Ana səhifə
11 Dekabr 2018

İqtisadi hüquqlar arasında ən əsas hüquqlardan biri mülkiyyət hüququdur

Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

İqtisadi hüquqlar arasında ən əsas hüquqlardan biri mülkiyyət hüququdur. Bu hüquq hüquqi dövlət quruculuğu istiqamətində önəmli rol oynayır və ölkə vətəndaşlarının əsas hüquqlarından biridir.
Mülkiyyət hüququ ən qədim hüquqlardan biridir. 1793-cü il Fransa konstitusiyasında göstərilirdi ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır.

Mülkiyyət hüququ Azərbaycan Respublikası konstitusiyasının 29-cu maddəsində öz əksini tapıb.  Bu maddədə bildirilir ki, hər kəsin mülkiyyət hüququ var. Daha sonra bildirilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
Mülkiyyətin ümumilikdə müxtəlif növləri müəyyənləşdirilib, onların heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Xüsusi mülkiyyət - əşya, əmlak dövlətə və ictimaiyyətə deyil, konkret bir şəxsə və ya şəxslər qrupuna məxsusdur. Lakin xüsusi mülkiyyət ümumi mülkiyyətin qarşılığı deyil. Ümumi mülkiyyət dedikdə ən azı bir neçə nəfərin mülkiyyəti  başa düşülür. Belə ki, ümumi mülkiyyəti də iki növə bölmək olar. Paylı mülkiyyət və birgə mülkiyyət. Paylı mülkiyyət dedikdə- yəni tutaq ki sizin iki otağınız var və siz də hər biriniz bir otağın sahibisiniz. Bu bütün dövlət sənədlərində də bu cür olur. Bu o deməkdir digər mülkiyyətçi, yəni ki digər otağın sahibi sizin icazəniz olmadan bu evlə bağlı heç bir qərar verə bilməz. Ancaq ona düşən bir otaq barəsində istədiyi qərarı verməkdə sərbəstdir.

Birgə mülkiyyət dedikdə isə - eyni mülkiyyətin 2 nəfərə məxsusdur. Məsələn tutaq ki, ər və arvad evləndikdən sonra ev alıblar. Bu onların ümumi birgə mülkiyyətidir.  Hər iki şəxs bu ev üzərində eyni qərarı vermək hüququna malikdir.

Daha bir mülkiyyət növü dövlət mülkiyyətidir. Adından da göründüyü kimi bu dövlətə məxsus olan mülkiyyətdir. Bu mülkiyyət üzərində sərəncam hüququ yalnız dövlətə məxsusdur. İctimai mülkiyyət də adından göründüyü kimi ictimaiyyətə məxsusdur və əsasən da qeyri-hökumət təşkilatları tərəfindən idarə olunur. 
Konstitusiyanın 29-cu maddəsində qeyd olunub ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Konstitusiyanın bu maddəsində həmçinin bildirilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz və əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu maddədə həmçinin qeyd olunub ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində də mülkiyyət hüququnun ümumi müddəaları əks olunub. Orada mülkiyyət hüququnun anlayışı bu cürdür: “mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.” Bu 3 hərəkət: sahiblik, istifadə və sərəncam vermək qədim Roma hüquqşünasları tərəfindən müəyyənləşdirilib. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu maddədə sərəncam hüququ da tənzimlənir. Bu maddənin 4-cü bəndində bildirilib ki, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Qeyd edək ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
Bu gün respublikada mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması və qeydiyyat xidmətlərinin daha səmərəli göstərilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi mühüm işlər görür. Dövlət Komitəsi əhaliyə geniş hüquqi məsləhət xidmətləri göstərilir. Vətəndaşlar, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan öncə təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilirlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirməkdir.
Ölkə prezidenti tərəfindən 2015-ci ildə daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan hüquqi sənədlərin siyahısının genişləndirilməsi ilə bağlı imzalanmış Fərmanlar da qeydiyyat sahəsinin inkişafında əvəzsiz rol oynayır. Bu Fərmanlar daşınmaz əmlakın qeydiyyatının sosial əhəmiyyətini bir daha artırıb, ölkə üzrə hüquqi baxımdan təhlükəsiz və etibarlı daşınmaz əmlak sahiblərinin sayının artmasına təkan verib.

 Torpaq üzərində mülkiyyət hüququnun tənzimlənməsi istiqamətində də mühüm işlər görülür. Dövlət başçısının verdiyi tapşırıqlardan biri və hazırda ölkə iqtisadiyyatı üçün aktual məsələlərdən biri hesab olunan torpaq fondunun dəqiq uçotunun aparılması, vaxtilə verilmiş torpaq sahələri üzərindəki uyğunsuzluqların aradan qaldırılmasıdır. Torpaq münasibətlərinin tənzimlənməsində dövlət siyasətinin əsas hədəfləri müasir idarəetmə üsulları tətbiq etməklə  torpaq ehtiyatlarından  səmərəli və qənaətli istifadənin təmin edilməsidir.
Ölkə prezidenti tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində imzalanmış yeni Fərmanı torpaqların elektron uçotunu yaratmaq, müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq, ondan daha səmərəli istifadəni təmin etməyi nəzərdə tutur. Fərmanla respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları da təsdiq olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin bu istiqamətdə ciddi fəaliyyətləri olub. Qeyd edək ki, bu qaydalar dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirməkdir

Tarix
14 İyun 2018 [18:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin