İdeal qarderobu necə təşkil etmək?

14:13 - 21 İyun 2018 - Xəbər

 Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club”-ın növbəti tədbiri keçirilib. Klubun təşkilatçısı Lyubov Quturova Poyraz,  koordinasiyaçı  Rinara Şəmsiyeva qonaqları açıq hovuzun kənarında toplayaraq açıq havada moda ilə bağlı müzakirələr aparmaq üçün şərait yaradıblar. Bakının yay axşamında “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusu klub üzvləri arasında ətraflı müzakirə olunub.

  “Baku Fashion Club” yarandığı gündən öz  ətrafında moda sahəsinin peşəkarlarını, ekspertlərini  və  həvəskarlarını  toplayaraq  daim müxtəlif mövzularda müzakirələr aparır.  Tədbirin ənənəvi olaraq canlı yayım edilməsi tədbirə  gələ bilməyənlərə  uzaq məsafədən  çıxışçılara  qulaq asmaq imkanı verir. Qeyd edək ki, müzakirə  olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür. Stilist və geyim alışı üzrə məsləhətçi  Səbibə Əsəd qeyd edib ki,  geyim seçimində ən çətin vəziyyət  dolu qarderobun qarşısında dayanaraq  uyğun geyimi  tapa bilməməkdir. Səbinə Əsəd çıxışında  ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda ətraflı məlumat verib. 
   Bloqqer Aysel Mirzəyeva çıxışını işgüzar stilin və görünüşün yaradılması mövzunda edib. Aysel Mirziyeva qeyd edib ki, müsahibələrə və ya işgüzar görüşlərə getdikdə nə geyinilməsi haqda hər birimiz düşünmüşük.  Qarderoba diqqətlə yanaşdıqda, geyimlər düzgün seçildikdə  və əvvəlcədən  geyimlərin imkanlarını düşündükdə, qarderob dolu olmadığı halda belə yeni görünüş ilə trenddə olmaq mümkündür. 
Bloqqer  Nigar Kərimova çıxışında qeyd etdi ki, rənglər düzgün seçilmədikdə ən gözəl qarderob belə görkəmsiz görünə bilər. Geyim rənglərinin düzgün uyğunlaşdırılması ilk dəfə olduğunuz  yerdə qısa müddət ərzində  düzgün təəssüratın, işgüzar əlaqələrin yaradılmasında, və gələcək işlərin gedişatında mühüm  rol oynayır.  İdeal qarderobun seçimi o qədər də çətin deyil. Rəqəmsal texnologiyalar əsrində internet resursların  geniş imkanlarından istifadə edərək, evdən çıxmadan ideal görkəmi yaratmaq mümkündür.

Geyim istehsalı ilə məşğul olan  “Tom Still” Azərbaycan brendinin nümayəndəsi Emiliya Sadıxova  bildirib ki,  fotosessiyalara hazırlaşdıqda, onlar düzgün görünüş modellərini  yaratmağa   çalışırlar  və müştərilər bu geyim obrazlarından istifadə  edə  bilərlər. Bununla da  ideal qarderobun  yaradılması yolunu qısa  etmək olar.
  Həmçinin, çıxışçılar iştirakçıların və canlı yayımda izləyənlərin suallarını cavablandırıblar. 


Xəbər xətti