“Hesab edirəm ki, xoşbəxt bir ailəyə sahibəm”

15:41 - 21 İyun 2018 - Müsahibə

Vüqar Rəhimzadə: “Hətta, qonorar toplayıb özümə velosiped də almışdım” 

“Tələbəlik illərində trestin yataqxanasında qalmışıq. Təxminən 12 il o yataqxananın sakini olmuşam. Daha sonra növbə ilə ev almışam. Əkiz qardaşımla birlikdə yataqxananın 26-cı otağında qalırdıq, təmizlik işlərini mən görürdüm, yemək işlərini isə o həll edirdi. Yaşımız az olduğuna görə bizi işdən bir saat tez buraxırdılar. Yataqxanaya çatan kimi tələsik bir stəkan şirin çay içib, yumurtanı yağa salıb yeyib axşam dərsinə qaçırdıq” – bu sözləri bizimlə söhbətində “Keçmişimdə” rubrikasının qonağı “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə dedi. Maraqlı müsahibəni sizlərə təqdim edirik.

“Nümunəvi şagirdlərdən biri olmuşam”

Vüqar Gəncəli oğlu Rəhimzadə 1967-ci il 24 may tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub.
Deyir ki, çoxuşaqlı ailədə böyüyüb: “Anam “Qəhrəman ana” olub, çox uşağa görə qızıl medal da alıb. Qardaşım İlqarla əkiz doğulmuşuq. Ailəmiz böyük olduğu üçün yaşayışımız çətin idi. Məktəbdə təhsil almaqla yanaşı, təsərrüfatla da məşğul olmuşuq. O vaxt Culfa rayonun Cəfər Cabbarlı adına sovxozunda işləyirdik, üzüm bağlarını becərirdik, məvacib alırdıq. Bir sözlə, yaşamaq üçün çalışırdıq. Kəndimiz İlandağın ətəyində yerləşir. Orta məktəbdə yaxşı oxumuşam, qiymətlərim beş olub. Nümunəvi şagirdlərdən biri olduğumu deyə bilərəm. Hər zaman dərslərimə, işlərimə məsuliyyətlə yanaşmışam. Təbiətcə sakit insan olmuşam, indi də eləyəm. Düzdür, bir az kasıb olmuşuq, amma bundan heç vaxt utanmamışam. Həmişə qürurla deyirəm ki, kasıblığı görə-görə mübariz olmuşuq. Atam tez rəhmətə getdiyi üçün anam bizi çətinliklə boya-başa çatdırıb. Hamımız təhsil almışıq”.

“Hətta, qonorar toplayıb özümə velosiped də almışdım” 

Jurnalistikaya uşaq vaxtlarından həvəsi, marağı olan müsahibimiz deyir ki, hələ məktəb illərində yazdığı yazılara görə qonorar da alırmış: “Kənd həyatından, kənddəki idman yarışlarından, bir çox hərbiçilərin həyatından kifayət qədər yazılarla çıxış etmişəm. Mənim bu sahəyə gəlişimdə rayon qəzetinin böyük rolu olub. 5-6-cı sinifdə oxuyanda Culfa rayonunun “Zəfər”, Naxçıvan Muxtar Respublikasının “Şərq Qapısı” qəzetləri ilə əməkdaşlıq etmişəm. Onu da deyim ki, qonorar da alırdım. Respublikada çıxan “Azərbaycan gəncləri ”, “Azərbaycan pioneri”, “Sovet kəndləri” qəzetlərində də yazılarım dərc olunurdu. Hətta, qonorar toplayıb özümə velosiped də almışdım (gülür). Uşaq vaxtı kimdəsə velosiped görəndə həsəd aparırdıq, istəyirdik ki, bizim də olsun. Əziyyətimizlə velosiped aldığımız üçün özümüzü çox xoşbəxt hiss edirdik”.

“Kababın yaxşı tikələrini götürüb bir-bir dişləyir, qabına yığırdı”

V.Rəhimzadə bildirir ki, onuncu sinfi bitirəndə onların sinfini Ordubada ekskursiyaya aparıblar. Bu ekskursiyadan yadında qalan maraqlı bir xatirəsi də var: “Bizi Məmməd Səid Ordubadinin ev muzeyinə, fabrik və zavodlara apardılar. Daha sonra meşədə yeməyə getdik. Kababları gətirib ortaya qoyurdular ki, hamı yesin. Amma gördük ki, sinif yoldaşlarımızdan biri kababın yaxşı tikələrini götürüb bir-bir dişləyir, qabına yığırdı ki, başqa adam onu yeməsin (gülür)”.

“Qaubvaxt” həyatı da yaşamışam”

O dövrdə jurnalistika və hüquq fakültələrinə iki illik təcrübə lazım idi. Ona görə də müsahibimiz özünü yoxlamaq üçün sənədlərini M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutuna (indiki ADNSU) verib: “Tale elə gətirdi ki, ora da qəbul olundum. Sonra imkanımız zəif olduğu üçün axşam təhsil almağa keçdik. Gündüzlər işləyirdik, axşamlar instituta gedirdik. Qardaşımla “Azərneftkimyazavodtəmir” Trestinin 1 nömrəli Təmir-tikinti İdarəsində əvvəlcə yardımçı fəhlə işləmişik. 
Bir il oxuyandan sonra isə İrkutsk vilayətinin Zima şəhərində hərbi xidmətdə olmuşuq. Ora çatmaq üçün yeddi sutka yol getdik. Zimada tikinti batalyonunda xidmət etmişik. Çox ağır havası var idi, qışı çox soyuq, yayı da isti olurdu. Ətrafımız həbsxanalardan ibarət idi. İki qardaş olduğumuza görə bizə kifayət qədər hörmət var idi. Amma buna baxmayaraq 2 sutka “qaubvaxt” həyatı da yaşamışam. Bütün bunlara baxmayaraq şərəf və qürurla xidmət etmişik. Nümunəvi əsgər olmuşuq, qardaşım serjant olub. Hərbi xidmətin ən çətin tərəfi odur ki, iki il ərzində ailəndən, valideynlərindən, doğmalarından uzaq yaşayırsan. Yalnız məktub vasitəsilə əlaqə saxlamaq olurdu. İlk dəfə balaca qardaşım Mehmandan məktub aldım, o vərəqdə öz əlinin şəklini çəkmişdi.  Bu zaman kövrəldim. Hərbi xidməti başa vurub qayıdanda inana bilmirdim. Elə bilirdim ki, orada doğulmuşam. Buraxılış vərəqəsini verəndə inanmadım ki, bizi evə buraxırlar. O qədər çətin, sərt bir hərbi hissə idi”.

“Təxminən 12 il o yataqxananın sakini olmuşam”

V.Rəhimzadə deyir ki, hərbi xidməti bitirəndən sonra trestə qayıdıblar və fəaliyyətlərini davam etdiriblər. Bununla yanaşı, təhsil də alıblar:
“Mən oxuduğum dövrdə universitetin adını üç dəfə dəyişdilər. Qəbul olunanda Azərbaycan Neft-Kimya İnstitutu idi, oxuyan müddətdə Azərbaycan Sənaye Universiteti oldu, bitirəndə isə artıq Neft Akademiyası adlanırdı. Tələbəlik illərində trestin yataqxanasında qalmışıq. Təxminən 12 il o yataqxananın sakini olmuşam. Daha sonra növbə ilə ev almışam. Əkiz qardaşımla birlikdə yataqxananın 26-cı otağında qalırdıq, təmizlik işlərini mən görürdüm, yemək işlərini isə o həll edirdi. Yaşımız az olduğuna görə bizi işdən bir saat tez buraxırdılar. Yataqxanaya çatan kimi tələsik bir stəkan şirin çay içib, yumurtanı yağa salıb yeyib axşam dərsinə qaçırdıq”.

“Hesab edirəm ki, xoşbəxt bir ailəyə sahibəm”

Həyat yoldaşı ilə tanışlıqlarından danışan V.Rəhimzadə deyir ki, Naxçıvanda tanış olublar, qohumluqları da çatırmış: “Cavanlar necə tanış olursa, biz də elə tanış olmuşuq (gülür). Münasibətimiz qarşılıqlı olub, qısa müddət ərzində ailə həyatı qurduq. 1993-cü il noyabr ayının sərt qışında 28 yaşımda əkiz qardaşım İlqarla birlikdə Naxçıvanda doğulduğumuz kənddə toyumuz oldu. Hava soyuq olduğu üçün təyyarə gedib-gəlirdi, ancaq Naxçıvana düşə bilmirdi, dumanlı hava idi, qar yağmışdı. Hətta toyum başlamışdı, öz toyuma gedib çata bilmirdim. Hava pis olduğu üçün Naxçıvanın üzərində fırlanıb, yenidən Bakıya qayıdırdı. Xanımım Bakı Dövlət Universitetinin biologiya fakültəsində həm bakalavr, həm də magistratura təhsili alıb. Həyat yoldaşım mənə çox böyük dəstəkdir, uşaqlarımın təhsil almasında, evin digər işlərində rolu böyükdür. Hesab edirəm ki, xoşbəxt bir ailəyə sahibəm. Üç oğul övladımız var, ikisi universiteti bitirib, biri orta məktəbdə təhsil alır”.

“Hələ tələbə olarkən Heydər Əliyevdən müsahibə götürdüm”

Bakıya gələndən sonra da qəzetlərlə əməkdaşlığını davam etdirən müsahibimiz deyir ki, trestin çoxtirajlı “Böyük kimya uğrunda” qəzetinə onu müxbir vəzifəsinə işə götürüblər:
“Bir ildən sonra-90-cı ildə həmin qəzetin baş redaktoru oldum. Sonra mənim üçün ilk yaddaqalan günlərdən biri həmin qəzetin redaktoru ola-ola ulu öndərimiz Heydər Əliyevlə Naxçıvanda görüşüb, müsahibə almaq oldu. Həmin vaxt yenicə Nehrəm Seçki dairəsindən deputat seçilmişdi. Həyatımda tarixi anlardan biri onunla müsahibəm olub. Çünki biz Heydər Əliyevi yalnız televiziya ekranlarında görmüşdük. Mən tələbə olarkən Heydər Əliyevdən müsahibə götürdüm. Həmin müsahibənin başlığını indi də xatırlayıram – “Ən ümdə məsələ- Dağlıq Qarabağ məsələsidir”. Bu müsahibəyə görə, təqiblər oldu, çünki həmin vaxt Kommunist Partiyası var idi, çətinliklər oldu. Beləliklə, mən o qəzetdən gedəsi oldum”.

“Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm”

V.Rəhimzadə bildirdi ki, 1991-ci ildə “İki sahil” qəzetini yaradıblar və artıq 27 ildir həmin qəzetin baş redaktorudur. Eyni zamanda paralel olaraq 1997-2000-ci illər ərzində “Azərneftyağ” İstehsalat Birliyində baş direktorun müavini vəzifəsində də fəaliyyət göstərib:
“2000-ci ildə 5 saylı Culfa-Ordubad seçki dairəsindən seçilib Azərbaycan Respublikasının Milli Məclisinə deputatı olmuşam. Mətbuat Şurası yaradılmazdan əvvəl yaradılmış Təşkilat Komitəsinin üzvü olmuşam. Mətbuat Şurasının 2003-cü ildən üzvü kimi fəaliyyətimi davam etdirirəm. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin olunmuşam. 8 il bu fondun Muşahidə Şurasında təmsil olunmuşam. Müşahidə Şurasının üzvləri tərəfindən sədr müavini seçilmişəm. İkinci təhsil almışam, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Mətbuatla bağlı dissertasiya müdafiə etmişəm, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentəm. Bakı Slavyan Universiteti, Jurnalistika kafedrasının dosentiyəm. 2005-ci ildə cənab Prezidentimizin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. 2011-ci ildə isə dövlət başçısının digər Sərəncamı ilə “III dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşam. YAP-ın Siyasi Şurasının üzvüyəm”. 


Könül Əhmədova


Xəbər xətti