“Gənclər artan boşanma hallarını görüb evlənməkdən qorxurlar”

18:32 - 14 İyun 2018 - Müsahibə

Rövşən Hümbətov: “Evlilikdən sonra eşq-məhəbbət 3-4 il ərzində mövcud olur sonra isə yavaş-yavaş azalmağa doğru gedir”
Lalə Mehralı: “Yüksək boşanma statistikası bizə çoxdan xəbərdarlıq edirdi ki, evliliklərin sayında da azalma müşahidə ediləcək” 


1995-2012-ci illərdə Azərbaycanda orta hesabla hər 8-9 nikaha 1 boşanma düşüb. Rəsmi statistikaya görə, 2013-cü ildən başlayaraq bir tərəfdən nikahların sayı azalmağa başlayıb, o biri tərəfdən isə boşanmaların sayı sürətlə artıb və artıq 2017-ci ildə orta hesabla 4 nikaha 1 boşanma düşüb. 2012-2017-ci illərdə nikahlar 20% azalıb, boşanmalar isə 31% artıb. Maraqlıdır, bu rəqəmlər niyə bu qədər dəyişir? Bunun kökündə hansı problemlər durur? Problemin qarşısını almaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Rövşən Hümbətov bildirdi ki, hər bir insanın arzusu normal ailə qurub, həyatını xoşbəxt şəkildə davam etdirməkdən ibarətdir: “Ancaq son illərdə boşanmaların sayının artması bəzi suallar ortaya çıxarır. Səbəb nədir? Əvvəllər boşanmada ailə daxili münaqişələr əsas rol oynayırdısa da, indi isə sadəcə evlilik yorğunluğu, ailə yükünü daşıya bilməmək və s. kimi faktorlar ailələrin dağılmasında əsas rol oynamağa başlayıb. Araşdırmalara görə, evlilikdən sonra eşq-məhəbbət 3-4 il ərzində mövcud olur, sonra isə yavaş-yavaş azalmağa doğru gedir. Bu müddətdən sonra cütlüklər arasındakı münasibət sevgiyə, dostluğa, yoldaşlığa çevrilirsə, ailə münasibəti davamlı olur, yox bunu etmək mümkün olmursa, o zaman boşanma qaçılmaz olur. Boşanmaların hazırda kökündə duran ən vacib səbəblərdən biri ailə quran cütlüklər arasında mədəni uyuşmanın aşağı olmasıdır. Ailə quranlardan biri varlı, digəri kasıb, biri gənc, digəri yaşlı ola bilər. Bu cütlüklər arasında adətən o qədər də problem yaratmır. Ancaq mədəni düşüncə fərqliliyinin olması, ailə daxili problemlərin yaranmasına səbəb olur. Bunun da ən vacib göstəricisi kimi təhsil və dünya görüşləri arasındakı fərqləri göstərə bilərik. Yəni iki insanın təhsil və dünya görüşləri arasındakı fərqlər nə qədər böyükdürsə, həmin ailələrin dağılma ehtimalı bir o qədər çox olur. Buna görə də partnyor seçimində və ailə qurduqda qarşı tərəflə münasibətlərdə mədəni düşüncə uyğunluğuna çox diqqətlə yanaşmaq lazımdır. Bu gün boşanmaların yüksək olması da ailə qurduğumuz zaman həmin bu fərqlərə diqqət etməməyimizlə əlaqədardır”.

R. Hümbətovun sözlərinə görə, problemin qarşısının alınmasında ən vacib məsələ ailə qurarkən intellektual düşüncə səviyyəsi eyni və ya oxşar olan insanlar arasında seçimin edilməsidir: “Çünki mədəni, intellektual, düşüncə uyğunluğu olan insanlar birlikdə oturub danışa bilir, problemləri müzakirə etməyi bacarırlar. Araşdırmalar sübut edib ki, evliliklər adətən ilk 6 ildə daha çox sonlanırlar və ilk 6 ili keçirdikdən sonra boşanma faizləri aşağı düşür. Növbəti krizis vaxtları isə 20 ildən sonra yaranmağa başlayır və 20 il keçəndən sonra yenidən gərginlik perioudu başlaya bilir. Bütün bunların da əsas səbəbi evlilik yorğunluğunun ortaya çıxmasıdır. Bu yorğunluq səhvinə düşməmək üçün ilk öncə evlilikdə empatiya qurulmalıdır. Özünü partnyorunun yerinə qoyaraq, hadisələrə onun gözündən baxmaq və onun keçirdiyi hissləri anlamaq evlilikdə olan riskləri azaldır”.

Psixoloq deyir ki, bunlardan başqa tez-tez qohum, qonşu, dost ailə ziyarətləri evliliyin dinamikasına müsbət təsir göstərir: “Çünki bu partnyorlar arasında ünsiyyəti yaxşılaşdıraraq, ortaq paylaşılan dəyərləri artırır və evliliyi monotonlaşmağa qoymur. Problemlərin qarşısını alınmasında digər bir önəmli məqam tənqidlərdə və mübahisələrdə işlənilən sözlərin çox ehtiyatla seçilməsidir. Məsələn, ev dağınıq olanda bu evin vəziyyəti çox pisdir, pintisən demək əvəzinə, evin dağınıq olması məni narahat edir kimi daha az qıcıqlandırıcı sözlərdən istifadə etmək daha məqsədə uyğundur. Belə olan halda qarşı tərəf müdafiəyə keçmək yerinə, məsuliyyət hisslərini artırmaq barədə düşünəcəkdir”.

R. Hümbətov əlavə etdi ki, evliliyinizin uzun ömürlü olması üçün əlinizdəkilərin dəyərini bilin, çünki bir çox insan əlindəkinin dəyərini onu itirdikdən sonra bilir: “Xoşbəxt olmaq üçün araya heç bir hədəf qoymayın, yəni uşağımız olsun və ya evimiz olsun daha xoşbəxt olacağıq kimi fikirlərdən uzaq olun. Yadda saxlayın ki, evlilik bir hədəf deyil, səyahətdir və onun hər anından zövq almaq gərəkdir”. 

“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, təhlükəli rəqəmlərdir, hətta hədələyici demək daha doğru olar: “Bu qədər yüksək boşanma statistikası bizə çoxdan xəbərdarlıq edirdi ki, evliliklərin sayında da azalma müşahidə ediləcək. Çünki cəmiyyətdə baş verən hər şey bir-biri ilə sıx əlaqədədir, bir vəziyyətin sonu digərinin başlanğıcı, və ya əksinədir. Evlənən hər 10 ailədən ən az 4-5-nin boşandığını görən subayın evlənmək üçün həvəsi, istəyi və ya marağı qalmır. Ailə qurmaq üçün ən vacib şərt olan güvən, etibar itir, gənclər bir-birinə inanmır, hamı bir-birinin qarşı tərəfdən umacağının olduğunu düşünür. Baxın, tərəflər evlənməyə qərar verir, toy hazırlıqlarına başlanılır, bundan sonra problemlər bulaq kimi qaynayır. Kimsə bir-birinə güzəştə getmək istəmir, alınacaq əşyaların, qızıl-zinətin ən bahalısını tələb edən qız da qalib olur, qaynana da istədiyi cehizi gətirtdirir. Bütün bunların fonunda tərəflər mənəvi böhran keçirdiklərinin fərqində olmurlar. Beləcə ailə qurulur, bundan sonra hər şey bir-bir gün üzünə çıxır – borclar, xasiyyətlər, çatışmazlıqlar və s. Bütün bunlardan sonra ailədə etibar, inam, güvən qalmır və ailə olmaqdan çıxırlar. Bu halda boşanmaqdan başqa çarə qalmır. Məşhur atalar sözündə deyildiyi kimi, gözü çıxan qardaşdan dərs almaq lazımdır. Gənclər də ətraflarındakı boşanma hallarını görüb evlənməkdən qorxurlar. Çünki evləndikdən sonra onları nəyin gözlədiyini təxmin edə bilmirlər – ya xoşbəxtlik, ya bədbəxtlik – heç birinə əmin deyillər”.

Könül Əhmədova

Xəbər xətti