ETSN: Temperatur normadan 5 dərəcə yüksək olacaq

13:55 - 25 İyun 2018 - Xəbər

Azərbaycanda Afrika istiləri gözlənilir 

Ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti hava kütlələri nəticəsində yaxın 4-5 gün ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək olacaq.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Artıq ölkədə Şimali Afrikadan gələn isti hava kütlələrinin üstünlük təşkil etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, iyunun 26-dan ayın sonunadək ölkə ərazisində hava şəraitinin anomal isti olacağı, havanın maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

U.Tağıyeva bu temperatur rejiminin daha çox iyul və avqust ayları üçün səciyyəvi olduğunu söyləyib:

"Belə temperaturlar adətən, iyul və avqust aylarında müşahidə edilir. Amma son illərin tendensiyası onu göstərir ki, yayda anomal istilər müşahidə edilir və bu istilər iyunda da qeydə alınır".

U.Tağıyeva əlavə edib ki, yaxın günlər ərzində yüksək temperaturla bərabər atmosfer təzyiqinin aşağı olması, eyni zamanda günorta saatlarında və axşama doğru cənub-şərq küləyinin üstünlük təşkil etməsi nisbi rütubətin yuxarı olmasına səbəb olacaq. Belə hava şəraiti isə meteohəssas insanlar üçün əlverişsiz olacaq:

"Çimərliklərdə də müləyim küləyin əsməsinə və dəniz suyunun 24-26 dərəcə isti olmasına baxmayaraq, gündüz yüksək temperatur rejimi gözlənilir. Ona görə də mütləq şəkildə günəş şüalarından qorunmaq lazımdır".

Xəbər xətti