Müstəqil Azərbaycanın Memarı

09:50 - 15 İyun 2018 - Cəmiyyət

Görünür, hürriyyət təmsilçisi Prometeyin Qafqaz dağlarında zəncirbənd edil-məsi təsadüfi deyilmiş. Çünki xalqımızda bir Prometey ruhu mövcuddur. Azadlıq və istiqlal onun əzəli məqsədi olmuşdur. Güclü qəhrəmanlıq ideyası ilə silahlanmış Azərbaycan xalqı zaman-zaman əsarət zəncirini qırmaq üçün azadlıq uğrunda mübarizəyə qalxmış, istiqlal yolunda şəhidlər vermiş, öz şanlı və işıqlı qəhrəmanlıq tarixini yaratmışdır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illər bu tarixin ən parlaq səhifələrindəndir.
Ömrü cəmi 23 ay çəkən AXC ürəklərdə elə bir məşəl alovlandırmışdı ki, sovet rejiminin cəza-repressiya maşını da bu məşəli söndürə bilməmişdi. Moskvanın qanlı əlində parlayan xəyanət bıçağı istiqlalımızın bağrına saplansa da, Şərqdə ilk türk Respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Rusiya “yəcuc və məcucları” tərəfindən devrilsə də, istiqlal fikri yaşayırdı. Üçrəngli istiqlal bayrağı zahirən yox olsa da, mənən mövcud idi və onun eşqi ürəklərdə qalırdı. Çünki iki illik hüriyyət qovğası milləti özünə tanıtmışdı. Xalqımızın görkəmli oğlu M.Ə.Rəsulzadə uzaqgörənliklə deyirdi ki, bolşevizm yıxılacaq, imperiya parçalanacaq əcir millətlər bu dəfə əbədi qurtulacaq, öz müqəddəratlarının sahibi, azad və müstəqil olacaqlar.
Lakin azadlıq pay deyil və pay kimi verilmir, mübarizə ilə alınır, mübarizə və qan bahasına qazanılır. İllər bir-birini əvəz etdikcə tarix Azərbaycanın üçrəngli bayrağını yenidən qaldıracaq azadlıq aşiqlərini yetişdirirdi. AXC Azərbaycan vətəndaşlarına qurtulmaq inamını təlqin etməkdə davam edirdi. Nəsillər arasındakı mənəvi əlaqə qırılmamışdı. Milli həmrəylik, içtimai ədalət və siyasi istiqlal təkcə köhnə müsavatçıların deyil, həm də yeni nəslin içtimai və siyasi şüurunu müəyyən etməkdə idi. İstiqlal Bəyənnaməsindəki demokratik əsaslar ilham qaynağı kimi qalmaqda idi.

1969-cu ildən bu işlər daha da sürətləndi, ölkəmizdə bir oyanış dövrü başladı. Məhz həmin vaxtlardan Azərbaycanda böyük istedadlar və mənəvi qəhrəmanlar qvardiyası yaranmağa başladı ki, bunların da önündə, şübhəsiz ki, Heydər Əliyev dururdu.
Qorxmaz, cəsarətli, qranit kimi möhkəm iradəyə malik H.Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəldi, simasızlaşmağa gedən millət oyandı, türk düşüncəsi silkələndi, beynəlmiləlçilikdən milliliyə dönüş başlandı, milli düçüncənin formalaşmasında misli görünməmiş işlər görüldü. Siyasi, iqtisadi və hüquqi sahədə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atıldı. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, öz əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, mədəniyyəti, milli adət - ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Onun Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi isə milli dövlətçilik arzularının və hisslərinin gücləndirilməsi oldu. Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə Moskvanın gözünü qamaşdırır, mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi. Bu, əslində xalqımızın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi.

Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən H.Əliyev siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradacaq faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Məsələn, ümummilli liderin hələ ötən əsrin 70-ci illərində Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də bunu təsdiq edir. O dövrdə Azərbaycanın özündə azərbaycanlılar hərbi kadr hazırlığına və hərbi elitaya yaxın buraxılmırdılar. Ölkəmizdə bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu məktəblərin minlərlə kursantı arasında yalnız beş-altı nəfər azərbaycanlı var idi ki, onların da çoxu "beynəlmiləl" ailələrin üzvləri idilər. Şübhəsiz, bu tendensiya H. Əliyevi narahat etməyə bilməzdi. Məhz onun şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artdı və bu sahədə milliləşdirmə prosesinə start verildi. Azərbaycanlı gənclər təhsil almaq üçün kütləvi şəkildə SSRİ-nin ali, o cümlədən hərbi məktəblərinə göndərilməyə başlandı.

Həmin dövrdə H.Əliyev milli hərbi kadr hazırlığı sahəsində çox ciddi bir addım atdı; Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın kütləvi xarakter almasına səbəb oldu. Ulu öndərin Azərbaycan dövlətçiliyi uğrunda fəal mübarizəsini xatırlayarkən riqqətə gəlməmək mümkün deyil. Onun gördüyü işlərin dövlət quruculuğundakı əvəzsiz rolunu bu günün prizmasından baxdıqda daha aydın və qabarıq görürük.
XX əsrin sonları yaxınlaşırdı. Ötən hər gün isə sovet imperiyasının iqtisadi və siyasi iflasına doğru aparırdı. M.Ə.Rəsulzadənin dediyi, H.Əliyevin gözlədiyi günlər gəlib çatmışdı. SSRİ deyilən bu yalan və rəzalət səltənətində dünyanı sarsıdan içtimai fırtnalar başlamışdı.
İmperiya ərazisindəki başqa xalqlar kimi Azərbaycan xalqı da yaranmış tarixi şəraitdən istifadə edərək üçrəngli bayrağı yenidən başı üzərinə qaldırıb istiqlal savaşına qalxdı. 1918-ci ildən başlanmış “Azərbaycan davası”nı davam etdirdi.

1991-ci ildə zamanın qanlı qasırğalarından müstəqil Azərbaycan Respublikası yüksəldi. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Əsrin əvvəllərində başlanmış hürriyyət və istiqlal savaşı əsrin sonlarında zəfərlə başa çatdı. Əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.
Amma Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn fəlakətlər müstəqil Azərbaycan Respublikasını da hədələyirdi. Başabəla başçılarımızın səbatsızlıqları və bacarıqsızlıqları müstəqil Azərbaycan dövlətinin varlığını təhlükə qarşısında qoymuşdu. Məmləkətdə qanunsuzluq, xaos, daxili çəkişmələr, hərc-mərclik artır, müharibədə uğursuzluqlar bir-birini əvəz edirdi. Müstəqil Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin faciəsi gözləyirdi. Xalqı və dövləti bu faciələrdən ancaq bir nəfər qurtara bilərdi – xalqımızın malik olduğu potensialın, qabiliyyətin, şüurun və milli təfəkkürün bariz mücəssəməsi olan Heydər Əliyev !

H.Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Azərbaycan xalqı belə bir dövrdə Şah İsmayıl Xətaidən sonra 500 illik tarixində əvəzi olmayan dahi şəxsiyyətini, bütün mənalı həyatını xalqına və onun dövlətçiliyinə həsr etmiş uzaqgörən siyasətçisini, zəngin dövlətçilik təcrübəsi olan müdrik oğlunu – H.Əliyevi hakimiyyət başına gətirdi. Tarixdə oxşarı olmayan bir qayıdış baş verdi. H.Əliyev xalqın sabaha olan inamını özünə qaytardı.
Sanki H. Əliyev Bozqurd kimi Tanrı tərəfindən göndərilmiş rəhbər və xilaskardır. Hər dəfə ölkə zor duruma düşəndə ortaya çıxır, xalqı və məmləkəti xilas edir. Təsadüfi deyil ki, böyük qırğız yazıçısı Ç.Aytmatov onu tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.
H.Əliyev yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik modelini hazırladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Eyni zamanda özünün möhtəşəm milli dövlətçilik ideyalarını həyata keçirməyə başladı. Bu müddətdə müharibədə atəşkəsin və ölkədə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə islahatlar proqramının həyata keçirilməsinə start verildi. Dünyanın 8 ölkəsinin 11 şirkəti ilə dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynayan “Əsrin müqaviləsi” bağlandı. Müstəqil Azərbaycanın konstitusiyası qəbul edildi, dövlət quruculuğunun hüquqi bazası yaradıldı. Ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik ideallarının bərqərar olmasına yönəldi. Qələmin gücü H.Əliyevin nəhəng dövlət quruculuğu işlərindən təfsilatı ilə bəhs etməyə yetməz.

Ulu öndərimiz təkcə qüdrətli Azərbaycan dövlətini yaratmadı, həm də onun əbədiliyini təmin edən mükəmməl dövlətçilik ideologiyasının əsasını qoydu. Onun müəyyən etdiyi strateji xətt gələcəkdə də Azərbaycanın simasını və inkişaf istiqamətlərini müəyyənləşdirəcəkdir.
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ordu quruculuğu siyasətini də davam etdirdi. Qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan dövlətinin ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Müstəqilliyimizin qarantı olan Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən orduları ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir.
Bu gün dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli liderin, müasir və modern Azərbaycan Ordusunun yaradıcısı H.Əliyevin siyasi kursu uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Bunu Aprel döyüşləri də aydın göstərdi. Şübhəsiz ki, şanlı ordumuz qısa müddətdə işğal olunmuş torpaqlarımızı da düşmən tapdağından azad edəcəkdir.

Əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədi və dönməz edilməsi isə ancaq ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
O, müstəqil Azərbaycan Respublikasını yırtıcı əllərin pəncəsində parçalanmaqdan xilas etdi. Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - dedi. Özünün möhkəm siyasi iradəsi, qətiyyəti, müdrikliyi ilə vətəndaş müharibəsini söndürdü, ölkədə içtimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyini qoruyub möhkəmləndirdi. Dünya planetimizin ən görkəmli siyasətçilərindən biri olan H.Əliyevin dilindən Azərbaycan həqiqətlərini eşitməyə və duymağa başladı: ”Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...”

H.Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev deyir: “Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik. Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.
Artıq 27-ci ildir ki, Azərbaycan xalqı müstəqillik dövrünü yaşayır. Müstəqillik illərində ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrəti ötən hər gün güclənmiş, vətənimiz sürətlə inkişaf etmiş, bütün sahələrdə yüksək göstərici və nəticələr qazanılmışdır. İndi Azərbaycan dünyada söz və nüfuz sahibi, sabit, inkişaf edən, iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünya birliyində öz layiqli yerini tutmuş bir dövlətə çevrilmişdir.

İmran Verdiyev,
Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına
tam orta məktəbin direktoru, Əməkdar müəllim

 

Xəbər xətti