ELM təşkilatı illik hesabatını verdi

17:22 - 15 İyun 2018 - Xəbər

ELM Gənclərin Sosial İntellektual İnkişafına dəstək İctimai Birliyi illik yekunları ilə bağlı hesabat tədbiri keçirdi. Tədbirdə BDU-nun əməkdaşları, gənc alimlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və s. iştirak edirdilər. Tədbiri giriş sözü ilə təşkilatın direktoru Səbuhi Abdullayev açdı. O, ilk olaraq Ramazan bayramı münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi, eyni zamanda 15 iyun Milli Qurtuluş Gününün və bu günün səbəbkarı ulu öndər haqqında qonaqlara ətraflı məlumat verdi. Sonra ulu öndərin Azərbaycan müstəqilliyini necə qoruyub saxladığı haqqındakı qısametrajlı film nümayiş etdirildi. Daha sonra təşkilatın bir il ərzində gördüyü işlər, əldə edilən uğurlar haqqında məlumat verildi. Tədbir çərçivəsində təşkilatın nəzdində fəaliyyət göstərən Master Academy tədris mərkəzinin təşkil etdiyi kurslarda iştirak edib magistratura imtahanlarında yüksək nəticə göstərən tələbələrin nailiyyətlərindən danışıldı. Bildirildi ki, Aziyeva Günay və Qurbanova Nərminə (28-ci proqram – Riyaziyyat), Güləhmədov Orxan (31-ci proqram - Fizika üzrə) I yer, Səmədzadə Səmədağa (49-cu proqram – Hüquq) II yer, Həsənova Raziyə (38-ci proqram - Dil-ədəbiyyat) III yer və s. nəticə göstəriblər. Ümumilikdə isə müxtəlif ixtisaslar üzrə respublika üzrə yüksək yerlər tutan 40-dan çox tələbə diplom və sertifikatla təltif olundu. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Elmir Abdullayev gənclər təşkilatının uğurlu fəaliyyəti haqqında öz fikirlərini bildirdi və gənclərlə görülən işlərə görə öz məmnunluğunu ifadə etdi. Təklif etdi ki, təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin QHT-lər üzrə Qrant layihələrində iştirak etsin. YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov isə həm təşkilat, həm də tədris mərkəzinin fəaliyyəti haqqında danışdı, görülən işlərin nəticəsinin yüksək olduğunu vurğuladı. Digər çıxış edənlər təşkilatın hesabatını dolğun hesab etdilər, tədris mərkəzinin göstərdiyi yüksək nəticələrdən məmnunluqlarını dilə gətirdilər.

Xəbər xətti