“Azərbaycanın valyuta bazarı çox kiçikdir”

19:00 - 14 İyun 2018 - Cəmiyyət

Rəşad Həsənov: “Böyük ehtimalla may ayında valyutaya tələbin azalmasında müəyyən qədər şopinq festivalının keçirilməsinin də təsiri var idi”
Samir Əliyev: “Azərbaycanda dollar bolluğunun kökü dünya bazarındakı neftdən asılıdır”


Əhali 1 ayda 545 milyon 660 min dollar alıb. Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411 milyon 732 min ABŞ dollarının xalis satışını həyata keçirib. Mərkəzi Bankın statistikasına görə, bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur. Apreldə əhali banklardan 545 milyon 660 min dollar alıb, banklara 133 milyon 928 min dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb. 2018-ci ilin yanvar-fevral aylarında aylarında əhalidən dollar alışı satışı üstələdiyi halda, mart və aprel aylarında əks proses baş verib. Maraqlıdır, bu artım, dəyişiklik nə ilə əlaqədardır?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirdi ki, yanvar-fevral aylarında maliyyə bazarlarında vəziyyət nisbətən sabit olub. “Belə olan halda isə, məzənnə ilə bağlı risklər olmadıqda vətəndaşlar öz əllərində olan valyutanı digər valyutalara dəyişməyə, eyni zamanda konversasiyası ilə bağlı daha rahat qərar qəbul edirlər. Proseslər və Maliyyə bazarlarında iştirakçılar nisbətən aktiv olur. Belə şəraitdə də banklara satılan valyutanın həcmi, o cümlədən ABŞ dollarının həcmi artır”.
İqtisadçı deyir ki, mart ayından etibarən situasiya nisbətən dəyişibdir: “Biznes nümayəndələrində seçkilərdən sonra məzənnəyə yenidən baxılması ilə əlaqədar bir qənaət formalaşdı. Bu qənaət daha çox ölkədə ABŞ dollarının bahalaşması istiqamətində dinamika nümayiş etdirməsini göstərirdi. Daha sonra isə seçkilər ərəfəsində, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda rus rublunun müəyyən qədər dəyər itirməsi, bunun bir neçə gün kəskin hiss olunması daxili bazarlarda bu gərginliyi daha da artırdı. Oxşar proses həm Türkiyədə, həm İranda da baş verirdi. İran aprel ayında artıq valyuta ilə xarici ticarətə məhdudiyyətlərin tətbiq edilməsi, dollarla ticarətin dayandırılması və avroya keçilməsi, Mərkəzi Bankda limitlərin tətbiq olunması və s. kimi məsələlər başlamışdı. Bildiyimiz kimi, türk lirəsi də il ərzində sürətlə ucuzlaşmağa doğru irəliləyir, öz dəyərini itirir. Belə bir fonda bazar iştirakçılarının ölkə daxilində  dolların bahalaşması ilə bağlı qənaəti daha da gücləndi. Hansı ki, həmin dövrdə prosesə təsir edən digər faktlardan biri isə, dünya bazarında ABŞ dollarının öz mövqeyini möhkəmləndirməsi idi”. 

 R. Həsənovun sözlərinə görə, ABŞ dolları son iki ay ərzində digər dönərli valyutalara, o cümlədən inkişaf etmiş ölkələrin valyutalarına qarşı öz dəyərini əhəmiyyətli səviyyədə möhkəmləndirdi: “Bu fonda insanlarda müəyyən narahatlıqlar yarandı, təzyiq artdı. Eyni zamanda bu iki istiqamətdə təsir göstərdi – birincisi, vətəndaş və biznesin dollar tələbi yüksəlirsə daha çox dollar alır və yığımda daha çox dollara üstünlük verir. ikincisi isə onlar əllərində olan dolların xərclənməsi və onun satışı ilə bağlı gözləmə mövqeyinə keçirlər. Belə bir şəraitdə də təbii ki, banklara satılan dolların həcmi mart-aprel aylarında aşağı düşüb. Bu digər indikatorlarda da özünü göstərir. Amma may ayında artıq Dövlət Neft Fondu valyuta hərraclarına çıxardığı  dolların həcmini açıqlayıb. May ayında təxminən 422,7 milyon dollar satışı edibdir. Bu aprel ayı ilə müqayisədə iki dəfə azdır. Belə ki, Dövlət Neft Fondu aprel ayında 802 milyon dollardan artıq satış keçirmək məcburiyyətində qalmışdı. Bu isə onu deməyə əsas verir ki, artıq may ayının indikatorları nisbətən daha sabit olacaqdır. Maliyyə bazarlarına və monetar siyasətə aid olan bütün indikatorlarda müsbətə doğru dönüş müşahidə olunacaqdır”.

Burada turizmin də müəyyən qədər rolunun olduğunu vurğulayan iqtisadçı deyir ki, böyük ehtimalla may ayında valyutaya tələbin azalmasında müəyyən qədər şopinq festivalının keçirilməsinin də təsiri var idi: “Azərbaycan valyuta bazarları çox kiçikdir. Ən kulminasiya halında təxminən 1,5 milyard dolların döndüyü valyuta bazarlarıdır. Düzdür, söhbət 2015-ci ildə baş verənlərdən getmir. Çünki həmin dövrdə proses sürətləndi, 2015-ci ilə qədər əhalinin bütün yığımlarının təxminən 80 faizi manatla idi. Birdən-birə risk yarandıqda manat bazara yönəldi. Bu başqa bir məsələdir. Amma ondan sonrakı dövrdə yığım səviyyəsi azaldı, çünki əhalinin gəlirləri kəskin şəkildə dəyərsizləşibdir. Bu dəyərsizləşmə də yığım imkanlarını azaldıbdır. Eyni zamanda ondan qabaqkı dövrdə əhali öz aktivlərinin böyük hissəsini xarici valyutalara keçirib. İndiki halda daha çox cari cəhətdən yaranmış bir dövriyyədən söhbət gedir. Bu çox kiçik, hətta bəzi hallarda 500 milyona qədər düşür. Ona görə də hər hansı bir tədbirlər çərçivəsində təxminən 20-30 milyon ABŞ dollarının 1 ayda bazara çıxarılması belə bazarda müəyyən qədər təzyiqi azaltmaqla təklifi artırır. Və manatın məzənnəsinə müsbət təsir göstərir”.

İqtisadçı əlavə etdi ki, turizmdə bu il artımlar var: “Bu il ölkəyə daxil olan turistlərin sayında səhv etmirəmsə, ilin əvvəli ilə müqayisədə 11 faiz artım olub. Bu artımların özü də son nəticə ilə müqayisədə ölkədə turist xərcləmələrinin həcminə və dolayı yolla valyuta bazarlarında alternativ mənbələr hesabına tələbin qarşılanmasına gətirib çıxarır. Və nisbi sabitlik təmin olunur”. 

İqtisadçı Samir Əliyev isə bildirdi ki, dünya bazarında neftin qiyməti bahalaşıb: “Həmin dövrdə, yəni yaz aylarından başlayaraq neftin qiyməti artıb. Bu gün isə neftin bir barrelinin qiyməti 75-77 dollar arasında dəyişir oynayır. Hər bir halda Azərbaycanda dollar bolluğunun kökü dünya bazarındakı neftdən asılıdır. Düşünürəm ki, ölkəyə dollar gəlişinin artdığından dollar qıtlığı hiss olunmur. Mart ayından etibarən ölkəyə xeyli sayda gələn turistlərin də burda rolu oldu. Mənim fikrimcə, manatın dollarla nisbətdə sabit qalması ona gətirib çıxarır ki, banklar və əhali artıq manata müəyyən qədər önəm verməyə başlayır. Çünki dollarla əmanət qoymağın faizi aşağı olduğuna görə sərf etmir. Amma manatla 10 faizdən yüksəkdir”.

Könül Əhmədova

Xəbər xətti