Region mediasında çalışan jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib

18:30 - 21 İyun 2018 - Cəmiyyət

Regional İnsan Hüquqları və Media Mərkəzi region mediasında çalışan jurnalistlər üçün məlumatlandırma sessiyası keçirib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.  Mingəçevir Media Mərkəzində  keçirilən tədbirdə Bərdə, Mingəçevir, Yevlax, Ağdam, Ağdaş, Ucar, Oğuz və Tərtər rayonlarının çap və elektron mediasında çalışan 12 jurnalist iştirak edib.

Təşkil olunan tədbirin məqsədinə toxunan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün mahiyyətinin, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının sadə dillə və anlaşıqlı şəkildə region mediasında çalışan jurnalistlərə çatdırılmasının hədəfləndiyini qeyd edib: “Hasilat sənayesində şəffaflığın təmin olunması, ictimai nəzarətin gücləndirilməsi üçün əhalinin maarifləndirilməsi vacibdir. Düşünürük ki, hasilat sənayesi ilə bağlı məlumatların sadə dillə əhaliyə çatdırılması üçün jurnalistlərə mövzu ilə bağlı seminarların keçirilməsi faydalı olacaq”.

Tədbirdə məruzə ilə çıxış edən iqtisadçı Azər Mehtiyev vurğulayıb ki, Azərbaycanda neft hasilatı ilə bağlı ilk məlumatlara erkən orta əsrə aid mənbələrdə rast gəlinir: “1847-ci ildə isə dünyada ilk dəfə olaraq Bibiheybətdə neft quyusu qazılıb. 1901-ci ildə isə 11,5 milyon ton neft hasil edilib.  Açıq dənizdə ilk neft hasilatı da Azərbaycanın adı ilə bağlıdır. 1949-cu ildə Xəzər dənizindən neft çıxarılmasına başlanılıb. 1994-cü il sentyabrın 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında", sonradan "Əsrin müqaviləsi" adını alan Saziş imzalanıb. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin istismara verilməsi ilə ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürüb”.

Ekspert qeyd edib ki, 2016-cı ilədək ölkədə neft-qaz hasilatı ilə bağlı 35 Hasilatın Pay Bölgüsü Sazişi (HPBŞ) imzalanıb: “Bunlardan 18-i fəaliyyətdə olub, 17-si isə fəaliyyətini dayandırıb. Fəaliyyətdə olan sazişlərdən 6-sı dənizdə, 12-si quru ərazilərdə olan yataqların hasilatı ilə bağlı olub. AŞG HPBS-nə düzəliş edilərək və yenidən işlənərək 2017-ci ilin sentyabrın 14-də yenidən imzalanıb. Sazişin müddəti 2050-ci ilədək uzadılıb.  Həmin sazişə görə, mənfəət neftinin 75 faizi Azərbaycana çatacaq. Amma 1994-2015-ci illərdə imzalanmış hasilatın pay bölgüsü sazişləri üzrə ölkəmizin neft-qaz sektoruna, ümumilikdə, təqribən 62 milyard dollardan artıq sərmayə qoyulub. 2017-ci ilin sonunadək neft-qaz sazişlərinin icra olunması hesabına Dövlət Neft Fonduna, ümumilikdə, 137.8 milyard ABŞ dolları məbləğində vəsait daxil olub ki, bunun 90 faizindən çoxu  “Əsrin müqaviləsi” sazişinin hesabınadır. 2006-2017-ci illərdə HPBS üzrə podratçı şirkətlər dövlət büdcəsinə 13,4 milyard AZN (yaxud təqribən 10 milyard ABŞ dollarından çox) məbləğində vəsait ödəyiblər ki, bunun da 95 faizinə qədəri “Əsrin müqaviləsi”nin payına düşür.  Beləliklə, HPBS-nin icrası hesabına 2017-ci ilin sonunadək Azərbaycan  təqribən 148 milyard ABŞ dolları məbləğində  xalis gəlir əldə edib. Bunun təqribən 110 milyard dolları (dövlət büdcəsi və birbaşa layihələr vasitəsi ilə) ölkə iqtisadiyyatına yönəldilib”.

Azər Mehtiyev qeyd edib ki, uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub: “Təbii sərvətlər sayəsində əldə edilən gəlirlərin şəffaflığının təmin edilməsi onlardan səmərəli istifadəsinin əsas amillərdən biridir. Amerika, Asiya və Afrikanın təbii resurslarla zəngin ölkələrin əksəriyyətində bu resursların istismarının ilk illərində (əsrin 60-70-ci illərində) nəzərə çarpan müsbət tendensiyalar qısa bir müddətdən sonra (əsrin 80-ci illərində) tamamilə əks xarakterli meyllərlə əvəzləndi. Bu ölkələrdə iqtisadi artım templəri kəskin şəkildə aşağı düşdü, əhalinin həyat səviyyəsi daha da ağırlaşdı və yoxsulluq səviyyəsi yüksəldi, dövlət borcları artdı. Bu kimi problemlərin önlənməsi üçün zaman-zaman müxtəlif təkliflər səsləndirilirdi. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü isə 2002-ci ilin sentyabrında keçirilən Davamlı İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın Baş Naziri Toni Bleyr tərəfindən irəli sürüldü. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan qlobal standartdır. Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olmaqla yanaşı, həm də 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə  Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan edib. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.

Azərbaycanın 2013, 2014 və 2015-ci illər üzrə hesabatının yeni MHŞT Standartının tələbinə uyğun hazırlandığını vurğulayan ekspert 2016-cı il üzrə HSŞ hesabatı barədə də iştirakçılara məlumat verib.
Məruzəçi daha sonra tədbir iştirakçılarına HSŞ-nin mahiyyəti, vətəndaşların HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar barədə məlumat verib. 

Sonda  çıxış edən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev tədbirdə verilən informasiyaların jurnalistlərin gələcək fəaliyyəti üçün əhəmiyyətli olduğunu bildirib. 
Region mediasında işləyən jurnalistlər üçün ilk dəfədir Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü ilə bağlı tədbir keçirildiyini qeyd edən Fərman Nəbiyev cəmiyyətə neft gəlirləri və əldə olunan vəsaitin necə xərclənməsi ilə bağlı məlumatın sadə dillə çatdırılmasında təlimin mühüm rol oynayacağını qeyd edib. 
Sonda isə tədbir iştirakçılarının sualları cavablandırılıb.


Xəbər xətti