Ali Hərbi Məktəbdə məzunlarının buraxılışı keçirilib- Fotolar

10:25 - 21 İyun 2018 - Xəbər

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr olunmuş mərasim keçirilib.

Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, nazirliyin yüksək rütbəli zabitləri, ictimaiyyət nümayəndələri və məzunların yaxınları iştirak ediblər.
Mərasimdə çıxış edən Zakir Həsənov hərbi məktəbi bitirən məzunları təbrik edib. Nazir qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır: "Ordumuzun gücünü artıran onun savadlı və bacarıqdı zabitlərinin olmasıdır. Ölkə başçısı cənab İlham Əliyev zabitlərimizə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bir neçə gündən 500-dən çox zabitimiz evlə təmin olunacaq".

Nazir qeyd edib ki, hərbi qulluqçular üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir: "Aprel döyüşləri və bir müddət əvvəl Naxçıvanda həyata keçirilən əməliyyatlar onu göstərdi ki, ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir".
Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.
Onlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.


Xəbər xətti