Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib

14:33 - 22 İyun 2018 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Ucnoqta.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov iyunun 22-də Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Ağstafa rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 15 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.

Xəbər xətti