər salsaq Azərbaycanda qədim dövrlərindən respublikamızın öz tipinə görə vətəndaş cəmiyyətinin elementləri mövcud olduğunun şahidi olarıq. Tarixən Azərbaycanda ağsaqqallıq institutu, icmaların birləşərək müxtəlif tədbirləri birgə təşkil etmək ənənələri olub. Bu kimi məsələləri heç vaxt dövlət həll etməyib və bunun məsuliyyəti insanların öz üzərinə düşüb. Güclü vətəndaş cəmiyyətinin formalaşması isə hökumətin öz funksiyalarını daha dinamik və aktiv yerinə yetirməsi üçün də mühüm rol oynayıb. Sirr deyil ki, vətəndaş cəmiyyətinin formalaşması sahəsidə əsas ağırlıqlardan biri də Qeyri-Hökumət Təşkilatlarının üzərinə düşür. Bunun üçün əhali arasında maarifləndirmə işinin doğru-düzgün şəkildə aparılmasının müstəsna əhəmiyyəti var.

Regionlarda təşkil olunan tədbirlərə 249 nəfər qatılıb

Regional İnsan Hüquqları və Media Mərkəzi də fəaliyyətə başladığı 2008-ci ildən etibarən cəmiyyətin maarifləndirilməsində, insanlara sosial, psixoloji və hüquqi yardım göstərilməsində fəal iştirak edir. Bu il də təşkilat respublikamız üçün önəmli olan məsələ ilə bağlı regionlarda məlumatlandırma sessiyaları keçirib.
Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub: “Tədbirlərdə Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün mahiyyətinin, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının sadə dillə və anlaşıqlı şəkildə region mediasında çalışan jurnalistlərə çatdırılmasının hədəflənib. Hasilat sənayesində şəffaflığın təmin olunması, ictimai nəzarətin gücləndirilməsi üçün əhalinin maarifləndirilməsi vacibdir. Düşünürük ki, hasilat sənayesi ilə bağlı məlumatların sadə dillə əhaliyə çatdırılması üçün jurnalistlərə mövzu ilə bağlı seminarların keçirilməsi faydalı olacaq. “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarında Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial İqtisadi Kolleci, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan tələbələr, Ağcabədi, Bərdə, Tərtər, Oğuz, Yevlax, Ucar, Ağdaş, Goranboy, İsmayıllı və Mingəçevir şəhərində fəaliyyət göstərən media orqanlarında çalışan jurnalistlər iştirak edib.

Ümumilikdə, 249 nəfərin qatıldığı tədbirlərdə iştirakçılara Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə fəaliyyəti, ölkəmizin MHŞT hesabatları, Azərbaycanın MHŞT-ni tərk etməsi, Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması və komissiyanın hazırki fəaliyyəti ilə bağlı məlumat verilib. Mingəçevir Media Mərkəzində keçirilən sonuncu tədbirdə Bərdə, Mingəçevir, Yevlax, Ağdam, Ağdaş, Ucar, Oğuz və Tərtər rayonlarının çap və elektron mediasında çalışan 12 jurnalist iştirak edib”.

“2017-ci ilin sonunadək Azərbaycan təqribən 148 milyard ABŞ dolları məbləğində xalis gəlir əldə edib”

Tədbirdə məruzə ilə çıxış edən iqtisadçı Azər Mehtiyev vurğulayıb ki, Azərbaycanda neft hasilatı ilə bağlı ilk məlumatlara erkən orta əsrə aid mənbələrdə rast gəlinir: “1847-ci ildə isə dünyada ilk dəfə olaraq Bibiheybətdə neft quyusu qazılıb. 1901-ci ildə isə 11,5 milyon ton neft hasil edilib. Açıq dənizdə ilk neft hasilatı da Azərbaycanın adı ilə bağlıdır. 1949-cu ildə Xəzər dənizindən neft çıxarılmasına başlanılıb. 1994-cü il sentyabrın 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında", sonradan "Əsrin müqaviləsi" adını alan Saziş imzalanıb. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin istismara verilməsi ilə ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürüb”.

Ekspert qeyd edib ki, 2016-cı ilədək ölkədə neft-qaz hasilatı ilə bağlı 35 Hasilatın Pay Bölgüsü Sazişi (HPBŞ) imzalanıb: “Bunlardan 18-i fəaliyyətdə olub, 17-si isə fəaliyyətini dayandırıb. Fəaliyyətdə olan sazişlərdən 6-sı dənizdə, 12-si quru ərazilərdə olan yataqların hasilatı ilə bağlı olub. AŞG HPBS-nə düzəliş edilərək və yenidən işlənərək 2017-ci ilin sentyabrın 14-də yenidən imzalanıb. Sazişin müddəti 2050-ci ilədək uzadılıb. Həmin sazişə görə, mənfəət neftinin 75 faizi Azərbaycana çatacaq. Amma 1994-2015-ci illərdə imzalanmış hasilatın pay bölgüsü sazişləri üzrə ölkəmizin neft-qaz sektoruna, ümumilikdə, təqribən 62 milyard dollardan artıq sərmayə qoyulub. 2017-ci ilin sonunadək neft-qaz sazişlərinin icra olunması hesabına Dövlət Neft Fonduna, ümumilikdə, 137.8 milyard ABŞ dolları məbləğində vəsait daxil olub ki, bunun 90 faizindən çoxu “Əsrin müqaviləsi” sazişinin hesabınadır. 2006-2017-ci illərdə HPBS üzrə podratçı şirkətlər dövlət büdcəsinə 13,4 milyard AZN (yaxud təqribən 10 milyard ABŞ dollarından çox) məbləğində vəsait ödəyiblər ki, bunun da 95 faizinə qədəri “Əsrin müqaviləsi”nin payına düşür. Beləliklə, HPBS-nin icrası hesabına 2017-ci ilin sonunadək Azərbaycan təqribən 148 milyard ABŞ dolları məbləğində xalis gəlir əldə edib. Bunun təqribən 110 milyard dolları (dövlət büdcəsi və birbaşa layihələr vasitəsi ilə) ölkə iqtisadiyyatına yönəldilib”.

Azərbaycanın 2013, 2014 və 2015-ci illər üzrə hesabatının yeni MHŞT Standartının tələbinə uyğun hazırlanıb

Azər Mehtiyev qeyd edib ki, uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub: “Təbii sərvətlər sayəsində əldə edilən gəlirlərin şəffaflığının təmin edilməsi onlardan səmərəli istifadəsinin əsas amillərdən biridir. Amerika, Asiya və Afrikanın təbii resurslarla zəngin ölkələrin əksəriyyətində bu resursların istismarının ilk illərində (əsrin 60-70-ci illərində) nəzərə çarpan müsbət tendensiyalar qısa bir müddətdən sonra (əsrin 80-ci illərində) tamamilə əks xarakterli meyllərlə əvəzləndi. Bu ölkələrdə iqtisadi artım templəri kəskin şəkildə aşağı düşdü, əhalinin həyat səviyyəsi daha da ağırlaşdı və yoxsulluq səviyyəsi yüksəldi, dövlət borcları artdı. Bu kimi problemlərin önlənməsi üçün zaman-zaman müxtəlif təkliflər səsləndirilirdi. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü isə 2002-ci ilin sentyabrında keçirilən Davamlı İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın Baş Naziri Toni Bleyr tərəfindən irəli sürüldü. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan qlobal standartdır. Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olmaqla yanaşı, həm də 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan edib. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.

Azərbaycanın 2013, 2014 və 2015-ci illər üzrə hesabatının yeni MHŞT Standartının tələbinə uyğun hazırlandığını vurğulayan ekspert 2016-cı il üzrə HSŞ hesabatı barədə də iştirakçılara məlumat verib.
Məruzəçi daha sonra tədbir iştirakçılarına HSŞ-nin mahiyyəti, vətəndaşların HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar barədə məlumat verib.
Sonda çıxış edən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev tədbirdə verilən informasiyaların jurnalistlərin gələcək fəaliyyəti üçün əhəmiyyətli olduğunu bildirib.
Region mediasında işləyən jurnalistlər üçün ilk dəfədir Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü ilə bağlı tədbir keçirildiyini qeyd edən Fərman Nəbiyev cəmiyyətə neft gəlirləri və əldə olunan vəsaitin necə xərclənməsi ilə bağlı məlumatın sadə dillə çatdırılmasında təlimin mühüm rol oynayacağını qeyd edib.

 

Xəbər xətti