Əqli mülkiyyətin iqtisadiyyatda payı getdikcə artır

19:00 - 21 İyun 2018 - KİVDF

Onun potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir

Azərbaycanda biliklərə əsaslanan iqtisadiyyatda makroiqtisadi səviyyədə əqli mülkiyyət hüquqları qorunur. Onun milli iqtisadiyyatda payı getdikcə artır. Aparılan iqtisadi araşdırmalarda müəyyən edilib ki, hazırda milli iqtisadiyyatda müəlliflik hüququna əsaslanan sənaye sahələrinin iqtisadi payı ÜDM-in 3 faizini təşkil edir. Birsözlə əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına və investisiya axınına müsbət təsir göstərir. Bu ilk növbədə sənayedə yerli rəqabətə davamlı məhsul istehsalını təmin edən yeni texnologiyaların geniş tətbiq edilməsində bazar münasibətlərinin sürətlə formalaşmasının vacibliyi ilə əlaqədardır. Bu da hüquqi dövlət quruculuğu üçün vacib iqtisadi şərtdir. Bu aspektdə maliyyə və intellektual mülkiyyət münasibəti problemləri daha mürəkkəb və aktual hesab edilir, çünki müəssisələrin innovasiya fəaliyyətindən müsbət son nəticənin əldə olunması imkanı məhz onların həlli dərəcəsindən asılı olur. Müasir şəraitdə dünya və daxili bazarlarda kəskin rəqabətin inkişafı yeni aktiv intellektual mülkiyyətin təsərrüfat dövriyyəsinə daxil edilməsi həm ayrı-ayrı təsərrüfat subyektlərinin, həm də bütövlükdə ölkənin bütün xalq təsərrüfatı kompleksinin inkişafı taktikasını və strategiyasını müəyyən edir.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, əqli mülkiyyət sahəsində tanınmış ekspert Kamran İmanov bu barədə bildirib ki, əqli mülkiyyət mövcud biliklərdən və onların mənimsənilməsindən başlayır, əqli fəaliyyət nəticələri ilə başa çatır və yeni biliklərin yaranmasına gətirib çıxarır. “Bu bilikləri insan həyatının istər sosial-iqtisadi, istərsə də mədəni sahəsinə aid etmək olar…Son illər dünyada ən çox nəzərə çarpan və sürətlə inkişaf edən də fenomen əqli mülkiyyətdir. İctimai rəyi və dövlətlərin siyasətini cəlb edən isə əqli mülkiyyətin dəyişmiş iqliminin idarə edilməsidir. Çünki betona və dəmirə əsaslanan iqtisadiyyat ardıcıl olaraq ideya və biliklərə əsaslanan iqtisadiyyata çevrilərək "biliklər iqtisadiyyatı", "kreativ industriya", "rəqəmli mədəniyyət formaları"nı yaradır. Bu gün inkişaf etmiş ölkələrin 80-90 faizinin ÜDM-dəki artımı texnika və texnologiyalarda əksini tapmış yeni biliklər hesabınadır. Müəlliflik hüququna əsaslanan sənayenin (kreativ industriya) dünya iqtisadiyyatındakı payı hər il artır, trilyonlarla ABŞ dolları ilə ölçülür”.
Onun sözlərinə görə, bazarın tənzimlənməsi, ədalətli rəqabətin düşmənləri olan piratçılıq və saxtamalçılığa qarşı mübarizənin gücləndirilçəsi ardıcıl işlər görülür. “ Məqsəd Prezident İlham Əliyevin dediyi kimi, qara qızılı insan sərvətinə çevirməkdir”

Qeyd edək ki, müasir bazar iqtisadiyyatı şəraitində firma adları, əmtəə və xidmət nişanları və əmtəənin mənşə yerinin adlandırılması kimi mülkiyyət obyektləri mühüm element hesab edilir. Bu sahə üzrə ekspert Cəmilə Həsənova bildirib ki, hər bir ölkənin iqtisadi potensialı yeni biliklər əldə etmək və texnologiyalar yaratmaqla istehsal sahələrini genişləndirmək, müxtəlif çeşidli yeni məhsullar əldə etmək imkanları ilə təyin olunur. “İstehsal sahələrinin genişləndirilməsi isə bilavasitə ayrılan investisiyaların həcmindən və yeni texnologiyaların tətbiqi səviyyəsindən asılıdır. İnvestisiya proseslərində pul vəsaitləri, kreditlər, paylar, səhmlər, məqsədli pul ayırmaları və digər qiymətli kağızlarla yanaşı intellektual mülkiyyət obyektlərinə olan hüquqlardan da istifadə olunur”. Onun sözlərinə görə, intellektual mülkiyyət geniş mənada əqli mülkiyyətin nəticəsi və ya individuallaşmış vasitələrin qanunla təsbit edilmiş müstəsna hüququdur. "İntellektual mülkiyyət" anlayışından hələ XVIII-XIX əsrlərdə istifadə etməyə başlamışlar, lakin geniş istifadəsi XX əsrin ikinci yarısında 1967-ci ildə Cenevrədə BMT-nin himayəsi altında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiyanın imzalanması ilə bağlıdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı yeni beynəlxalq sazişlərin imzalanmasına və milli qanunvericiliklərin müasirləşdirilməsinə kömək göstərir, o cümlədən ölkələr arasında inzibati əməkdaşlıq edir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının məlumatına görə intellektual mülkiyyət iki kateqariyaya bölünür:
1) sənaye mülkiyyəti - bura ixtiralar (patentlər), əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstərişlər daxildir.
2) müəlliflik hüququ - bura romanlar, pyeslər və şeirlər, filmlər, musiqi əsərləri kimi ədəbi və bədii yaradıcılıq, şəkillər, rəsmlər, heykəltaraşlıq, həmçinin memarlıq qurğuları kimi incəsənət nümunələri daxildir. 

Cəmilə Həsənova bildirib ki, sənaye mülkiyyət obyektlərinin fərqli xüsusiyyətləri ondan ibarətdir ki, bu obyektlərin hüquqi mühafizəsi yalnız xüsusi dövlət orqanlarından qeydiyyatdan keçdiyi hallarda mümkündür. İntellektual mülkiyyətin obyekti olan sənaye mülkiyyətinin mühafizəsi sənaye istehsalının təkamülü və inkişafında mühüm rol oynayır. “Əgər müəssisənin mülkiyyəti ixtiralar üçün müdafiə olunmazsa, onda sahibkara yeni ideya və ixtiraların tədqiqi və işlənməsinə sərmaye qoymaq sərfəli olmazdı. Başqa sözlə, sahibkar rəqibləri ilə müqayisədə ona mənfəət və üstünlük gətirəcək sahəyə və mülkiyyətə vəsait qoymağa hazırdır və bunun üçün isə patent hüququ movcuddur. Sənaye mülkiyyət obyektləri bir qayda olaraq, patent hüququ ilə mühafizə olunur. Patent hüququ yaradıcı fəaliyyət nəticəsində yaradılan obyektlərin mühafizəsinin hüquqi rejimini müəyyən edir və onun təsərrüfat sahəsində tətbiqi, o cümlədən onun istifadəsindən mənfəət əldə edilməsi üçün müəyyən səlahiyyətlərin verilməsinə zəmanət verir

Onun sözlərinə görə, milli qanunvericiliyin müasirləşdirilməsi və yeni beynəlxalq sazişlərin imzalanmasına kömək göstərilməsində, ölkələr arasında inzibati əməkdaşlıqda, inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərilməsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatınn rolu əvəzsizdir. Təşkilatın yanında arbitraj və vasitəçilik üzrə mərkəz fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvüdür. Azərbaycanın bu sahədəki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən: «Ədəbi və bədii əsərlərin qorunması haqqında» Bern Konvensiyasına (1999); «ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında» Konvensiyasına (2001); «İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında» Roma Konvensiyasına (2005); «Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi»nə (2005) və «Ümümdünya Əqli Mülkiyyət Təşkilatının İfalar və fonoqramlara dair Müqaviləsi»nə (2005) qoşulmuşdur. Azərbaycan Respublikası həmçinin YUNESKO-nun «Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası»na (1997) qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub. Sadalanan beynəlxalq Sazişlərə qoşulma qanunlar kimi qəbul edilərək milli qanunvericilik bazamızı tamamlayır və onun tərkib hissəsi kimi çıxış edir. Beləliklə, Azərbaycan Respublikası müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində ən vacib konvensiya və sazişlərin hamısında iştirak edir. Bundan əlavə, Azərbaycan Hökuməti ilə Özbəkistan, Qazaxıstan, Ukrayna və Türkiyə hökumətləri arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Həmçinin 2001-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb. 3 mart 2006-cı ildə Bakıda imzalanmış və Azərbaycan Respublikasının 30 may 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı» əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə böyük təsiri olub.

(davamı var)

Xəbər xətti