“Uşaqların döyülməsi yolverilməzdir”

20:01 - 21 İyun 2018 - Cəmiyyət

Xəyal Bəşirov: “Uşağa qarşı fiziki zorakılıq nümayiş etdirən şəxsi təkcə işdən azadedilməməlidir”
Lalə Mehralı: “Bu gün başqasının uşağına edilən hərəkət, sabah sənin də uşağına qarşı edilə bilər”
Aydan Nəzərova: “Uşaqda artıq inamsızlıq hissi yaranacaq və heç kimə güvənməyəcək”

Mətbuatda tərbiyəçilərin bağçalarda uşaqlara fiziki zorakılıq tətbiq etdiyi barədə məlumatlara tez-tez rastlaşt gəlirik. Bir neçə gün əvvəl özəl baxcaların birində tərbiyəçinin uşağa göstərdiyi fiziki zorakılıqla bağlı görüntüləri demək olar ki, ölkədə böyük narazılıqla qarşılandı. Bəlkə də, o uşaq kimi döyülən, qorxudulan, amma valideynlərinin xəbəri olmayan neçə-neçə uşaqlar var...
Bu tipli xəbərlər yayılandan sonra isə ya hadisənin yalan olduğu, yaxud da həmin “tərbiyəçi”nin işdən çıxarıldığı bildirilir. Bəs görəsən işdən uzaqlaşdırma çıxış yoludurmu? Bu problem köklü olaraq necə həll olunmalıdır? “Tərbiyəçi” bu cür hərəkətlər edərsə, onu hansı cəza gözləyir?


Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vəkillər Kollegiyasının (VK) üzvü Xəyal Bəşirov bildirdi ki, uşağa qarşı fiziki zorakılıq nümayiş etdirən şəxsi təkcə işdən azadetmə kifayət deyil. Çünki həmin şəxs vəzifə səlahiyyətlərini aşıb:
“Onun vəzifə səlahiyyəti uşaqlara nəzarət etmək, onların qayğısına qalmaqdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə həmin qadın barəsində cinayət işi başlanılıb. Həmin maddəyə görə, aşkar şəkildə yetkinlik yaşına çatmayan şəxsə qarşı mütəmadi olaraq işgəncə, əziyyət, döymə, digər zorakılıq hərəkətləri edən şəxs barəsində  2 ildən 5 ilədək müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

X. Bəşirov deyir ki, ümumiyyətlə, bağçalar tərbiyəçiləri işə götürəndə onların şəxsi işlərini, vəziyyətlərini araşdırmırlar: “Hətta, mənə bir dəfə bir şəxs müraciət etmişdi. Deməli, boşanan ər-arvad arasında intriqa gedirdi. Valideynlik hüququndan məhrum olunan həmin ananı bağçaya işə götürmüşdülər. Əgər bir insan valideynlik hüququndan məhrum olunubsa, onun uşaqla ünsiyyəti qadağan olunur. Valideynlik hüququndan məhrumetmə çox ağır cəzadır, nadir hallarda rast gəlinir. Valideyn o zaman valideynlik hüququndan məhrum olur ki, o, ailədə kiməsə qarşı cinayətə cəhd etsin, psixoloji problemləri olsun, narkotikə qurşansın və yaxud əxlaqsız hərəkətlərlə məşğul olsun və s. Əgər həmin valideynin uşaqla təması məhkəmə tərəfindən qadağan edilibsə, onu başqa uşaqlara necə nəzarətçi qoymaq olar? Fikrimcə, bağçaların üzərinə məsuliyyət qoyulmalıdır ki, işçiləri götürəndə ciddi nəzarət etsinlər, hər adamı işə götürməsinlər. Sadəcə qazanc mənbəyi kimi baxmasınlar, xüsusilə də özəl bağçalar...”.

Vəkilin sözlərinə görə, Azərbaycan 1992-ci ildən etibarən BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) üzvüdür və BMT-nin uşaq hüquqları haqqında konvensiyası var. Hansı ki, bura üzv olan ölkələr onu imzalayırlar. “Burada uşaqlarla bağlı bütün hüquqlar öz əksini tapıb. Həmin konvensiyanın əsasında Azərbaycanda 1998-ci ildə Uşaq hüquqları haqqında qanun qəbul olunub. Konstitusiyadan tutmuş, Ailə Qanunvericiliyi və Mülki Qanunvericiliyə qədər hamısı uşaqların hüquqlarını tam əhatə edir. Əslində bizdə bu sahədə qanunvericilik tam mükəmməldir. Amma məktəbəqədər müəssisələrdə və bağçalarda uşaqların cəzalandırılması ilə bağlı buna nəzarət edən qurumlar araşdırmalar apara bilərlər. Qanunvericilikdə bu hissədə boşluqlar var, dəyişikliklərin, əlavələrin olunması, daha da təkmilləşdirilməsi lazımdır ”. 

“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı deyir ki, həmin qadının əməlinin cəzası işdən qovulması ilə bərabər 2 ilədək həbs olmalı və yaxud həbs icbari cəza ilə əvəzlənməlidir:
“Bildiyimə görə, valideynlər şikayətçi olmayıblar. Çünki jurnalistlərə müsahibə verən valideynlər var ki, bağçadan razılıq edirdilər. Lisenziyasız fəaliyyət göstərən bağça təlim-tərbiyəsinə, uşaqların təhlükəsizliyinə maksimum diqqət etməlidir ki, lisenziyasız fəaliyyətinin üstünə əlavə qanun pozuntusu da gəlməsin. Qanunsuz fəaliyyət göstərdiyi yetmirmiş kimi uşaqlara əziyyət də verirlər. Biz görüntülərdən də gördük ki, tərbiyəçi başqa uşaqları da vurur, incidir”. 

Görüntülərdə digər bir məqama diqqət yetirən jurnalist-sosioloq deyir ki, tərbiyəçi uşağı incidəndə yanından bir qadın da keçir. Onun valideyn, yoxsa bağça işçisi olması barədə məlumat yoxdur: “Amma mən belə başa düşürəm ki, valideyn də olsa, onların əksəriyyəti bu kimi hallara etinasız yanaşır, “məndən ötdü, sənə dəydi, məsəli kimi”... Anlamırlar ki bu gün başqa uşağa edilən zorakı hərəkət, sabah onun uşağına da ediləcək. Görüntülər ictimailəşən kimi bağça bağlandı, tərbiyəçi işindən azad olundu. Həmin qadın daha hansısa bağçada, təlim-tərbiyə mərkəzində işləyə bilməyəcək, çünki bütün ictimaiyyət simasını gördü. Amma qanunla həbs cəzası da almalıdır, təbii ki burada valideynlərin üzərinə böyük iş düşür. Hüquq-mühafizə orqanlarına müraciət etməli, o tərbiyəçinin davranışlarına görə şikayətçi olmalarını bəyan etməlidirlər ”.

Qeyd edək ki, Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.  L. Mehralı deyir ki, qanun və əlaqədar orqanlar da öz işini görür.

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu Aydan Nəzərova isə deyir ki, izlədiyimiz həmin kadrlar çox ürəkağrıdıcıdır:
“Bir uşağın bu qədər şiddətə məruz qalması doğru bir hal deyil və uşağın psixologiyasına mənfi təsirini göstərəcək. Uşaqda təşviş pozuntuları, stressə davamsızlıq, özgüvənsizlik yaranacaq. Təşviş pozuntuları artdıqca qorxuları, get-gedə yuxu terrorları yaranacaq. Gecə yatanda ağlayıb, qışqıracaq. Gündüz yaşadığı travmanı gecə yuxusunda canlandıracaq. Bu da uşağın psixologiyasının mənfi tərəfdə istiqamətlənməsinə yönəlir. Nəinki, tək döyülən uşağın, həmçinin onun yanında olan digər uşaqların da psixologiyasına mənfi təsir göstərir. Bu proseslər aktiv uşaqları passiv edə bilər. Həmin uşaqlar hər xırda bir şeydən işgəncə alacağını düşünəcək. Bura həm döyülən, həm də yanında bunu müşahidə edən uşaqlar daxildir. Uşaqların döyülməsi  yolverilməzdir. Bağça tədris müəssisəsi sayılır. Biz övladlarımızı ora göndəririk ki, sosiallaşsın, paylaşmağı öyrənsin, qalibiyyəti, məsuliyyəti öyrənsinlər. Bu doğru bir hal deyil”.

A.Nəzərova deyir ki, uşaqlarda gələcəkdə özünəqapanma halları, çəkingənlik yarana  bilər: “Uşaqda artıq inamsızlıq hissi yaranacaq və heç kimə güvənməyəcək. Getdikcə şəxsiyyətinin formalaşmasında yanlışlıqlara yol verilə bilər. Uşaqlarda artıq  özünəqapanma halları olduğundan təlimə də yönələ bilməyəcəklər. Təlimə yönəlmədikdə isə bilik səviyyəsi aşağı düşməyə başlayacaq. Çünki çəkingənlik yarandığından uşaq fikirləşəcək ki, bilmədiyi bir sualı müəlliməsindən, yaxud kimdənsə soruşsa artıq ona şiddət göstərərlər. Beləcə uşağın içində daim sıxıntılar, təşvişlər yaranacaq. Uşaq nə qədər inadkar olsa da, davranış pozuntusu olsa da, biz uşaqlara fiziki şiddət uyğulamalı deyilik, nəinki psixoloji şiddət...”.

Psixoloq əlavə etdi ki, uşaqlar bizim gələcəyimizdir, onları düzgün psixologiyada böyütməliyik: “Onların davranışlarında təbii ki, qüsurları ola bilər. Biz mütəxəssislərin öhdəsinə düşən də, o qüsurları aradan qaldırmaqdır. Səs tonunu qaldıraraq, şiddət göstərərək yox... Ona görə də bizim əsas işimiz valideynləri düzgün istiqamətləndirməkdir. Valideynlər gərək səbrli olsunlar, uşaqları ilə düzgün şəkildə rəftar etsinlər. Nizam-intizam qaydalarını onlara öyrədəcəyik ki, bu tip davranış pozuntusu olan uşaqları döymək çıxış yolu deyil”.

A. Nəzərovanın sözlərinə görə, fiziki zorakılıq görmüş bütün uşaqlara xüsusi bir terapiyanı tətbiq etmək düzgün olmaz, çünki bu hər uşağa görə bu dəyişir: “Daha çox psixoanaliz.... ümumiləşmiş terapi növləri işlənir. İlk öncə fiziki şiddət görmüş uşağı psixoanaliz edirik. Çünki elə valideyn var ki, uşağının fiziki şiddət gördüyünü boynuna almır, gizlətməyə çalışır. Uşağın yaş məhdudiyyətinə baxırıq, rəsm, nağıl terapiyasına və art terapiyanın digər növlərinə yönəlirik. Uşağın şüuraltısında nələrin olduğunu öyrənmək üçün araşdırmalar aparırıq. Çünki o uşaqdır, böyük insan kimi bizimlə qarşı-qarşıya oturub, problemini, narahatlığını deyə bilməyəcək. Oyun terapiyası çəkdiyi şəklində ortaya çıxa bilər. Uşağın narahatlığını üzə çıxarandan sonra valideynə məlumat veririk ki, sənin uşağın filan hadisəni, situasiyanı yaşayıb və ondan dolayı belə bir psixoloji problemi yaranıb. Burada valideynin dəstəyi çox önəmlidir. Bunu bərabər şəkildə həll etməliyik. Çünki koqnitiv terapiyanı tətbiq etməyə başlayırıq. Yaş hüduduna görə, uyğun terapi növlərimizi tətbiq edirik. Və sonuc olaraq evə tapşırıqlar veririk, valideynin də köməyi olduqda nəticəmizi çox tez alırıq”. 

Uşaq psixoloqu deyir ki, bağçada və yaxud hər hansı tədris müəssisəsində mütəxəssis (bura pedaqoq, psixoloq, loqoped, tərbiyəçi, müəllimə daxildir) seçilərkən onların psixoloji durumu yoxlanılmalı, psixoanaliz olunmalıdır: “Çünki psixoloji durumunda problem olan hər hansı bir mütəxəssis uşaqlarla çalışanda çətinlik çəkəcək, işləyə bilməyəcək. Ona görə də mütləq şəkildə birinci onların psixologiyasını tənzimləməliyik. Əslində, məsləhət görərdim ki, uşaqlarla işləyən hər hansı bir müəssisə öz işçilərini heç olmasa 2-3 aydan bir hansısa təlimə yönləndirsin. Yaxud uzun illər işləyən işçilər var ki, onlar eyni işi görürlər və artıq onlarda yanma sindromu başlayır. İnsan hətta sevdiyi işdən belə zövq almır. Çünki artıq eyni işi illərdir fasiləsiz olaraq görür. Mütləq şəkildə fasilə verilməlidir. Həmin müəssisələrin rəhbərliyinin üzərinə iş çox düşür. Çünki onlar işçilərini daim nəzarətdə saxlamalıdır. Hər bir insanın problemi ola bilər və hər kəsin də psixologiyası bərabər deyil. Bunun üçün də bu kimi hallar ortaya çıxmasın deyə müəssisə rəhbərliyi problemi olan işçisinə mütləq şəkildə yardım göstərməlidir. Həmin uşağı döyən müəllimənin psixologiyasında hər hansı bir çaxnaşma, gərginlik var. Ona görə də bu kimi hərəkətləri edib. Bəlkə də istəyərək etməyib. Bu həmin qadının səbrini toplaya bilməməsinin nəticəsidir. Amma bütün hallarda bu yolverilməzdir”.

Könül Əhmədova

Xəbər xətti